II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثاني — Murād-ı sānī; ) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur.Uzunçarşılı, İsmail Hakkı (1995). Büyük Osmanlı Tarihi I. Cilt: Anadolu Selçukluları ve Anadolu Beylikleri Hakkında bir Mukaddime ile Osmanlı Devleti'nin Kuruluşundan İstanbul'un Fethine Kadar. Ankara: Türk Tarih Kurumu Yayınları.ISBN 975-16-0011-1.Sakaoğlu, Necdet "Murad II", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.2 s.235–238 İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7.
Şahzadəliyi Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi. Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmir və Manisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı. Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar. Şahzadə Murad 25 iyun 1421 tarixində Bursaya çatdı və cülus mərasimi burada baş tutdu.
Səltənət illəri
Şahzadə Böyük Mustafa hadisəsi I Mehmedin vəfatından sonra taxt mübarizəsinə başlayan şahzadələr səbəbilə II Murad səltənətinin ilk 3 ili qarışıqlıqlarla keçdi. İldırım Bəyazidin oğlu və II Muradın əmisi olan Mustafa Çələbi Bizanslılar tərəfindən Limni qalasında həbsə salınmışdı. Atası I Mehmed isə ölüm yatağında ikən hələ kiçik yaşlarda olan övladları Mustafa, Yusif və Mahmudun böyük qardaşları tərəfindən öldürülməməsi üçün Bizans imperatoru II Manuil ilə razılaşmışdı.
Ancaq I Mehmedin vəfatından sonra bu razılaşma pozulmuş, II Manuil Limnidə həbs olunan Mustafa Çələbini Gəlibolu bölgəsi qarşılığında azad etdi. Mustafa Çələbi Osmanlı sultanı elan olundu və böyük bir Bizans donanması ilə Rumeliyə keçdi. Mustafa Çələbi xüsusilə İzmiroğlu Cüneyd bəyin köməyilə digər Rumeli bəylərinin də dəstəyini aldı. II Muradın sədrəzəmi Amasyalı Bəyazid Paşa Ədirnədə topladığı orduyla Sazlıdərədə Mustafa Çələbi ilə qarşı-qarşıya gəldi. Döyüşün kritik anında sədrəzəm ordusunun bir qisminin Mustafa Çələbinin tərəfinə keçməsilə II Muradın ordusu məğlub oldu və Sədrəzəm Amasyalı Bəyazid Paşa təslim oldu. İzmiroğlu Cüneyd bəyin təkidilə əsir tutulan Bəyazid Paşa edam edildi və Mustafa Çələbi Ədirnəyə yola çıxdı. Osmanlının ikinci paytaxtı hesab olunan Ədirnədə böyük təntənə ilə qarşılanan Mustafa Çələbi burada öz adına xütbə oxudub pul kəsdirdi. left|thumb|294x294px|II Murad, Hünərnamədən Ancaq Ədirnənin işğalından sonra ard-arda böyük səhvlər edən Mustafa Çələbi Bizansa vəd etdiyi Gəlibolu bölgəsini verməyərək ilk və əsas müttəfiqini itirdi. Daha sonra 12 min sipahi və 5 min piyadalıq orduyla Gəliboludan Anadoluya keçdi və Bursanın mühasirəsinə hazırlaşdı. Ancaq hələ yeni formalaşan bu ordu paytaxtın mühasirəyə alınmasında könüllü olmadı. Digər tərəfdən orduda müxtəlif şayələrin gəzməsi də bu mühasirənin qaldırılmasına səbəb oldu. Şayələrə görə Mustafa Çələbi İldırım Bəyazidin öz oğlu deyil, Bizans cəsusu idi. II Murad İzmir və Aydın bəyliklərini vəd etməsilə İzmiroğlu Cüneyd bəy də öz tərəfdaşları ilə Mustafa Çələbini tərk etdi. Geridə qalan dəstəylə geri çəkilən Mustafa Çələbi Ulubat ətrafında Hacı İvaz Paşa ilə toqquşdu və ağır itkilər verdi.
Daha sonra Mustafa Çələbi Gəliboluya qaçmağa məcbur oldu. Bizanslılardan gələcək yardımı gözləyən Mustafa Çələbi burada qalaraq çox vaxt itirdi. Bu vaxt ərzində II Murad artıq Gəliboluya gəlmiş və 2 min zirehli gəmiylə mühasirəyə hazırlaşırdı. Mühasirədən son anda qaçan Mustafa Çələbi Ədirnəyə getdi və buradakı xəzinəni alıb qaçdı. Ədirnəlilərin də dəstəyilə ələ keçirilən Mustafa Çələbi II Murada təslim edildi. Mustafa Çələbinin Ədirnə qalasının bürclərindən asılaraq edam edilməsilə illərdir davam edən Mustafa Çələbi problemi aradan qaldırıldı.
Şahzadə Kiçik Mustafa hadisəsi Bu hadisədən sonra Bizans imperatoru II Manuillə münasibətlər kəskinləşmiş, Sədrəzəm Çandarlı İbrahim Paşa, Vəzir Hacı İvaz Paşa və Lələ Yörgüc Paşanın da təşviqi ilə böyük bir qoşun topladı və 2 iyun 1422 tarixində Konstantinopolu mühasirəyə aldı. Bu mühasirə Bizans üçün böyük dağıntı və itkilərə səbəb oldu. Mühasirənin qısa zamanda qaldırılması üçün Bizans imperatoru II Manuil bu dəfə də II Muradın kiçik qardaşı Şahzadə Kiçik Mustafanı istifadə etdi.
Karaman və Gərmiyan bəyləri ilə birlikdə Həmid elindən hərəkətə keçən Şahzadə Kiçik Mustafa Bursanı mühasirəyə aldı. Bursa şəhərinin ağsaqqalları Şahzadə Kiçik Mustafanın lələsi Şərabdar İlyasa heyət göndərərək geri çəkilməyini məsləhət gördü. Məsləhətə riayət edən Şahzadə Kiçik Mustafa bu dəfə də İznikə yönəldi və 40 günlük mühasirədən sonra şəhəri ələ keçirdi. Şahzadə Kiçik Mustafa burada İbrahim Paşa sarayına çəkildi və özünü sultan elan etdi. Bütün bu özbaşınalıqdan sonra II Murad 6 sentyabrda Konstantinopol mühasirəsini qaldırdı və Anadoluya keçdi. Şahzadənin lələsi Şərabdar İlyas bəy ələ alındı və 1423-cü ilin fevral ayında qoşunlar İznikə daxil oldu. Bu vaxt hamamda olan Şahzadə Kiçik Mustafa lələsi tərəfindən saraydan gizlicə qaçırıldı və II Murada təhvil verildi. Şahzadə Kiçik Mustafa boğularaq edam edildi. Cəsədi İznikdən kənarda bir əncir ağacından asıldı, daha sonra Bursaya aparıldı və burda Yaşıl Türbəyə dəfn olundu. Digər kiçik qardaşları Şahzadə Mahmud və Şahzadə Yusif isə gözlərinə mil çəkilərək həbsə salındı.
Elə həmin il II Murad Şahzadə Kiçik Mustafa hadisəsini dəstəkləyən Candaroğlu İsfəndiyar bəyin üzərinə hücum etdi. Torpaqların böyük bir qismi, xüsusilə də Safranbolu ələ keçirildi. Daha sonra Qaraman elinə yönəldi. Qaramanoğlu Mehmed bəyin vəfatından sonra çıxan taxt mübarizəsini yatırdı.
Bununla yanaşı, Osmanlı torpaqlarına hücum edən Valaxiya çarı axıncı dəstələri tərəfindən geri püskürdüldü. Nəticədə Valaxiya çarlığı yenə Osmanlılara tabe edildi.
Venesiya ilə müharibə və Selanikin fəthi Konstantinopolun mühasirəsi əsnasında Bizans-Venesiya arasında əlaqələr sıxlaşdı. Hətta Selanikin Venesiyaya qeyd-şərtsiz təhvil verilməsi müzakirə olunmaqda idi. Bu məsələyə kökündən son qoymaq üçün 1424-cü ildə Osmanlılar Genuya ilə danışıqlara başladı. Genuyanın vasitəçiliyi ilə Bizans imperiyası ilə sülh müqaviləsi bağlandı. Müqavilənin şərtlərinə görə, Bizans hər il 30 000 düka qızıl vergi, Egey və Qara dəniz sahillərindəki torpaqları Osmanlılara verməyi qəbul etdi.
1424-cü ildə Ədirnə Sarayında böyük bir toy mərasimi keçirildi. Belə ki, II Murad Candaroğlu İsfəndiyar bəyin nəvəsi Tacünisə Xədicə Həlimə Xatunla evləndi. Bu mərasimlə eyni zamanda II Muradın 3 bacısı da evləndirildi. Sultan Xatun Candaroğlu Qasım bəylə, Ayşə Xatun Osmanlı komandirlərindən Qaraca bəylə və Hafsa Xatun isə Çandarlı Xəlil Paşanın nəvəsi Mahmud bəylə evləndirildi.
Anadolu səfəri II Murad 1425-ci ildə Anadoluda birlik yaratmaq məqsədilə böyük bir ordu topladı. Əvvəlcə Böyük Mustafa Çələbi üsyanına kömək edən İzmiroğlu Cüneyd bəyin üzərinə yürüdü. Genuyalıların köməyilə İzmiroğlu Cüneyd bəyin dəniz yolunu bağladı. Daha sonra 1426-cı ildə Cüneyd bəy, ailəsi və bütün xanədan üzvləri ələ keçirilərək edam edildi.
1426-cı ildə II Murad macarların təşviqilə Balkan yarımadasında çıxan ayaqlanmanı yatırmaq məqsədilə böyük bir səfərə çıxdı. II Murad şəxsən özü Sofiyadan Vidinə qədər irəlilədi. Osmanlı axıncıları isə Bosniyaya hücum edib Xorvatiyaya qədər irəlilədi. Ardından Menteşe və Təkə bəylikləri də Osmanlıya birləşdirildi. Ancaq şərqdə Qaraman və Candarlı bəylikləri hələ də müstəqil siyasət yürüdürdü. Bu bəyliklər üzərində Əmir Teymurun oğlu Şahruxun da haqq iddia etməsi nəticəsində Şərqi Anadoluda gərgin vəziyyət yarandı.
1428–1429-cu illərdə Osmanlıda böyük vəba epidemiyası yayıldı. İslam dünyasının tanınmış simalarından Əmir Sultan, dövlət adamı və memar Hacı İvaz Paşa, Sədrəzəm Çandarlı İbrahim Paşa və II Muradın gözlərinə mil çəkdirdiyi qardaşları Mahmud və Yusif də bu epidemiyaya yoluxaraq vəfat etmişdir.
1429-cu ildə oğlan övladı olmayan Gərmiyanoğlu II Yaqub bəyin vəfatının ardından öz vəsiyətinə görə Gərmiyanoğulları bəyliyi Osmanlılara birləşdirildi.
II Murad Anadoluda sülhü təmin etdikdən və vəba epidemiyasını önlədikdən sonra bütün gücünü Venesiyaya yönəltdi. Venesiya Respublikası hələ də Selaniki əlində saxlamış, Çanaqqala boğazına tez-tez hücumlar etməkdə idi. Osmanlılar 29 mart 1430 tarixində Selaniki, ardından isə Yuvan-ili və sonra Yanya qalasını ələ keçirdilər. Müharibəni dayandırmaq məqsədilə Osmanlı-Venesiya sülhü imzalandı.
Serbiyanın ilhaq edilməsi Osmanlının Fitrət dövründə Balkan regionunda macarların hakimiyyəti artmışdı. 1427-ci ildə serb hakimi Stefan Lazareviçin vəfatının ardından boş qalan Serbiya taxtı uğrunda Osmanlı və Macarıstan arasında elan olunmamış müharibə gücləndi.
1428-ci ildə Serbiyanın şimal-şərqində, Dunay çayı sahilində yerləşən Güvərcinlik qalası Osmanlıların əlinə keçdi. Həmin il macarlarla bağlanan 3 illik sülh müqaviləsinə görə, keçmiş hakimin oğlu Corc Brankoviç Serbiya hakimi təyin olundu. Bütün bunlar baş verərkən Anadoluda vəziyyət gərginləşmiş, Qaramanoğulları bəyliyi Həmidoğullarını özünə tabe etmişdi.
Serbiya ilə bağlanan müqavilənin müddəti bitdikdən sonra 1434-cü ildə macar kralı Sigismund II Murada elçi göndərərək Bosniya, Serbiya və Bolqarıstan üzərindəki suverenliyinin tanınmasını istədi. Rədd cavabı alan Macarıstanla vəziyyət yenidən gərginləşdi. Osmanlı dövlətinə qarşı olan hər kəs macar kralının ətrafında toplanmağa başladı. Bunlar arasında Bosniya kralı II Tvrtko, II Muradın hərəmlərindən Mara Xatunun atası Serb hakimi Corc Brankoviç, Valaxiya çarlığını ələ keçirən I Vlad Drakula, Şahzadə Savcı bəyin oğlu Şahzadə Davud, taxt uğrunda mübarizəyə hazır olan bir çox Balkan aristokratı yer alırdı. Ancaq bütün bu insanların bir araya gəlməsi çox vaxt apardı.
Həmin illərdə Anadoluda Teymuri-Qaraqoyunlu ittifaqı davam edirdi. Ancaq 1437-ci ildə Teymuri Şahrux Xorasana geri dönmüş, bundan istifadə edən II Murad həmin il Anadoluya böyük bir səfər tərtib etmişdir. Vaxtilə Qaramanoğulları bəyliyinin işğal etdiyi Konya, Beyşehir və Həmideli bölgələri enidən Osmanlı torpaqlarına birləşdirildi.
9 dekabr 1437 tarixində Macar kralı Sigismund oğlan övladı olmadan vəfat etdi və Macarıstanda taxt mübarizəsi başladı. Bununla da, Sigismundun Osmanlı əleyhinə qurmaq istədiyi cəbhə də dağıldı. Nəhayət, 1434-cü ildən etibarən Lehistan kralı olan III Vladislav macar kralı seçildi və Macarıstanın I Vladislavı adını aldı. Hakimiyyətə gələr-gəlməz Transilvaniya çarlığının başına Yanoş Hünyadi adlı yerli əsilzadəni gətirdi. Beləliklə, gələcək 20 il boyunca Osmanlılarla dayanmadan mübarizə aparan Yanoş Hünyadi hakimiyyəti ələ aldı. 1441-ci ildə Yanoş Hünyadi Səməndirəni ələ keçirdi və bura göndərilən bir neçə Osmanlı qoşununu məğlub etdi.
II Murad bu fürsəti dəyərləndirdi və 3 il Rumelidə qaldı, Serbiya və Valaxiya knyazlığı qeyd-şərtsiz Osmanlıya birləşdirildi. 1438-ci ildə ilk Macarıstan səfərinə çıxıldı. Dunay çayını keçərək Severin, Dəmirqapı, Orsova və Sebeş qalaları topla dağıdıldı və Transilvaniyanın mərkəzi sayılan Sibiu qalasını mühasirəyə aldı. Qala ələ keçirildi və II Murad Ədirnəyə geri döndü. Bu səfər bir Osmanlı sultanının qatıldığı ilk böyük miqyaslı səfər idi.