Məmmədcavad Süleyman oğlu Qasımzadə () — texnika elmləri doktoru, professor.
Həyatı Məmmədcavad Süleyman oğlu Qasımzadə Bakı şəhərində anadan olmuşdur. 1927-ci ildən neft mədənlərində əmək fəaliyyətinə başlayaraq, çilingər, böyük mühəndis köməkçisi işləmişdir.
1936-cı ildə "Azərneft" İB-nin qazıma şöbəsinə işə qəbul edilib. 1938-ci ildə "Neft və qaz quyularının qazılması" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsini bitirmişdir. 1940-cı ildən "Siyəzənneft" trestinin qazıma konturunda baş mühəndis, direktor, "Elektrokəşfiyyat" kontorunun rəisi, "Azərneft" İB-nin dənizdə qazıma trestində baş mühəndis, rəis müavini, "Azərneftkəşfiyyat" İB-nin rəisi olmuş, 1958–1959-cu illərdə Azərbaycan SSR neft sənayesi nazirinin birinci müavini işləmişdir.
Elmi fəaliyyəti Məmmədcavad Qasımzadə əsas elmi tədqiqat sahələri dəniz neft yataqlarının kompleks mənimsənilməsi, qazıma sürətinin artırılması texnologiyasının təkmilləşdirilməsi, qəzaların qarşısının alınması olmuşdur.
Məmmədcavad Qasımzadə 1959–1970-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutununda neft və qaz quyularının qazılması üzrə direktoru müavini, 1971-ci ildən isə "Quyuların qazılması texnologiyası" şöbəsinin rəhbəri işləmişdir. 1961-ci ildə "Azərbaycanın ərazilərində neft-mədən və qaz quyularının konstruksiyalarının sadələşdirilməsi və yüngülləşdirilməsi" mövzusunda namizədlik, 1969-cu ildə isə "7000m və daha artıq dərinlikdə quyuların qazılmasının bəzi problemləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
100-dən artıq elmi məqalənin və 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 5 müəlliflik şəhadətnaməsi almışdır. "Lenin" mükafatı laureatı, "Azərbaycan SSR əməkdar mühəndisi", "SSRİ fəxri neftçisi" adlarına layiq görülmüşdür. İki dəfə "Qırmızı əmək bayrağı", həmçinin "Şərəf nişanı" ordenləri və medallarla təltif edilib.
İstinadlar
Kateqoriya:Texnika elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:SSRİ-nin fəxri neftçiləri