Həsən Əbdüləli oğlu Əhmədov () - geologiya-mineralogiya üzrə elmlər doktoru (1956), AMEA-nın həqiqi üzvü (1967).

Həyatı Həsən Əhmədov 15 dekabr 1906-cı ildə Zəngəzur qəzasının Sisyan rayonunun Aqudi kəndində anadan olmuşdur. O, 1933-cü ildə Dövlət Neft və Sənayə Universitetinin Geoloji-kəşfiyyat fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyəti Həsən Əhmədov ali təhsilini başa vurduqdan sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki o, "Azneft" Birliyində Çöl Partiyasının geoloqu kimi fəaliyyət göstərmişdir. 1942-ci ildə "Azneftkəşfiyyat" trestinin geoloji-kəşfiyyat kontorunun direktoru vəzifəsini icra edən Əhmdəov burada struktur-xəritələmə, qazmanın analizi və nəticələrinin ümumiləşdirilməsi işi ilə məşğul olmuşdur. O, əvvəlcə 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Neft Geoloji Kəşfiyyat İdarəsinin elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş, daha sonra 1951-ci ildə həmin idarənin direktoru olmuşdur.

1955-1965-ci illərdə Azərbaycan Elmi Tədqiqat Neftçıxarma İnstitutunun direktoru olan Həsən Əhmədov 1965-1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat Geofizika İnstitutunun Azərbaycan filialının direktoru olmuşdur. 1977-1981-ci illərdə yenə həmin filialda Geoloji-geofiziki tədqiqatlar laboratoriyasının müdiri vəzifəsini icra etmişdir.

Həsən Əhmədov 1968-ci ildə Türkiyədə dörd ay müddətində rəsmi geoloji məsləhətçi kimi fəaliyyət göstərmiş və Türkiyənin 7 illik geoloji planını hazırlamışdır.

Elmi fəaliyyəti Həsən Əhmədovun fəaliyyətində Qobustan-Şamaxı neftli-qazlı rayonunun öyrənilməsinə əsas yer tutur. Onun tədqiqatlarının nəticələri "Qobustanın geologiyası və neft-qazlılığı" monoqrafiyasında əks olunmuşdur. Həsən Əhmədovun eləm verdiyi töhfələrdən biri də Azərbaycanın Mezozoy çöküntülərinin öyrənilməsi ilə bağlı olmuşdur. O, 1974-cü ildə "Azərbaycanın Mezozoy çöküntüləri və onların neftqazlılıq perspektivliyi" monoqrafiyasına görə akademik İ.M.Qubkin adına mükafata layiq görülmüşdür.

Həsən Əhmədov 1947-ci ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1956- cı ildə elmlər doktoru elmi dərəcələrini almışdır. 1964-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmişdir. 160 elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəl­lifi­ olan Həsən Əhmədovun elmi rəhbərliyi altında 30-dan çox elmlər doktoru və fəlsəfə doktoru hazır­lanmışdır. Həmçinin alim Azər­baycan Neft və Qaz Sənayesi­nin Elmi-Texniki Cəmiy­yətinin sədri vəzifəsini icra etmişdir.

Ölümü Həsən Əhmədov 9 iyul 1981-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları "Əmək rəşadəti" medalı; "Əməkdə fərqlənməyə görə" medalı; Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərinə görə iki dəfə "Şərəf" ordeni; Üç dəfə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı;

İstinadlar

Kateqoriya:Azərbaycan geoloqları Kateqoriya:Azərbaycan kommunistləri