Yarpaqyeyən böcəklər () — sərtqanadlılar dəstəsinə () aid olub, fəsilənin dünyada 40000, Azərbaycanda isə 400-dən artıq növü məlumdur.

Xarici quruluşu

Fəsiləyə daxil olan növlərin ümumi əlamətləri bütün ayaqlarının gizli beşbuğumlu pəncəyə malik olmasıdır. Belə ki, əsl dördüncü buğum reduksiya olunmuşdur, görünən buğumların sayı dörddür, üçüncü buğum ikipərlidir. Bədən quruluşu oval və ya slindrik, gödək və nisbətən yığcamdır. Növlər əsasən metal parıltılı olub, qanadüstlükləri hamar və tüksüzdür. Fəsiləyə daxil olan növlər xarici görünüşünə görə bir-birindən kəskin fərqlənirlər: uzunsov, oval, şarşəkilli və s. formalarda olurlar. Uzunluqları 2–30 mm-dir. Bığcıqları irəli yönəlmiş və ya S-şəkilli əyilmişdir. Sürfələrin bədəni düz və S şəkilli əyri olur. Başı hipoqnatik, minalayan formalarda isə proqnatikdir. 1-6 gözcüyü, 1-3 buğumlu gödək bığcıqları var. Qarıncığı 10 seqmentdən ibarətdir. Ayaqları gödək, 4 buğumludur.

İnkişafı

Dişi fərdlər yumurtalarını bitkinin yarpağına və ya gövdəsinə qoyur. Yumurtalar rəngarəng olub, əsasən sarı rəngdən qırmızıya qədər dəyişə bilir. Yırtıcılar və parazitlər adətən yumurtalara üstünlük verirlər. Sürfələrin morfologiyası həyat tərzindən asılı olaraq növə görə dəyişir.

Həyat tərzi

Fəsilənin nümayəndələri yüksək ixtisaslaşmış fitofaqlar olub, aralarında oliqofaq növlərə tez-tez rast gəlinir. Fəsilənin adından göründüyü kimi nümayəndələri müxtəlif bitkilərin əsasən yarpaqları ilə qidalanır. Sürfələr və imaqolar yarpağın üst hissəsində qidalanaraq orada müxtəlif ölçülü deşiklər açırlar. Əksər yarpaqyeyən böcək növləri kənd və meşə təsərrüfatının ciddi ziyanvericiləridir: kolorado böcəyi, saplaq və xaççiçəkli birələri, qovaq, söyüd, qarağac, qızılağac yarpaqyeyənləri və s. Oulema melanopus, Chaetocnema aridula və Chaetocnema hortensis növləri dənli bitkilərin, xüsusən də payızlıq buğdanın təhlükəli zərərvericiləri hesab olunur. Hazırda Azərbaycanda 100-dən artıq ziyanlı yarpaqyeyən növü qeydə alınmışdır.

Yayılması

Yarpaqyeyənlərə Antraktida və Arktikanın böyük hissəsindən başqa hər yerdə rast gəlinir. Azərbaycanın özünəməxsus şəraitində yarpaqyeyən böcəklər təbii iqlim zonaları üzrə qeyri-bərabər paylanmışdır. Belə ki, Böyük Qafqazda 200-dən artıq, Kiçik Qafqazda 196, Lənkəran zonasında 260-dan çox, Kür-Araz ovalığında isə 80 növ qeydə alınmışdır.

Yarımfəsilələri

Fəsiləyə aşağıdakı yarımfəsilələr daxildir:

Bruchinae Latreille, 1802 Cassidinae Gyllenhal, 1813 Chrysomelinae Latreille, 1802 Criocerinae Latreille, 1804 Cryptocephalinae Gyllenhal, 1813 Donacinae Kirby, 1837 Eumolpinae Hope, 1840 Galerucinae Latreille, 1802 Lamprosomatinae Lacordaire, 1848 Sagrinae Leach, 1815 Spilopyrinae Chapuis, 1874

Həmçinin bax

Kolorado böcəyi

Xarici keçidlər

Coleoptera Chrysomelidae Cassidinae

Ədəbiyyat

Mirzəyeva N.B. Azərbaycanın yarpaqyeyən böcəkləri. Bakı: Elm, 1988, 212 s. Azərbaycanın heyvanlar aləmi. II cild. Buğumayaqlılar / M.Ə.Musayevin redaktəsi ilə. Bakı: Elm, 2004, 388 s. Lopatin I. Order Coleoptera, family Chrysomelidae // Arthropod fauna of the UAE, 2008, v.1 pp. 312–324

İstinadlar

Kateqoriya:Sərtqanadlılar