"Geniş açılmış gözlərlə" (, Einayim Pkuhot) — İsrail rejissoru Haim Tabakmanın 2009-cu ildə, dram janrında çəkilmiş filmi. Filmin ssenarisi israilli ssenari müəlifi Merav Doster tərəfindən yazılmışdır. Filmdə səslənən musiqi isə, fransalı bəstəkar Nataniel Mexali tərəfindən bəstələnmişdir. Film Yerusəlimin ətrafındakı qədim Mea Şearim rayonunda yaşayan iki haredim — ultraortodoksal yəhudi kişilər arasında baş vermiş sevgi hisləri haqqındadır. Film 14 may 2009-cu ildə Böyük Britaniyada Peccadillo Pictures şirkəti tərəfindən tamaşaçılara nümayiş olunmuşdur. Film İsrail, Fransa və Almaniyanın birgə istehsalı hesab olunur.
Film iki dekorasiyalı poetik ibrətli hekayə xarakterinə malikdir. Rejissor Tabakmanın əsas məqsədi, minimalistik metodlar ilə bədii fikirin tam şəkildə ötürülməsi idi. Rejissor bir neçə sadə ştrix vasitəsilə baş qəhrəmanların gizlin emosiya tufanını, gərginliyini və xarakterlərini müvəffəqiyyətlə nümayiş etdirə bilmişdir.
Filmdəki süjet səhnələrinin çəkilişləri Yerusəlimdə və Tel-Əviv-Yaffo şəhərlərində reallaşdırılmışdır. Misal üçün, Aaronun qəssab dükanı qismində, Tel-Əvivin centrifikasiya edilmiş Yerusəlim bulvarında yerləşən Zalman ət dükanının interyerlərindən istifadə olunmuşdur. Gecə səhnələrinin əksəriyyətinin çəkilişləri Yerusəlimdəki Heleni ha-Malka küçəsində aparılmışdır. Aaronun ailəsi ilə yaşadığı ev, eləcə də Ezrinin keçmiş sevgilisi ilə görüşdüyü və sonda döyüldüyü qaranlıq keçid səhnəsi isə köhnə Yerusəlimin Yo'el Moşe Salomon küçəsində çəkilmişdir.
Süjet
Aaron, Yerusəlimdə yaşayan ortodoksal evli yəhudi və dörd uşaq atasıdır. O, çox vicdanlı və yəhudi icmasının hörmətli bir üzvüdür, amma yaşının çiçəkləndiyi bir dövrdə, mənəvi olaraq sıxıntılı, boz və cansız bir həyatdan əziyyət çəkir. Atasının vəfatından sonra, o, qəssab dükanının bütün işlərini öz üzərinə götürür, lakin təkbaşına bacarmayacağını anlayan Aaron yeni işçi götürməyi qərara alır və bu haqda elanı dükanın pəncərəsinə yapışdırır. İyirmi iki yaşındakı evsiz və tənha Ezri isə Yeşiva tələbəsidir. Bir gün o, keçmiş sevgilisi ilə danışmaq üçün Aaronun mağazasına daxil olur və oradakı telefondan istifadə etməyi xahiş edir. Elanı oxuyan Ezri, mağazada köməkçi qismində işləmək istədiyini Aarona bildirir, lakin dükan sahibi bu təklifi rədd edir. Növbəti gün sinaqoqa daxil olan Aaron, Ezrini küncdəki skamyada yuxuladığını görür. Aaronun ona yazığı gəlir və mağazaya dəvət edərək, işləməyinə razı olduğunu söyləyir. Aaron Ezrini tələbə olaraq yanına götürür və onun dini tədqiqat və eskiz incəsənətinə olan istedadını qiymətləndirərək, onu daim həvəsləndirir.
İki kişi arasında intim əlaqələr, Ezrinin şəhərin ətrafında yerləşən göldə ritual yuyunma dəvətindən sonra baş verir. Aaronun sədaqətli həyat yoldaşı Rivka, əvvəlcə ərinin yeni şagirdi olan Ezrinin ailə dairəsinə daxil olmasını alqışlayır. Bir axşam Aaron Ezridən portretinin çəkməyini xahiş edir. Bu vaxt Ezri öz hislərinə hakim ola bilməyərək Aaronu öpmək istəyir, ancaq o, dostunun bütün israrlı hərəkətlərinin qarşısını alır. Lakin çox keçmədən Aaron şagirdinə eyni hisləri duyduğunu anlayır və qəssab dükanında onu görən kimi öpərək, onunla cinsi əlaqə ilə məşğul olur. Ərinin son vaxtlar evə gec gəldiyini görən Rivka ondan şübhələnməyə başlayır. Ailənin yaxın tanışı hesab edilən yerli ortodoksal yəhudi icmasının hörmətedilən dini xadimi ravvin Vaisben, Aarona, işə qəbul etdiyi yeni şagirdi Ezrinin yerli Yeşivanın birindən xaric olunması haqda məlumat bildirərək, onunla çox sıx ünsiyyət bağlamamağı tövsiyə edir. Aaron buna baxmayaraq şagirdini həmişə müdafiə edəcəyini deyir. Ərinin Ezri ilə birlikdə gecə saatlarında mağazanı tərk etdiyini görən Rivka getdikcə daha da narahat olur. Haredim icmasında yaşadığına görə dindar insan olan Aaron, bir tərəfdən ailə və tanrısına olan sədaqət, digər tərəfdən isə Ezriyə duyduğu sıx məhəbbət hisləri arasında parçalanır.
Sinaqoqda keçirilən moizələr zamanı, həmçinin vaxtaşırı olaraq mağazaya edilən reydlər zamanı, icma üzvləri Aarona, Ezrinin hər kəs üçün pis nümunə və hətta lənət olduğunu bildirirdilər; yerli insanlar Ezrinin onlardan uzaq durmasını xəbərdarlıq etməyə başlayırlar. Ezri haqda müxtəlif elan və xəbərdarlıqlar məhəllədə yaşayan insanlara broşür şəklində paylanılır və onlar qəssab dükanını baykot edirlər və dükanda satılan ət məhsullarının Kaşrut normalarına zidd olduğunu özündə ehtiva edən yalan məlumatlar çap edirlər. Artan sosial, ticarət və ailə təzyiqləri altında, Aaron sevgilisi Ezri ilə əlaqələri kəsməyə çalışır, lakin bunu bacarmır. Ravvin Vaisben ilə qarşı-qarşıya çıxan Aaron dözməyərək, yalnız indi özünü canlı hiss etdiyini deyir. Ezri sabahısı gün qonşu küçələrin birində keçmiş sevgilisini görür və onunla danışmağa çalışır, lakin onun yanındakı dostlar Ezriyə hücum edərək onu vəhşicəsinə döyürlər. Aaron hücumun şahidi olsa da, ora müdaxilə etməməyi qərara alır. Aaron döyülüb yerdə yıxılan Ezriyə təsəlli verməyə çalışır və bu vaxt onların hər ikisi Ezrinin icmanı tərk etməyin vaxtının gəldiyini dərk edirlər. Buna baxmayaraq, vidalaşma günü, Aaron sevdiyi insanı bir daha görməyəcəyindən çox təsirlənir və həyat yoldaşından yaranmış vəziyyəti başa düşməsini və onu müdafiə etməsini xahiş edir. Rivka onu bağışlayır və bağrına basır.
Sübh tezdən Aaron bir vaxtlar Ezri ilə yuyunduğu müqəddəs gölə qayıdır. O bir az göldə üzdükdən sonra uzun müddətə suyun altına dalır və bu vaxt filmin kamerası qaralır və tamaşaçılar üçün baş qəhrəmanın boğulması və ya sağ qalması naməlum qalır.
Fəlsəfi interpretasiya
Pessimistik rakurslar: Homoseksuallıq hazırkı fundamental yəhudiliyin üzləşdiyi ən dərin və həllinə yönəlmiş sualların ən az cavab tapdığı problemlərdən biri sayılır. Homoseksualizm meyli və ya statusu ilə bağlı müxtəlif fikirlərin mövcud olmasına baxmayaraq, mühafizəkar ravvinlərin cari razılığı müəyyən edir ki, homoseksual münasibətlər (əlaqələr) Halaxaya, yəni yəhudi qanununa uyğun edilə və yəhudi qanunu ilə bəyənilə bilməz. Ravvinlər tərəfindən qəbul edilmiş qadağalar içərisinə, kişinin başqa bir kişi ilə anal seks ilə məşğul olmasıdır və bu, yehareg veal yaavor yəni "günah iş görməkdənsə ölmək yaxşıdır" kateqoriyasına daxil olur. Əhdi Ətiqin bu kiçik kateqoriyasına həmçinin cinayət, bütə sitayişetmə, zina və yaxın qohumu ilə evlənən münasibət də daxildir. Talmuda görə, homoseksualizm yəhudi olmayanlar üçün də yasaqdır və bu qayda Nuhun Universal Qanunlarında cinsi məhdudlaşdırmalarla bağlı hissədə yer alır. Konsensusa və ümumi razılığa gəlməyin mümkün olmadığı ictimai konservativlik, homoseksual və heteroseksual rakursları ilə filmdə müxtəlif və olduqca zəngin şəkildə nümayiş olunmuşdur. Belə ki, Aaronun ailəsi ilə qonşuluqda yaşayan Sara adlı cavan bir qızın, atasının onu başqasına vəd etməsinə baxmayaraq, gizli şəkildə və qorxu içərisində İsrael Fişer adlı sevdiyi kasıb gənc oğlan ilə görüşməyə davam etməsi səhnəsi, əslində həddindən ziyadə dindar yəhudi icma camaatının pozğunluğu hansı ənənəvi üsullar ilə yatırtdıqlarını bariz şəkildə tamaşaçıya təqdim edir. Filmdəki səhnələrin birində, icmanın ravvini, Aaronu və daha bir neçə tanışlarını özü ilə götürərək, Saraya aşiq olan İsrael Fişerin yaşadığı evə dəvətsiz daxil olurlar. Gənc oğlanı və onun yaşlı anasını təhdid edərək, qızla münasibətlərə birdəfəlik son qoymağı ondan tələb edirlər. Gərgin söhbətə qoşulan Aaron, öz növbəsində, Saranın atası tərəfindən pis qarşılan bu münasibətlərin olduğu kimi davam edəcəyi təqdirdə, evlərinə əxlaq polisinin qəfildən hücum edəcəyini və yaşadıqları evin yararsız vəziyyətə salınacağını xəbərdar edir. Filmdəki bu cür xoşagəlməz anları yağış və zülmət qaranlıqlı gecə səhnələri izləyir. Onlar metaforik və məcazi mənada mühafizəkar birliyin təzyiqlərini və bu cür həyat tərzində yaşamağa məcbur olan insanların pessimistikliyini simvolizə edir. Optimistik rakurslar Tamaşaçılar filmdə neqativ anlarla yanaşı, həm də yəhudi həyatının təqdirəlayiq məqamlarını da görə bilərlər; burada bütün ailə üzvlərinin bir masa arxasında bayram naharlarının sadə sevinclərini, etiqadlarından asılı olmayaraq, Talmud siniflərində bütün sadə vətəndaşların Ravvin ilə birgə əl-ələ şən nəğmələr oxumalarını görmək mümkündür.
Filmdə Aaronun Ezri ilə olduqca ehtiraslı və dolğun cinsi əlaqəsi, onun öz həyat yoldaşı Rivki ilə yaşadığı daha monoton, solğun və yeknəsəqli fiziki münasibətləri ilə tez-tez müqayisə edilir.
Aaronun işlədiyi ət dükanı, ictimai və özəl həyatın bağlayıcı həlqəsı rolunda çıxış edir. Kaşrut prinsiplərinə ciddi şəkildə riayət etməklə, o, yaşadığı cəmiyyət üçün müstəsna və önəmli rol oynayır və insanları son dərəcə təmiz yeyinti məhsulları ilə təmin edir. Aaronun ailə ocağı isə, dükan və qəssabın baş çəkdiyi digər şəhər lokasiyaları ilə maraqlı kontrast təşkil edir. Gözə çarpacaq dərəcədə hiss edilən bu kontrastın başlıca səbəbi, adi həyatda qadınlara dindar yəhudi cəmiyyətində ayrılmış əhəmiyyətsiz rol ilə Aaronun evinin daxilindəki bütün məkanın həyat yoldaşı Rivkaya geniş şəkildə təqdim edilmiş imtiyazlardadır. Mea Şearimdəki bütün tikililərdə olduğu kimi, Aaronun mənzili də olduqca kiçik və dardır, lakin həyat yoldaşının malik olduğu zirəklik, qənaətcillik və ixtiraçılıq xüsusiyyətləri səbəbindən, interyerlər olduqca səliqəli və rahat görünür. Ortodoksal inanclara görə, ev qadına məxsus bir məkandır və filmdə bu olduqca aydın hiss olunur; Rivka yorulmadan təsərrüfat üzrə işlərlə məşğul olur, uşaqlarına qayğı göstərir və ailəsini xoş təamlar ilə bol yedirtmək üçün səy göstərir. Rivka, buna baxmayaraq, ailəsi üzərində təhlükənin olduğunu hiss etdiyi zaman, mənzildə sahib olduğu imtiyazlardan və məhdudlaşdırılmış formada əri üzərində olan hakimiyyətdən (misal üçün gündəlik yeməyin hazırlanması və ya sekslə məşğul olma privilegiyası), incə metodlar ilə mütləq şəkildə istifadə edir. Filmdə Rivkanın "incə pressinqi" bir neçə dəfə nümayiş olunmuşdur (Talmuda görə, aybaşını bitirəndən sonra ərli qadınlara kompromissiz şəkildə verilən cinsi əlaqə ilə məşğul olma tələbini,Rabbi Avram Reisner, Observing Niddah In Our Day: An Inquiry On The Status Of Purity And The Prohibition Of Sexual Activity With A Menstruant, Committee on Jewish Law and Standards, Rabbinical Assembly, December 6, 2006 Rivka ərinə olduqca soyuq və qaba üsulda deyir). Ezrinin nə cür insan olmasını dəqiqləşdirmək məqsədilə evinə dəvət edən Rivka, özünü ən başdan qətiyyətli tərzdə Aaronun sevimli arvadı və uşaqların anası olaraq təqdim edir və Ezri tərəfindən gələcəkdə ediləbiləcək xəyanət manipulyasiyalarından sanki xəbərdar olduğuna görə, böyük şabbat masası arxasında oturarkən, şən abu havanı Ezriyə demonstrasiya edir və bununla da ailəsinin stabilliyi və dağılmazlığını şübhəsiz fakt kimi altından xətt çəkir. Neytral rakurslar Filmdə biz həmçinin Tövratın qanunları ilə tam qapalı həyat sürən Yerusəlimin yəhudi icmasının güzəranını sanki daxildən seyr edirik. Burada insanlar evlənir, onların çoxsaylı uşaqları dünyaya gəlir, qadınlar bütün həyatı boyu öz həyat yoldaşlarına məişətdə xidmət göstərirlər, hər dəfə, lazım olanda, hamılıqla sinaqoqa baş çəkirlər, şənbə gününü bayram edir, düzgün geyinir, mütləq şəkildə səlis ivrit dilində danışır, mənzilə, mağazaya daxil olarkən və ya oranı tərk edərkən qapının mezuzasını öpürlər. Bu olduqca köhnəpərəst düşüncə tərzi, əsrlər boyu qorunub saxlanılmış ətalətə, qanunlara, öncədən sanki formatlaşdırılmış həyat standartlarına zidd ola biləcək heç bir yeniliyi qəbul etmir. Əgər bir insan bütün ömrünü bir peşəyə sərf edərək, bütün ailə üzvlərinin namusunu cəmiyyətin haqlı qiymətləndirilməsindən asılı vəziyyətə salırsa və həmin cəmiyyətin müsbət baxışlarını əldə edə bilirsə, onu icmanın məsum və qəbahətsiz şəxsi kimi hörmət edirlər.