Sevil Hacıyeva () — Azərbaycan müğənnisi, Karvan və "Qaya" vokal kvartetinin solisti.
Həyatı Sevil Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsil almışdır. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilmiş və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlamışdır.
90-cı illərin əvvəllərində Sevil Hacıyeva dövrün ağır şərtlərindən təsirlənərək səhnələrdən uzaq düşür. Ağır xəstəlik və ailəsi ilə problemlər yaşayan musiqiçi təsadüfən tanış olduğu ABŞ vətəndaşının köməyi ilə Los-Ancelesə köçür. 8 Sentyabr 1996-cı ildə Ian Mussman adlı biri ilə evlənir. ABŞ-da Sevil Hacıyeva vərəm xəstəliyindən müalicə olunaraq sağalır və Los-Ancelesdə konservatoriyada təhsil almağa başlayır. Təhsil aldığı müddətdə səhnədə çıxış edib pul qazanmaq üçün şəhərin prestijli klublarının birində işə düzəlir. Belə ki, Sevil Hacıyeva rəsmi olaraq məhdud iş imkanı üçün icazə verilən xarici tələbə statusunda olmuşdur.
Müğənni 12 oktyabr 2000-ci ildə tanışı ilə Qərbi Hollivudda yerləşən Şimali Robertson Bulvarının 470-ci məhəlləsində gəzərkən soyğunçu onların qarşısını kəsərək pul tələb edir və müğənninin pul kisəsini oğurlamağa çalışır. Oğrudan qaçarkən 31 yaşlı Sevil Hacıyeva arxadan güllələnərək qətlə yetirilir. Müğənninin yanındakı şəxs isə oğru ilə mübarizə aparan zaman sifətindən bir güllə ilə yaralanır. Sevil Hacıyeva Hollivud-Hills (Forest-Loun) qəbiristanlığında dəfn olunmşdur.
Yaradıcılığı Sevil Hacıyeva 1980-ci illərin sonunda Azərbaycanın ən məşhur səslərindən biri hesab edilirdi. O, "Yanğı", "Köhnə tramvay", "De, kim eşitsin" kimi mahnıların ifaçısı olub. Onun ən çox duet ifa etdiyi müğənnilərdən biri Samir Bağırov idi.
"Bakı Payızı-88", "Yurmala-89" mahnı müsabiqələrinin laureatlarından olmuşdu. Yurmalada gənc musiqiçilərin yarışında iştirak edən Sevil Hacıyeva hətta Aygün Kazımovanı da geridə qoyaraq müsabiqənin finalına çıxmışdı. Daha sonra "Qaya" qrupunun bədii rəhbəri Teymur Mirzəyevin təklifi ilə qrupda çıxış etməyə başladı. Eyni zamanda bəstəkar Eldar Mansurovla çalışıb və onun yazdığı mahnıları ifa edib. Sevil Hacıyevanın solist kimi əsas fəaliyyəti 1980-ci illərin əfsanəvi qruplarından olan Karvan ilə bağlıdır. 1993-cü ildə Karvan qrupunu dağıldıqdan sonra Sevil Hacıyeva bir də Bakı səhnələrində görünmür.
İstinadlar
Xarici keçidlər Sevil Hacıyevanın haqqında yanlış bilinən məlumatlar ABŞ-də öldürülən azərbaycanlı müğənni — Sevil Hacıyeva (Belə Belə İşlər) Eldar Mansurovun Sevil Hacıyeva haqqında fikirləri Севиль Гаджиева — Старый трамвай (1989) Sevil Hacıyeva — Yanğı Музыкальный фильм "Группа "Карван" 1990 г. "Karvan" qrupu: Türkiyədəki ilk konsertlərə baxış və AzTV-də qrupla ilk tanışlıq. 1989 Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Odlu silah atəşindən vəfat edənlər Kateqoriya:Azərbaycandan ABŞ-yə mühacirət edənlər Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:Azərbaycanın qadın pop müğənniləri