Ukrayna 2019 Avroviziya Mahnı Müsabiqəsində — Ukraynanın 2019-cu il Avroviziya Mahnı Müsabiqəsində iştirakı. Ukrayna Təl-Əviv şəhərində keçirilən 2019-cu il Avroviziya Mahnı Müsabiqəsində iştirak etməmişdir. 2019-cu ilin milli seçim turu, səsvermənin nəticələrinə əsasən qalib gələn MARUV-un Ukraynanı Təl-Əvivdə təmsil etməkdən imtina etməsi ilə əlaqədar olaraq böyük ictimai rezonansa səbəb olmuşdur. Buna Ukrayna yayımçısı tərəfindən müsabiqənin siyasiləşdirilməsi və müqavilənin ağır şərtləri əsas gətirilmişdir. Baş verənlərdən sonra "UA:İctimai Yayım" şirkəti müvafiq olaraq ikinci və üçüncü yerləri tutan "Freedom Jazz" və "KAZKA" kollektivlərinə müraciət etmişdir, onların hər biri bu təklifi rədd etmişdir.Бенд Freedom Jazz відмовився представляти Україну на «Євробаченні-2019» // Детектор медиа, 26 февраля 2019Kazka відмовила НСТУ у пропозиції поїхати на «Євробачення-2019» // Детектор медиа, 27 февраля 2019Brunettes Shoot Blondes не згоден представляти Україну на «Євробаченні-2019» // Детектор медиа, 27 февраля 2019 27 fevral 2019-cu il tarixində "UA:İctimai Yayım" şirkətinin həmin il müsabiqədə iştirakdan imtina etmək barədə qərar qəbul etdiyi məlum olmuşdur.

Qalmaqal Ukraynanın müsabiqə üzrə milli seçim turunun final mərhələsinə üç ifaçı vəsiqə qazanmışdır. Onların arasında 2019-cu ilin aprel ayı üçün Rusiyada konsert proqramları planlaşdırılan MARUV, həmçinin solisti Rusiya Federasiyası vətəndaşı olan, lakin bir neçə ildir Ukrayna ərazisində yaşayan "YUKO" qrupu yer alırdı. 20 fevral 2019-cu il tarixində Ukrayna Baş nazirinin müavini Vyaçeslav Kirilenko Ukrayna xalqını və ölkənin milli yayımçısını Təl-Əvivdəki müsabiqədə iştirakdan imtina etməyə çağırmışdır. Onun bəyanatına görə, Rusiyanın şəhərlərində fəal şəkildə qastrol səfərlərində olan ifaçılar müsabiqədə ölkəni təmsil etməməlidilər. Sonradan "STB" yayımçısı Rusiya ərazisində çıxış edən iştirakçıları seçim turundan kənarlaşdırmaq niyyətində olmadığını bildirsə də, gələcəkdə seçim qaydalarının dəyişdirilməsi ehtimalını istisna etməmişdir. Ukrayna Mədəniyyət Nazirliyi də məsələyə münasibət bildirərək, Ukrayna rəhbərliyinin seçim prosesinə müdaxilə etməyəcəyinə dair söz vermişdir.

23 fevral 2019-cu il tarixində MARUV-un milli seçim turunda qələbə qazanmasından sonra, Avroviziya Mahnı Müsabiqəsi üçün ölkə təmsilçisini müəyyənləşdirən Ukrayna Milli İctimai Teleradio Şirkəti (NTU) ifaçının qələbəsinə baxmayaraq, onun müsabiqədə iştirakı ilə bağlı yekun qərarı 48 saat ərzində qəbul edəcəyini açıqlamışdır. Bu qərar sənətkarın Rusiyadakı qastrol səfərləri ilə bağlı sualları cavablandırmasından sonra verilməli idi. Daha sonra NTU-nun müğənni MARUV-a Rusiyada qastrol səfərlərini qadağan edən bəndin də daxil olunduğu bir müqavilə təqdim etdiyi məlum olmuşdur. 25 fevral tarixində MARUV NTU tərəfindən ona təqdim olunan müqavilənin bəzi bəndlərini özünün "Instagram" sosial şəbəkə hesabında paylaşmışdır. Sənətkar müqavilə şərtlərinin sərtləşdirilməsi səbəbindən müsabiqədə iştirakdan imtina etmişdir.

26 fevral 2019-cu il tarixində final səsverməsinin nəticələrinə görə ikinci yeri tutan "Freedom Jazz" qrupunun da Ukraynanı 2019-cu il Avroviziya Mahnı Müsabiqəsində təmsil etməkdən imtina etdiyi bəyan olunmuşdur. Kollektiv bu barədə özünün "Facebook" səhifəsində məlumat paylaşmışdır. 27 fevral 2019-cu il tarixində NTU, milli seçim turunun finalında üçüncü yeri tutan "KAZKA" qrupuna müsabiqədə çıxış etməyi təklif etmişdir. Lakin qrup bu təklifdən boyun qaçırmışdır. Kollektiv verdiyi açıqlamada milli seçim turuna bu məqsədlə qatıldıqlarını, lakin hər nəyin bahasına olursa-olsun qələbə qazanmaq niyyətində olmadıqlarını qeyd etmişdir. Qrup öz missiyasını musiqi vasitəsilə insanları birləşdirmək, nifaq salmamaq kimi qiymətləndirmiş və NTU-nun təklifinə qəti olaraq 2019-cu ildə "Avroviziya"ya getməyəcəkləri cavabını vermişdir.

27 fevral 2019-cu il tarixində final səsverməsində dördüncü yeri tutan "Brunettes Shoot Blondes" qrupu da müsabiqədə mümkün iştirakdan imtina etmişdir. Qrup üzvləri "Instagram" səhifələrində yaydıqları bəyanatda NTU-nun onlarla əlaqə saxlayıb-saxlamadığı barədə çoxlu mesajlar aldıqlarını bildirmiş və qabaqcadan bəyan etmişdirlər ki, əgər onlara "Avroviziya-2019" müsabiqəsində iştirakla bağlı təklif gələrsə, bunu rədd edəcəklər. Onlar qrupun milli seçim turunda qalib gəlmədiyini və bu səfərin onlara aid olmadığını vurğulayaraq, pərəstişkarlarından bu qərarı anlayışla qarşılamalarını xahiş etmişdilər.

27 fevral 2019-cu il tarixində Ukrayna Milli İctimai Teleradio Şirkəti 2019-cu ildə keçirilən müsabiqədə iştirak etməmək barədə qərarı rəsmən təsdiqləmişdir.

İstinadlar

Kateqoriya:Ukrayna Avroviziya Mahnı Müsabiqəsində