450px|thumb|right|Alban Həvari kilsəsinin tarixi mərkəzləri və yepiskopluqları Alban Apostol Kilsəsi (AAK) və yada Alban Həvari Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir.

Tarixi Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı.Fəridə Məmmədova. Qafqaz Albaniyası və albanlar. Bakı, 2006 thumb|273x273px|Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə Qafqaz Albaniyasında yerləşən bəzi Monastırlar Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir. Onu da qeyd etməliyik ki, bu dövrdə başqa kilsə rütbələrindən hələ söhbət ola bilməzdi.Azərbaycan tarixi. 7 cilddə: II cild, Bakı, 2007

Qafqaz Albaniyasında xristianlığın yayılması

Qafqaz Albaniyasında xristian icmalarının IV əsrdən xeyli əvvəl, xristianlıq dövlət dini elan edilməmişdən öncə yaranmış ölkələr sırasındadır. Mənbələrin verdiyi məlumata görə, eramızın ilk əsrlərinin başlanğıcında Yerusəlimdən (Qüdsdən), Suriyadan ilk xristian missionerləri, həvariləri (apostolları) və həvarilərin şagirdləri Albaniyaya gəlmiş, ilk xristian icmaları yaranmışdı. Yenə də alban ənənəsi xristianlığın yayılmasında bir – birini əvəz edən iki dövrü qeyd edir: həvari dövrü adlanan birinci mərhələ həvarilərdən Müqəddəs Faddeyin, Müqəddəs Varfolomeyin və Müqəddəs Faddeyin şagirdi Müqəddəs Yeliseyin adı ilə bağlıdır. IV əsrə kimi davam edən bu dövrü şərti olaraq siryanipərəst dövrü adlandırılır. İkinci (yunanpərəst) mərhələ Maarifçi Qriqorinin və alban hökmdarı Urnayrın adları ilə bağlıdır.

Erməni-qriqoryan kilsəsindən fərqli olaraq Alban Apostol kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin patriarxlığı ilə bağlı olub. Bu baxımdan Alban Apostol kilsəsi, kökü həmçinin Yerusəlim kilsəsi ilə bağlı olan gürcü kilsəsinə bənzəyir.

Xristianların I–II əsrlərdə Yerusəlimdən Şimal-Şərqdə və Şərqdə geniş təbliği həvari Müqəddəs Paveldən sonra həvarilərdən Müqəddəs Fomanın, Müqəddəs Andreyin, Müqəddəs Varfolomeyin, həvari Müqəddəs Fomanın qardaşı Ardayın (Adday-Fadday-Faddey) və Müqəddəs Faddeyin şagirdləri – Müqəddəs Yeliseyin və Marın adları ilə bağlıdır.

Bu həvarilər və onların şagirdləri Suriyada (mərkəz – Antioxiya), kiçik ellin dövləti olan Osroyenada (mərkəz – Edessa), Nisibində, Mesopotamiyada (İkiçayarasında), Kiçik Ermənistanda, eləcə də Şərqdə və Şimal-Şərqdə – İranda (Sələvkiyə – Ktesifonda), Cənubi Qafqaz ölkələrində – Gürcüstanda, Qafqaz Albaniyasında təbliğat aparırdılar.

Beləliklə, xristianlığın Şərqdə daşıyıcıları aramilər (Suriya əhalisi) oldu. İncil təliminin siryanilərin (suriyalıların, aramilərin) köməyilə şərq ölkələrində yayılması çox vaxt onların ticarət həyatında oynadıqları rolla izah edilir. Aralıq dənizi ilə Yaxın və Uzaq şərq ölkələri arasında fəaliyyət göstərən köhnə su və quru ticarətinin çox hissəsi siryanilərin əllərində idi. Ta qədimdən ticarətlə məşğul olan siryanilər ticarət əməliyyatlarını həyata keçirərkən eyni zamanda yeni görüşün yayıcısına çevrilir, xristian təliminin hər yerə çatdırılmasına yardım edirdilər.

Xristianlığın Qafqaz Albaniyasına nüfuz etməsi, burada erkən xristian icmasının yaranması, artıq qeyd edildiyi kimi, həm həvari Müqəddəs Varfolomeyin, həm də həvari Müqəddəs Faddeyin adları ilə bağlıdır. Moisey Kalankatulu xəbər verir: "Lakin, ədalət günəşinin çıxdığı vaxt yetişdikdə, xilasımız, dərkedilməz varlıq – Atamızın şöhrət və mahiyyətinin işığı hamımızın qeydinə qalmaq üçün bizim yanımıza gəlib heç vaxt ayrılmadığı varlığın şöhrətinə sahib olduqda, o, öz müqəddəs və sevimli şagirdlərini [dini] təbliğ etmək üçün dünyanın hər yerinə göndərdi. Şərq sakinlərinin bəxtinə Ermənistana gəlib, Artaz vilayətində Ermənistan hökmdarı Sanatrukun əzabla öldürdüyü həvari Faddey düşdü".

Alban tarixçisi Moisey Kalankatulu daha sonra yazır: "Onun (Faddeyin) şagirdi Müqəddəs Yelisey (Elişe) Yerusəlimə qayıdaraq, onun əzabları haqqında …digər həvarilərə danışır… Yelisey orada Yerusəlimin ilk patriarxı, [İsanın] qardaşı Müqəddəs Yakov tərəfindən təyinat alır. Yeliseyin payına Şərq düşür". Burada müəllif "digər həvarilər" dedikdə Müqəddəs Faddeyin, Yeliseyin və başqa həvarilərin fəaliyyətlərinin eyni zaman çərçivəsində, yəni I–II əsrlərdə baş verdiyini göstərmək istəyir. Gördüyümüz kimi, bu mətndə Şərq dedikdə, Albaniya nəzərdə tutulur. Moisey Kalankatulunun işlətdiyi "Şərq", "Şərq ölkəsi", "Şimal-Şərq" anlayışlarının tədqiqi onların Albaniyanı, Yerusəlimə nisbətlə xristian dünyasının Şərq hüdudlarında yerləşən albanlar ölkəsini bildirdiklərini sübut edir.

Həvari Müqəddəs Yelisey tərəfindən I əsrdə əsası qoyulmuş bu Kiş məbədi təkcə Azərbaycanın deyil bütün Qafqazın ən qədim kilsəsidir və Şərq kilsələrinin anası sayılır.

Moisey Kalankatulunun sonrakı məlumatına görə, boynuna Şərqdə təbliğat aparmaq düşən Yelisey "Yerusəlimdən İrana yola düşür, Ermənistanın yanından ötüb, maskutların [ölkəsinə] gəlir və öz təbliğatına Çolada başlayır. Buradan o, Uti vilayətinə gəlir. Müqəddəs patriarx (Yelisey) Gisə gələrək burada kilsə yaradır, ona təmiz, qansız qurban gətirir. Bura, biz Şərq sakinlərinin kilsələrinin əsası qoyulduğu yer, ilk mənəvi mərkəzimiz, ziya aldığımız ilk məkandır". Göründüyü kimi, müəllif Müqəddəs Yeliseyin keçdiyi yolu çox dəqiq təsvir etmişdir; o, Yerusəlimdən, İrandan və görünür ki, Adurbadaqandan keçərək, Ermənistana daxil olmadan, onun yanından ötmüş, Xəzər dənizinin qərb sahilinə çıxmışdır. Məlum olduğu kimi, mətndə adları çəkilən Çola Albaniyanın Şimal-Şərq ucqarında, Gis ölkənin Şimal-qərb ucqarında, yəni Kürün sol sahilində, Uti isə Kürün sağ sahilində yerləşirdi. Yeliseyin sağ sahil Albaniyasında da təbliğat aparması mətnin başqa yerlərindən olan məlumatla təsdiq olunur: "Bizim ziyalanmağımızın əvvəl səbəbi Yeliseydən olmuşdur. O, üç ölkənin – Çolanın, Lpinanın və həyatının əzabla başa yetdiyi Albaniyanın ilk maarifçisi idi". Xristian ədəbiyyatında, xristian ənənəsində Yelisey yalnız Faddeyin şagirdi kimi deyil, həm də peyğəmbər kimi tanınır.

Xristianlığın Ermənistana nisbətən Qafqaz Albaniyasında daha erkən yayılmasını yerli mənbə olan "Alban ölkəsinin tarixi" əsərində erməni katolikosu Avraamın albanlara ünvanlanmış məktubu sübut edir: "Bizimkindən əzəli olan alban [patriarxı] taxtı əvvəllər bizimlə (ermənilərlə) həmfikir idi". Başqa bir yerdə deyilir: "Yelisey orada (Albaniyada) təbliğat apardı və Ermənistandan əvvəl orada (Albaniyada) Gis kəndində kilsə tikdirdi. Bu kilsə Şərq kilsələrinin anası – metropoliya idi". Başqa bir misal: "Yunan təqviminin 43-cü ilində albanların (xristianlığı qəbul etməklə) maariflənməsindən 270 il sonra ermənilər də maarifləndilər".

Xristianlığın Qafqaz Albaniyasında təbliğinin ilk siryanipərəst dövründə İncil kəlamları Yaxın və Orta Şərqin bütün ölkələrində olduğu kimi, siryani (arami) dilində yayılırdı. Bu, yalnız həvarilər və onların şagirdlərinin deyil, həm də Suriya missionerlərinin fəaliyyəti ilə bağlı idi. Moisey Kalankatulu öz əsərində siryanipərəst dövr haqqında mühakimə yürütmək imkanı verən məlumatları təqdim etmişdir; Suriya rahiblərinin IV–V yüzillərdə Albaniyadakı fəaliyyəti, xristian abidələri üzərindəki arami yazıları haqqında olan xəbərlər belə məlumatlardandır.

Xristianlığın "yunanpərəst" II mərhələsi, yuxarıda qeyd etdiyimiz kimi, bütün Cənubi Qafqaz ölkələrində ümumi olsa da, müddəti və xüsusiyyətləri baxımından fərdi cəhətlərə malik idi; bu isə, sözsüz ki, siyasi səbəblərlə izah oluna bilər. Tədqiqatlar göstərir ki, alban, erməni və iber kilsələrinin Bizans kilsəsi ilə münasibətləri "siyasi şəraitlə bağlı işıqlandırılmalıdır; başqa sözlə desək, ölkənin [Şərqi Roma] imperiyasından siyasi asılılıq dərəcəsi kilsənin asılılığı səviyyəsində özünü göstərməlidir". Məlumdur ki, bu asılılıq Ermənistanda daha çox, İberiyada isə nisbətən az idi; Albaniyanın isə heç bir asılılığı yox idi. Ona görə də ellinpərəst Maarifçi Qriqori və onun nəvəsi Müqəddəs Qriqorisdən sonra Alban Apostol kilsəsi Yerusəlim kilsəsi ilə münasibətlərini davam etdirirdi. Bütün bunlar elmdə hakim olan fikrin – ilk xristian təbliğatçılarının Albaniyaya Ermənistandan göndərilməsi fikrinin əsassız olduğunu göstərir. Bu, sağsahil Albaniyası vilayətlərində fəaliyyət göstərən xristian təbliğatçılarının Ermənistandan, sol sahil Albaniyasının şimal – qərb vilayətlərinə (yəni İori və Alazan çayları arasındakı vilayətlərə) göndərilənlərin isə İberiyadan gəlmələri fikrinə də aiddir.

Məlum olduğu kimi, Sasanilər öz tabeliklərində olan Cənubi Qafqaz xristian xalqlarına sabit münasibət bəsləmirdilər. Xristianlığın Şərqi Roma imperiyasında (Bizans imperiyası) qələbəsi (IV əsrin əvvəlində) bu münasibəti daha da gərginləşdirdi. Sasani dövləti ərazisində rəsmi kilsə ilə mübarizə aparan müxtəlif xristian təriqətlərinin müdafiə edilməsi başlanıldı.

Moisey Kalankatulunun məlumatına görə, Alban Arşaki hökmdarları Urnayr, II Vaçe, III Vaçaqan müxtəlif bütpərəstlik dinlərinin köklərini kəsmək üçün şiddətli mübarizə aparırdılar. V əsr Aquen məclisində qəbul edilmiş qanunların ikisi xristianlığaqədərki dinlərin qalıqlarının təqib olunmasına həsr edilmişdi.

Avtokefallığı IV əsrin sonuna yaxın Qafqaz Albaniyasında özünəməxsus müəyyən subordinasiyası olan lazımi kilsə iyerarxiyası artıq təşəkkül tapmışdı. Bu da alban kilsəsinə alban kilsə başçısının təsdiqolunma mərasimini özü keçirməyə imkan vermişdi.Moisey Kalankatulu yazırdı: "Bizim [alban] katolikosunun təsdiqinə gəldikdə, müqəddəs Qriqoriyə qədər ilk [alban katolikosları] Yerusəlimdə təsdiq edilirdilər. Ondan sonra lap indi də bu mərasimi bizim yepiskoplar özləri keçirirlər" .Moisey Kalankatlı – Alban tarixi, Bakı, 1993 thumb|250px|right|Qafqaz Albaniyasında xristianlığın yayılmasında mühüm rolu olmuş və Şəki yaxınlığında şəhid edilmiş həvari Müqəddəs Yelisey. Afonlu Dionis tərəfindən çəkilmiş freska.