1 oktyabr 2025-ci ildə ABŞ federal hökuməti 2026 maliyyə ilinin həmin gün başlamasına baxmayaraq Konqresin müvafiq maliyyələşdirmə qanunvericiliyini qəbul edə bilməməsi səbəbi ilə yerli vaxtla saat 00:00-da fəaliyyətini dayandırdı. Bu, ABŞ hökumətinin 2018–2019-cu illərdə fəaliyyətini dayandırmasından sonra ilk federal hökumət bağlanmasıdır. Bağlanma federal xərclərin səviyyəsi, xarici yardımın azaldılması və tibbi sığorta subsidiyaları ilə bağlı partiyalararası fikir ayrılıqlarından qaynaqlandı.
Bağlanma müasir ABŞ tarixində iyirmi birinci, Donald Trampın prezidentliyi dövründə isə üçüncü hökumət bağlanmasıdır. Nəticədə təxminən 800 000 federal işçi müvəqqəti məzuniyyətə göndərilib, 700 000-dən çox işçi isə maaşsız işləməyə davam edir. Medicare, Medicaid, Nəqliyyat Təhlükəsizliyi İdarəsi və Milli Dəmir Yolu Sərnişin Korporasiyası (Amtrak) kimi vacib qurumlar fəaliyyətini davam etdirsə də, Milli Səhiyyə Agentliyi, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri və qadınlar, yenidoğulanlar və körpələrə qida yardımını nəzərdə tutan WIC proqramı kimi bir çox qurum fəaliyyətini qismən və ya tamamilə dayandırmaq məcburiyyətində qalıb.
Proses ABŞ federal hökuməti 1 oktyabr 2025-ci ildə, yerli vaxtla saat 00:01-də fəaliyyətini dayandırıb. Bu, müasir Amerika tarixində iyirmi birinci maliyyə boşluğu və on birinci hökumət bağlanması, o cümlədən Tramp prezidentliyi dövründə baş verən üçüncü və Trampın birinci prezidentliyi dönəmində 2018-ci ilin dekabrından 2019-cu ilin yanvarınadək davam etmiş hökumət bağlanmasından sonrakı ilk hökumət bağanmasıdır.
Arxa fon Hökumətin maliyyələşdirilməsi prosesi
Birləşmiş Ştatlar Konstitusiyasının birinci maddəsinə görə ABŞ Konqresi xəzinədən hər hansı bir məqsdə üçün vəsait ayırmaq səlahiyyətinə malikdir. 1977-ci ildən ABŞ-ın federal büdcə prosesi maliyyə ili əsasında təşkil olunur: maliyyə ili 1 oktyabrda başlayıb növbəti ilin 30 sentyabrında bitir. Bu müddətdə federal xərclərlə bağlı on iki ayrı qanun layihəsi qəbul edilməlidir. Lakin siyasi qütbləşmə çox vaxt bu prosesə təsir göstərir və hökuməti müvəqqəti olaraq maliyyələşdirmək üçün müvəqqəti qanunlar qəbul etmək məcburiyyəti yaradır.
Konqresin maliyyələşdirmə qanunu barədə razılığa gələ bilməməsi əvvəlki maliyyə ili bitdikdən sonra hökumətin bağlanmasına səbəb olur. Hökumət bağlanması zamanı federal agentliklər "vacib" işləri davam etdirsə də, federal işçilər və podratçılar müvəqqəti olaraq işdən azad edilirlər. Prezident bu proses üzərində geniş səlahiyyətlərə malik olsa da, bu situasiyada hansı işlərin davam etdiriləcəyini müəyyən etmək səlahiyyəti İdarəetmə və Büdcə İdarəsinin rəhbərindədir.
Təsiri Dövlət Xidmətləri üzrə Tərəfdaşlığın məlumatına görə, təxminən 900 000 federal işçinin məzuniyyətsiz işdən azad ediləcəyi, əlavə olaraq 700 000 nəfərin isə əməkhaqqısız işləyə biləcəyi gözlənilir. 2018–2019-cu illərdəki hökumət bağlanmasından sonra qəbul edilmiş 2019-cu il Dövlət Qulluqçularına Ədalətli Münasibət Qanununa əsasən federal işçilərə və Silahlı Qüvvələrin hərbçilərinə bağlanma bitdikdən sonra gecikmiş əməkhaqqıların ödənilməsi təmin olunacaq. Kənd Təsərrüfatı Nazirliyi işçilərin ixtisarını planlaşdırır.
İqtisadi data Əmək Nazirliyi və Ticarət Nazirliyi müvafiq olaraq Əmək Statistikası Bürosu və Siyahıyaalma Bürosu vasitəsilə iqtisadi məlumatların açıqlanmasını dayandıracaq. Ticarət Nümayəndəliyinin rəhbəri Ceymison Qririn sözlərinə görə qurum fəaliyyətini davam etdirəcək.
Bağlanma öncəsi ABŞ dolları və ABŞ xəzinə istiqrazları dəyər itirib.
Sağlamlıq və qida Bağlanma Medicare və Medicaid tibbi sığorta proqramlarına təsir etməyəcək, lakin Medicare kartlarının verilməsi kimi müəyyən xidmətlər dayandırıla bilər. Tibbi sığorta bazarı və Qida və Dərman İdarəsi isə fəaliyyətinə davam edəcək. Səhiyyə və Sosial Xidmətlər Departamenti, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri və Medicare və Medicaid Xidmətləri Mərkəzləri işçilərinin böyük hissəsini məzuniyyətə çıxarmağı planlaşdırır. Milli Səhiyyə Agentliyi işçilərinin yalnız dörddə birini saxlayacaq, bu isə agentliyin qrant yoxlamaları aparmasına, məsləhət şurası iclaslarını keçirməsinə və əsas tədqiqatları həyata keçirməsinə mane olacaq. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin kommunikasiya əməliyyatları da bağlanmadan təsirlənəcək.
Prosesin Əlavə Qida Dəstəyi Proqramına (Supplemental Nutrition Assistance Program) təsir etməsi gözlənilməsə də, davam edən bağlanma maliyyə ehtiyatının tükənməsinə və ödənişlərin gecikməsinə səbəb ola bilər. Qadınlar, yenidoğulanlar və körpələr üçün nəzərdə tutulmuş WIC qida dəstəyi proqramının isə dayandırılması gözlənilir.
Nəqliyyat
Bağlanmaya baxmayaraq Nəqliyyat Təhlükəsizliyi İdarəsi və Milli Dəmir Yolu Sərnişin Korporasiyası (Amtrak) fəaliyyətini davam etdirəcək.
İstinadlar
Kateqoriya:2025-ci ildə ABŞ Kateqoriya:Donald Trampın ikinci prezidentliyi Kateqoriya:ABŞ-də siyasət Kateqoriya:ABŞ cəmiyyəti