İmrul-Qeys (; ) — İslamdan əvvəlki dövrün tanınmış ərəb şairi.
Bioqrafiyası Nəcddə doğulub. Kindənin sonuncu hökmdarı Hucrun oğludur. Qəhtanilərə mənsubdur. Əsl adının Hunduc, Ədi və ya Müleykə olduğu nəql olunub. İmrul-Qeys onun ləqəbi olub, mənası "şiddət adamı", "Tanrı Qeysin qulu" və ya "Qeysoğulları qəbiləsindən bir nəfər"dir. Digər ləqəbləri isə bunlardır: Bizans imperatorunun hədiyyə etdiyi zəhərli köynəyi geyinib, bədəninə irinli yaralar çıxdığı üçün "Zül-qüruh" (yaralı adam), atasının qisasını almaq məqsədilə diyar-diyar dolaşıb kömək istədiyi və ya sərsəri bir həyat yaşadığı üçün "əl-Məliküz-zillil" (zəlalətdə olan və ya yolunu azmış hökümdar).
Onun həyatı haqqındakı məlumatların mənbəyi hicri II (miladi VIII) əsrdəki kufəli alimlərin rəvayətləridir. Atasının sarayında at minməyi, ox atmağı və döyüşməyi öyrənən İmrul-Qeys, şeiri dayısı Mühəlhil ibn Rəbiədən öyrənərək yüksək səviyyəyə çatır. Qəbiləsindəki qadınlara şeirlə sataşdığı üçün atası tərəfində qəbiləsindən qovulur. Kəlb, Bəkr və Təyy qəbilələrindən ona qoşulan bir qrup şəxslə birlikdə qəbilələrə basqın edərək qənimət toplamağa başlayır. Yəməndə olarkən atasının Əsədoğulları tərəfindən qətlə yetirildiyini eşidir və qisas üçün and içir. İmru əl-Qeysin hadisədən xəbər tutduğunu öyrənən Əsədoğulları, onunla barışmaq istəyirlər. Lakin İmrul-Qeys barışığı rədd edir, Bəkr və Təğlib qəbilələrinin dəstəyi ilə Əsədoğullarını məğlub edir. Qələbə onu razı salmadığından qəbilə-qəlibə dolaşıb yenidən ordu toplayır. Yenidən Əsədoğullarına hücum edib, onları məğlub edir. Bundan sonra Hirə hökmdarı Münzir ibn Məüs-Səma, İmrul-Qeysə qarşı Sasani şahənşahı I Xosrovdan kömək istəyir. Sasanilərlə bacara bilməyəcəyini anlayan İmrul-Qeys, Təymə əmiri Səmavələ sığınır. Səmavəl, Qəssani məliki Haris ibn Cəbələnin ona kömək edə biləcəyini söyləyir. Harisin yanına gedən İmrul-Qeys, onun vasitəçiliyi ilə Bizans imperatoru Yustiniandan kömək almaq məqsədilə Konstantiopola üz tutur (təq. 538 il). Başı bərbərlərlə mübarizəyə qarışan Yustinian isə İmrul-Qeysin istəyini qəbul etmir. Əli boş qayıdan İmrul-Qeysin, Ankaradakı Almadağ yaxınlığında xəstələnərək vəfat edir.
İrsi və mirası İmrul-Qeys bir şair kimi çox böyük bir şöhrətə sahib idi. Məhəmmədin İmrul-Qeysin şairliyini təqdir edib, onu şairlərin qabaqcılı və bayraqdarı adlandırması, Əlinin də onun şeirlərini bəyənib öyməsi, İmrul-Qeysin şöhrətini daha da artırmışdır.
İmrul-Qeysin şeirləri VIII əsrin sonlarına doğru Əbu Əmr əş-Şeybani, Xalid ibn Külsum, Əsmai və Məhəmməd ibn Həbib əl-Bağdadi tərəfindən toplanmışdır. IX əsrdə İbn əs-Sikkit ilə Sükkəri bu topluya əsaslanan iki ayrı divan qələmə almışlar.
İmrul-Qeysin müəlləqası digər müəlləqalarla birlikdə Hüseyn ibn Əhməd əz-Zövzəni, Xətib Təbrizi, İbn ən-Nəhhas əl-Hələbi və İbn əl-Ənbari kimi alimlər tərəfindən şərh edilmişdir. Bu şərhlər Qərbdə nəşr edilmişdir. Həmçinin XVIII–XIX əsrlərdə L. Warner, Sir William Jones, A. T. Hartmann, Theodor Nöldeke, Murkes və Gandz kimi şərqşünaslar tərəfindən latın, ingilis, fransız, alman, isveç və rus dillərinə tərcümə edilmişdir. Onun bu şərhlərdəki müəlləqasının beyitlərinin sayı 77–88 arasında dəyişkənlik göstərir. Şair, müəlləqasının baş hissəsində eşq xatirələri dilə gətirmiş, sevgilisi olan əmisiqızı Fatiməyə olan həsrətini və onunla keçirdiyi zamanlardan bəhs etmiş, sonra qəsidəsini qayğılı bir gecə, təhlükəli səyahət, at, ov, bulud və sel təsvirləri ilə tamamlamışdır.
İmrul-Qeysin müəlləqasına da yer əhatə edən divanı ilk dəfə 1837-ci ildə Baron Mac-Guckin de Slane tərəfindən, eləcədə 1870-ci ildə Wilhelm Ahlwardt tərəfindən nəşr edilmişdir. Baron Mac-Guckin de Slane nəşri daha sonra Misir, İran və Hindistanda dəfələrlə nəşr edilmişdir. Divanın elmi nəşrlərini Həsən əs-Səndubi (Qahirə 1349; Beyrut 1958), Məhəmməd Əbül-Fəzl İbrahim (Qahirə 1958, 1964) və Hənna əl-Fəhuri (Beyrut 1409/1989) reallaşdırmışdır. Bunlardan ən mükəmməli 1399 beyti özündə ehtiva edən Məhəmməd Əbül-Fəzlin nəşridir.
İstinadlar
Həmçinin bax
Müəlləqat Kateqoriya:Ərəb şairlər Kateqoriya:VI əsr ərəbdilli şairlər Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:VI əsr yazıçıları