Rəhim Əlihüseyn oğlu Hüseynov () — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikasının 2-ci Baş naziri (1992–1993).

Həyatı Rəhim Əlihüseyn oğlu Hüseynov 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatmışdır. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olmuş R. Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirmişdir. O, təhsilini davam etdirmək üçün Moskvaya gedir. 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olur. 1959-cu ildə Moskva Polad İnstitutunu metallurq-mühəndis kimi bitirən R. Hüseynov vətənə qayıdaraq Azərbaycan Boru-Prokat zavodunda əmək fəaliyyətinə başlayır. 1959–1962-ci illərdə R. Hüseynov bu zavodda əvvəl usta köməkçisi, sonralar isə boru-prokat sexində usta, sexin baş texnoloqu, rəisi vəzifələrində çalışmışdır.

R. Hüseynov 1962–1965-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində çalışmışdır.

R. Hüseynov 1965–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 1974–1978-ci illərdə bu idarənin rəisi, 1978–1989-cu illərdə isə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində çalışmışdır.

1989–1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olmuşdur.

R. Hüseynov Azərbaycan SSR Ali Sovetinin sessiyalarının, Azərbaycan KP qurultaylarının, MK plenumlarının nümayəndəsi olmuşdur.

1992-ci il mayın 14-də Ali Sovetin sessiyası çağırılmışdır. Bu sessiyada Xocalı faciəsi üzrə komissiyanın qərarı elan olunmuş, A. Mütəllibov prezidentliyə qaytarılmış və təklif edilmişdir ki, bu sessiyada baş nazir də seçilsin. Respublikanın tanınmış iqtisadçısı kimi R. Hüseynovun namizədliyi irəli sürülmüşdür. R. Hüseynov Azərbaycan Respublikasının baş naziri seçilmişdir.

R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın baş naziri vəzifəsində çalışmışdır.

AXC hakimiyyəti dövründə könüllü olaraq baş nazir vəzifəsindən getmişdir.

2023-cü ilin noyabrın 12-də vəfat edib. "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunub.

Elmi-təşkilati fəaliyyəti 1990-cı ildə yaranan ictimai təşkilatlardan biri də Azərbaycan Alimlər və Mühəndislər Birliyi olmuşdur. R. Hüseynov həmin birliyə yarandığı gündən bəri sədrlik edir. 1994-cü ildə isə Beynəlxalq "Xəzər" fondu təşkil olunmuşdur. Onun təsis konfransında R. Hüseynov yekdilliklə fondun prezidenti seçilmişdir və ona başçılıq edir. Eyni zamanda o, 1994-cü ildən Beynəlxalq Alimlər və Mühəndislər Birliyinin vitse-prezidentidir.

Təltif və mükafatları "Qırmızı əmək bayrağı", "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Rəhim Hüseynovun "Karyera"sı: "İki gündə iki dəfə Baş nazir təyin olundum" Rəhim Hüseynovun "Karyera"sı: "İndiki nazirlər heç bilinmir hardan gəlib nazir olublar" — II HİSSƏ

Kateqoriya:Azərbaycan baş nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları