Meraya Amani Baklz () — ABŞ-dən olan müğənni və bəstəkar. Sənət təxəllüsü "Mariah the Scientist"dir. 2019-cu ildə "One Umbrella" və "RCA Records" şirkətləri ilə əməkdaşlıq çərçivəsində "Master" adlı ilk studiya albomunu, 2021-ci ildə "Ry Ry World" adlı ikinci albomunu nəşr etdirmişdir. "Epic Records" şirkətinə keçdikdən sonra 2023-cü ildə "To Be Eaten Alive" () adlı üçüncü studiya albomunu buraxmışdır. Bu albom ifaçının "Billboard 200" siyahısına ilk daxil olan işi olmuşdur.

2025-ci ildə "Burning Blue" () və Kali Uçis ilə birgə səsləndirdiyi "Is It a Crime" () sinqlları "Billboard Hot 100" hit-paradında müğənninin əsas ifaçı kimi ilk qeydə alınmış əsərləridir. "Burning Blue" kompozisiyası çartın ilk 30 pilləsinədək irəliləmişdir. Bu iki musiqi əsəri ifaçının "Hearts Sold Separately" () adlı dördüncü studiya albomunun (2025) nəşrindən öncə təqdim edilmişdir.

Erkən illəri M. Baklz Cənub-Qərbi DeKalb Orta Məktəbini vaxtından əvvəl bitirib, Nyu-York şəhərində yerləşən Müqəddəs Con Universitetində təhsil almışdır. Məqsədi uşaq anestezioloqu olmaq idi. Universitetin üçüncü kursunda təhsilini yarımçıq saxlayaraq, musiqi sahəsində fəaliyyətə başlamışdır. Bu qərarı barədə yalnız anasını məlumatlandırmış, yataqxanadakı şəxsi əşyalarını götürmədən təhsil müəssisəsini tərk etmişdir.

Yaradıcılıq üslubu M. Baklz yaradıcılığında "Outkast" və Frenk Ouşendən təsirlənmişdir. Realist düşüncəli atası ilə keçirdiyi illər onun mətn müəllifliyi tərzini formalaşdırmışdır. Mətnlərində məhəbbət mövzusuna gerçəkçi mövqedən yanaşır. Yaradıcılıq üsulunda Maykl Cekson, Prins və Vitni Hyuston kimi ifaçıların dəqiq iş prinsiplərini mənimsəmişdir.

Şəxsi həyatı 2021-ci ildə M. Baklz və Young Thug arasında şəxsi münasibətlərin mövcudluğu barədə məlumatlar yayılmağa başlamışdır. Young Thug həbs edildikdən sonra M. Baklz məhkəmə proseslərində iştirak etmiş, konsert çıxışlarında "Thugger-a azadlıq!" ifadəsini səsləndirmiş və ona "daddy" deyə xitab etmişdir.

Hüquqi məsələlər 2024-cü il mayın 2-də M. Baklz hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdır. Saxlanılmaya səbəb 2024-cü il martın 28-də Corciya ştatının Atlanta şəhərindəki gecə əyləncə məkanında fiziki zorakılıq və sadə zorakılıq hadisəsi olmuşdur. İttihama əsasən, o, məkanda olan qadına qarşı hücum törətmişdir. Məhkəmə qərarı ilə 5000 ABŞ dolları məbləğində girov təyin edilmiş və təqsirləndirilən şəxs (M. Baklz) girov müqabilində sərbəst buraxılmışdır.

Diskoqrafiya Studiya albomları Master (2019) Ry Ry World (2021) To Be Eaten Alive (2023) Hearts Sold Separately (2025)

İstinadlar