Yaşar Məhəmməd oğlu Aydəmirov () — Azərbaycan hərbçisi, general-leytenant (2002), Azərbaycan Respublikası müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini (1994–1995), 2-ci Ordu Korpusunun komandiri (1995–2000), Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin rəisi — Baş Qərargah rəisinin müavini (2000–2004, 2010–2013), Azərbaycanın Çin Xalq Respublikasındakı hərbi attaşesi (2004–2010).

Həyatı Yaşar Məhəmməd oğlu Aydəmirov 14 aprel 1955-ci ildə Quba rayonunun Digah kəndində anadan olmuşdur. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuş, 1976-cı ildə buranı ümumqoşun taqım komandiri və zirehli avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisası ilə bitirmişdir.

1976–1980-ci illərdə Gürcüstan ərazisində yerləşən 28-ci qvardiya alayında tank və motoatıcı taqım komandiri, 1980–1984-cü illərdə isə 317-ci xüsusi təyinatlı dəstədə qrup komandiri vəzifələrində xidmət etmişdir. 1984-cü ilin martında xüsusi təyinatlı dəstənin tərkibində Əfqanıstana göndərilmişdir. Xidmətinin ilk ilini müharibənin intensiv döyüş bölgələrindən biri olan Qəndəhar vilayətində keçirmişdir. 1986-cı ildə mayor rütbəsində Əfqanıstandan qayıtmışdır.

Yaşar Aydəmirov 1986-cı ildən Neftçala rayonunda xidmət etmiş, 1989-cu ildən isə Bakıda müxtəlif hərbi vəzifələrdə çalışmış və ali hərbi məktəbdə dərs demişdir. Bu dövrdə polkovnik-leytenant hərbi rütbəsinə yüksəlmişdir. 1992–1993-cü illərdə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin taktika kafedrasında fəaliyyət göstərmişdir. Həmin hərbi məktəbdə müəllim, baş müəllim və silsilə rəisi olmuşdur.

Yaşar Aydəmirov 1992-ci ilin dekabrından Birinci Qarabağ müharibəsində iştirak etmiş, məktəbin kursantları ilə birlikdə Ağdam, Qubadlı, Füzuli və Beyləqan istiqamətlərində xidmət etmişdir. Müharibə zamanı əvvəlcə briqada komandirinin müavini, daha sonra 701-ci motoatıcı briqadanın komandiri olmuşdur. 1994-cü ildə Azərbaycan Respublikası müdafiə nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsinə irəli çəkilmiş və Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1994-cü il tarixli Fərmanı ilə ona general-mayor ali hərbi rütbəsi verilmişdir.

1995-ci ildən Beyləqan rayonunda yerləşən ordu korpusunun komandiri vəzifəsində xidmət etmişdir. 2000-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin rəisi — Baş Qərargah rəisinin müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2002-ci il tarixli Fərmanı ilə ona general-leytenant ali hərbi rütbəsi verilmişdir. 14 sentyabr 2004-cü ildə həmin vəzifədən azad edilmişdir.

Yaşar Aydəmirov 2003-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirmişdir. 2004–2010-cu illərdə Azərbaycanın Çin Xalq Respublikasındakı hərbi attaşesi vəzifəsində xidmət etmişdir.

2010-cu ildə Azərbaycana qayıtdıqdan sonra Müdafiə Nazirliyinin Məsləhətçilər Şurasının üzvü olmuşdur. Həmin ilin dekabrında yenidən Müdafiə Nazirliyinin Təşkilat-Səfərbərlik İdarəsinin rəisi təyin edilmiş, eyni zamanda Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsinin icrası ona həvalə edilmişdir. 2013-cü ilin axırlarında Təşkilat-Səfərbərlik İdarəsinin rəisi — Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edilmişdir. 2014-cü ilin martında Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.

Ehtiyata buraxıldıqdan sonra Silahlı Qüvvələrin Hərbi Akademiyasında baş müəllim kimi fəaliyyət göstərmiş və "Hərb məharəti" fənnini tədris etmişdir.

Təltifləri "Qırmızı ulduz" ordeni 3-cü dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni "Əfqanıstan Demokratik Respublikasının dövlət sərhədinin müdafiəsinə görə" medalı "Hərbi xidmətlərə görə" medalı — 25 iyun 2012

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Əfqanıstan müharibəsi (1979–1989) iştirakçıları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri