I Şah Təhmasibin Xəmsə əlyazması — Səfəvi şahı I Təhmasibin sifarişi əsasında Şah Mahmud Nişapuri tərəfindən 1539-1543-cü illərdə köçürülmüş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasıdır. Bu əlyazma həm də "Xəmsə əlyazması (1539-1543)" və "Britaniya Kitabxanası Or. 2265" adları ilə tanınır.

Əlyazma Təbriz miniatür məktəbinin və Səfəvilər dövrünün ən məşhur miniatürçü rəssamları tərəfindən çəkilmiş 14 mininatürlə bəzədilmişdir. Miniatürlərin çəkilməsində Sultan Məhəmməd, Ağa Mirək, Mir Musavvir, Mirzə Əli, Müzəffər Əli kimi sənətkarlar iştirak etmişlər. Əlyazmanı tədqiq etmiş A. Qazıyev qeyd edir ki, "XVI əsr Təbriz miniatür məktəbinin yetirmələri olan bu beş rəssamın əlyazmasında yer almış əsərləri mühüm tarixi-bədii əhəmiyyət kəsb edir. Milli irsin orijinal nümunələri kimi, bu miniatürlər bədii sənət nümunəsi olmaqla yanaşı etnoqraflar üçün də mühüm tədqiqat mənbəyidir." XVII əsrdə əlyazmaya Məhəmməd Zaman tərəfindən çəkilmiş daha üç miniatür əlavə edilmişdir.

Tarixi Tarixi-mədəni mühit

150px|thumb|left|Sultan Məhəmmədin Azərbaycan Milli Kitabxanası binasının lociyasında heykəli XVI əsrdə Yaxın Şərqin ən mühüm siyasi və mədəni mərkəzlərindən biri olan Təbrizdə Səfəvilər dövlətinin yaradılmasından sonra, uzun sürən daxili müharibələr nəticəsində dağıdılmış mədrəsə və kitabxanaların bərpa edilməsinə başlanıldı. Həmin dövrdə əsası qoyulmuş saray kitabxanası, mühüm bədii əsərlərin rəngarəng illüstrasiyalarla bəzədilmiş dəyərli əlyazma kitablarının toplanması və hazırlanması ilə məşğul olurdu. Kitabxana daxilində kitab incəsənəti ustalarının toplandığı bədii emalatxana da təşkil olunmuşdu. Beləcə XVI əsrin I yarısında böyük bir rəssamlar pleyadası Təbrizdə miniatür məktəbinin inkişaf etdirilməsinə təkan verdi. Bu dövrdə Təbrizdə fəaliyyət göstərmiş yerli rəssamlar arasında Sultan Məhəmməd Təbrizi, onun oğlu Mirzə Əli Təbrizi, Sultaniyyədən olan Mir Musavvir, onun oğlu Mir Seyid Əli və başqalarını göstərmək mümkündür. Bunlardan başqa, o zaman İranın başqa şəhərlərində doğulmuş, lakin Təbrizdə yaşamış və yaradıcılığa başlamış Ağa Mirək İsfahani, Heydər Əli, onun oğlu Müzəffər Əli Türbəti, xacə Abud Əziz Kaşani, Şeyxzadə Xorasani, Şah Məhəmməd İsfahani, Şah Mahmud Nişapuri və başqa kitab sənəti ustaları da paytaxta incəsənətin inkişafına təkan vermişlər. 200px|thumb|right|Şah I İsmayılın azərbaycan dilində divanının Britaniya nüsxəsi XVI əsrin 20-30-cu illərində, bütün Yaxın Şərqdə məşhur olan, Herat miniatür məktəbinin ən məşhur təmsilçisi Kəmaləddin Behzad da Təbrizdə yaşamış və fəaliyyət göstərmişdir. Fəaliyyətə Herat şəhərində başlamış və Teymuri hökmdarı Sultan Hüseyn Bayqaranın hakimiyyəti dövründə məşhurluq qazanmış bu sənətkar, XVI əsrin əvvəllərində fəliyyətini Şeybani xanın sarayında, daha sonra isə Təbrizdə Şah İsmayıl Xətainin yanında davam etdirmişdir. Təbrizdə, o, əsasən miniatür portretləri çəkmiş və yerli rəssamlara dərs keçmişdir. Böyük miniatürist, öz dövrünün ən qabaqcıl incəsənət xadimlərindən biri olan Behzad, 1522-ci ildə I İsmayılın xüsusi fərmanı ilə ölkənin baş kitabxanaçısı və incəsənət nəzarətçisi təyin edilmişdi.

XVI əsrdə Yaxın Şərq təsviri sənətində yeni istiqamət forması yaratmış Təbriz miniatür məktəbi, qonşu xalq və ölkələrin mədəniyyətinə də təsir etmişdir. Təbriz məktəbinin yetirmələri olan Vəlican Təbrizi, Şahqulu Təbrizi, Kamal Təbrizi, həmçinin I İsmayılın Çaldıran döyüşündə məğlub olmasından sonra güclə İstanbula aparılmış Şah Qasım Təbrizi və Zahirə Kəbir Qazizadə Osmanlı təbəəliyində fəaliyyət göstərmiş və I Sultan Səlimin himayəsi altında olmuşlar. Təbrizdə fəaliyyətə başlamış Mir Seyid Əli yaradıcılığını Hindistanda Sultan Hümayunun sarayında davam etdirmiş, və hökmdar tərəfindən “nadir-ül-mülk” adlandırılmışdır. XVI əsrin böyük xəttatı mövlanə Məhəmmədhüseyn Təbrizi, onun tələbəsi, şair, xəttat və rəssam olmuş Əli Rza Təbrizi və xəttat Məhəmməd Rza Təbrizi yaradıcılıqlarının son dövründə İsfahanda yaşayaraq fəaliyyət göstərmişlər.

Əlyazmalarının hazırlanma texnikası Yaxın Şərqdə əlyazma kitab incəsənətinə feodal cəmiyyətinin ən üst təbəqələrində yer tutan imkanlı şəxslər – hökmdarlar, şahzadələr və yüksək vəzifəli saray qulluqçuları diqqət yetirirdilər. Onlar, uzun müddət ərzində məşhur xəttatlar, rəssamlar və digər kitab sənəti ustaları tərəfindən hazırlanan bahalı əlyazmaların əsas sifarişçiləri idilər.

Yaxın Şərq ölkələri, o cümlədən, Azərbaycan ərazisində müxtəlif incəsənət sahələrini təmsil edən sənətkarların birgə fəaliyyəti nəticəsində ərzəyə gələn əlyazma kitablar incəsənətinin formalaşması sırf ali təbəqənin maraqlarına xidmət edirdi. Çünki, yalnız bu təbəqə incəsənət xadimlərini əsərin ərsəyə gətirilməsi üçün lazım olan duru və səhifə qızıl, gümüş, lyapis-lazur, əl istehsalı olan yüksək keyfiyyətli kağız kimi bahalı məhsullarla təmin edə bilirdi.

Sintetik incəsənət məhsulu olan bədii əlyazmaların hazırlanmasında müxtəlif bədii sənət təmsilçiləri – xəttatlar, rəssam-miniatürçülər, ornamentalistlər, bədii üzləmə ustaları – birlikdə fəaliyyət göstərirdilər. Bədii əlyazmaların hazırlanmasında mühüm rol oynayan bu mütəxəssislərdən başqa, kitab incəsənətinə zərgərlər, lakçılar, dəri deşənlər, ağ mərməri və rəngli kağız hazırlayan ustalar da töhfələrini verirdilər.

Müxtəlif sənət sahələrini təmsil edən və hər birinin müəyyən edilmiş vəzifəsi olan çoxsaylı ustaların ortaq işində, əlyazmasının ümumi stili və texniki kamilliyini təmin edin bir ardıcıllıq və qarşılıqlı əlaqə mövcud idi. Əlyazmasının hazırlanmasında əsas rolu xəttat oynayırdı. O, yalnız müəyyən mətni köçürməklə kifayətlənmir, həm də köçürdüyü əsəri redaktə edərək kamilləşdirir və dövrün tələblərinə uyğunlaşdırırdı. Mətni köçürən xəttat, əksər hallarda bilərəkdən bir neçə beyti buraxır, rəssam isə çəkdiyi miniatürlərdə həmin beytlərin yazılması üçün xüsusi yerlər ayrır və çərçivəyə alırdı ki, rəsmlərin tamamlanmasından sonra həmin beytlər də əlyazmaya əlavə edilsin. Beləliklə, əsərin ümumi məzmunu ilə tanış olmayan oxucu beylə, miniatürlərin yanında verilmiş kiçik beytləri oxumaqla, təsvir edilən hadisədən xəbər tuta bilirdi.

230px|thumb|right|Əlyazmasında "Leyli və Məcnun" poemasının Mahmud Şah Nişapurinin xətti ilə yazılmış səhifəsi. Xəttat və əlyazmasının kalliqrafiya xüsusiyyətləri

“Xəmsə”nin bu unikal əlyazmasını köçürmüş xəttat, “Zərrinqələm” ləqəbi ilə də tanınan mövlanə Nizaməddin Şah-Mahmud Nişapuri xəttatlığı dayısı olan nəstəliq xətti üzrə ustad mövlanə Abdullah Nişapuridən öyrənmişdir. Ömrünün böyük bir hissəsini I Şah İsmayıl və I Şah Təhmasibin saray xəttatı olaraq keçirmişdir. Müasirlərinin verdiyi məlumata görə, Şah Mahmud həm də şerlər yazmış və bu işdə dayısı xəttat Abdinin tələbəsi olmuş, lakin xəttatlıqda onu geridə qoymuşdur.

Şah Mahmudu şəxsən tanımış və 1550-ci illərin ikinci yarısından onun yanında xəttatlığı öyrənmiş Qazi Məhəmmədin sözlərinə görə, bu xəttat yazı sənətində özünə tay tanımırdı. O, həm böyük (cəli), həm də kiçik (hafi) xəttlə yazılmış çoxlu sayda qitənin müəllifidir. O, həm də I Təhmasib üçün çox kiçik xəttlə (qubrar) yazılmış “Xəmsə” əlyazmasının müəllifidir. Qazi Əhmədin məlumatına görə bu əlyazması ustad Behzadın rəsmləri ilə bəzədilmişdir.

Qazi Əhmədin verdiyi məlumata görə, Şah Mahmud cavan yaşlarından I Təhmasibin sarayında qulluğa başlamışdır. Bir müddət o ölkənin paytaxtı olan Təbrizdəki Nəsiriyyə mədrəsəsində yaşamışdır. O, yazır: “Saturn ləyaqətli hömdar yazı və rəsm işindən yorularaq, hökmdarlıq və dövlətin vacib işləri ilə məşğul olmağa başladıqda, mövlanə, məzuniyyət alıb müqəddəs Məşhəd şəhərinə gəldi...burada o, Cahar-ba mədrəsəsində məskunlaşdı; burada o ziyarətlə məşğul olmuş, eyni zamanda qitələr də yazmışdır...Beləcə təxminən iyirmi il həyat sürən ustad 972-ci ildə Məşhəddə vəfat etmiş və xəttat Sultan Əli Məşhədinin yanında dəfn edilmişdir.”

Bu sənətkarın nəstəliq xətti ilə yazdığı əlyazmalar hazırda London, Paris, İstanbul, Tehran, Daşkənd, Sankt-Peterburq və başqa şəhərlərdə saxlanılır. 942-ci ildə (1536) Şah Mahmud tərəfindən Təbrizdə Şah İsmayıl Xətainin Divanının Azərbaycan dilində nəfis əlyazma nüsxəsi köçürülmüşdür.. Nizami Gəncəvi “Xəmsə”sinin 1539-1543-cü illərə aid olan nüsxəsini Şah Mahmud dörd il ərzində tamamlamışdır. Bir çox xəttatlar kimi, poetik bacarığa da malik olan Nişapuri, köçürdüyü mətnə bəzi düzəliş və əlavələr də etmişdir. Əlyazmasının mətninin Nizami əsərlərinin Vəhid Dəstgerdi tərəfindən nəşr edilmiş tənqidi mətnləri ilə müqayisə edilməsi də bu fikri təsdiqləyir.

Təsviri 330px|thumb|left|Mirzə Əlinin əl işi olması güman edilən, duru qızılla işlənmiş heyvan və bitki təsvirləri əlyazmasının bütün səhifələrini bəzəyir. Əlyazmasında Nizami Gəncəvi “Xəmsə”sinə daxil olan beş poema tam şəkildə yer almış və miniatürlərlə bəzədilmişdir. Dəbdəbəli həll edilmiş bu əlyazmasının miniatürləri I Təhmasibin saray kitabxanasında çalışmış beş Təbriz rəssamının fırçasına aiddir: Sultan Məhəmməd, Ağa Mirək, Mirzə Əli, Müzəffər Əli və Mir Seyid Əli. Dekorativ kompozisiyası, rəng koloriti, insan, heyvan və bitki təsvirlərinin ifadəliyi, həmçinin üstün kompozisiya quruluşu və personajların geyimlərinə görə bu rəssamların işləri bir-birindən seçilir. İncə yerli tonlarda çəkilərək orijinal formada yerləşdirilmiş, bitkilərlə örtülmüş böyük qayalı dağlar, möhtşəm forma və rənglərə malik çiçəklər, bəzən qızılı çalara malik səma, öz yaradıcılığında tamlıq və dəbdəbəyə can atan bu miniatürçülərin bədii idealını əks etdirir.

Zəngin ornamentlərlə bəzədilmiş, qızılı naxışlara malik titul və şmutstitul səhifələrinə malik bu əlyazma, hər iki tərəfdən nəstəliq xətti ilə yazılmış 396 səhifədən ibarətdir. Əlyazmasının cilalanmış kağızı fil sümüyü çalarına malikdir. Bütün səhifələrin boş hissələri, biri digərindən bir qədər tünd yaşıla çalan duru qızılla heyvan və bitki siluetləri ilə bəzədilmişdir. A. Qazıyev qeyd edir ki, əlyazmasının bütün dekorativ-təsviri bəzəkləri Mirzə Əli Təbrizi tərəfindən həyata keçirilmişdir. N. Zamanov da, A. Qazıyevin fikri ilə razılaşaraq Mirzə Əlinin əlyazmasının dekorativ-təsviri bəzəklərini həyata keçirdiyini qeyd edir. Əlyazması ilkin cildindən 1737-ci ildə çıxarılmış və yeni cildə yerləşdirilmişdir.

Miniatürlərdə bəzi friz və portallarda yerləşdirilmiş yazılar, adətən süls və kufi xəttləri ilə yazılsa da, bu əlyazmasında belə yazılar da nəstəliq xətti ilə yazılmışdır. A. Qazıyev qeyd edir ki, “miniatürlər üzərindəki mətnlərə əsasən demək olar ki, əlyazmasının hazırlanması zamanı xəttat və rəssamların işi əla koorinasiya edilmişdi. Əlyazmasının Xəttatı olan Şah Mahmud Nişapuri mətni köçürərkən misralar və beytləri elə hesablamışdır ki, müəyyən beytlər məhz aid olduqları miniatürlərin yerlşdiyi səhifələr üzərinə düşmüşdür. Səliqə ilə miniatürlərin kompozisiyasına daxil edilmiş bu mətn parçaları onları əlyazmanın ümumi sturkturu ilə birləşdirərək vahid hala gətirmişdir." Səlist oxunan gözəl nəstəliq xətti ilə yazılmış beytlər miniatürlərin ümumi informativliyini tamamlayaraq, miniatürdə təsvir olunmuş hadisənin konflikt və dramatizmini anlamağa kömək edir. Əlyazmasında rəssamların imkanlarını məhdudlaşdıran əsas şərt, bütün miniatürlərdə kompozisiyaların vertikal şəkildə qurulması tələbidir. Bu tələb, əlyazmasını tərtib edənlərin oxucunun rahatlığını təmin etmək istəyindən doğsa da, bədii baxımdan bəzi miniatürlərin horizontal kompozisiyada təsviri daha səmərli olardı.

Əlyazmasında miniatürlərin hər birinə ayrıca səhifə ayrılması, onları faktiki olaraq, müstəqil sənət əsərlərinə çevirmişdir. Onlar əlyazmasında kənarda da öz həyatını yaşaya biləcək dəzgah əsərlərinə bənzəyir. Miniatürlərdən bəzilərində rəssamların adı qeyd edilmişdir. Lakin, onların hamısı bir xəttlə yazıldığından, ehtimal ki, əlyazmasına ləvvah tərəfindən əlavə edilmişdir.

Miniatürləri