Rusiya–Gürcüstan müharibəsiMünaqişə Beşgünlük müharibə, Avqust müharibəsi və Rusiyanın Gürcüstana hücumu olaraq da bilinir. — 2008-ci ilin avqust ayında Gürcüstan, Rusiya Federasiyası və Rusiya tərəfindən dəstəklənən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya və Abxaziya arasında baş vermiş müharibə. Bu müharibə iki keçmiş Sovet dövləti olan Rusiya və Gürcüstan arasında münasibətlərin ən pis həddə çatdığı 2008-ci ilin avqust ayında başlamışdır. Döyüşlər strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda baş tutmuşdur. Bu müharibə XXI əsrdə Avropada baş vermiş ilk müharibə olaraq da tanınır.

Gürcüstan Respublikası Sovet İttifaqının dağılmağa başladığı 1991-ci ilin əvvəllərində öz müstəqilliyini elan etmişdir. Bu fonda Gürcüstanla faktiki olaraq Rusiya tərəfindən nəzarət olunan keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin separatçıları arasında ilk müharibə baş verdi. Müharibənin ardınca bölgədə gürcü, rus və osetin qoşunlarından ibarət birgə sülhməramlı qüvvə yerləşdirildi. Eyni zamanda, oxşar hərbi toqquşmalar ölkənin Abxaziya regionunda da baş verdi. Burada yerli abxaz separatçılarla gürcülər arasında 1992-1993-cü illəri əhatə edən müharibə başladı. 2000-ci ildə Rusiyada Vladimir Putinin prezident seçilməsi və 2003-cü ildə Gürcüstanda baş vermiş qərbyönümlü Qızılgül inqilabı nəticəsində Rusiya və Gürcüstan arasındakı münasibətlər pisləşməyə başladı və 2008-ci ilin aprelindən etibarən tam şəkildə diplomatik böhrana çevrildi. 1 avqust 2008-ci ildən etibarən cənubi osetiyalı separatçılar gürcü kəndlərini atəşə tutmağa başladı və nəticədə bölgədə yerləşən gürcü sülhməramlıları tərəfindən qarşı tərəfə cavab atəşi açıldı. Rusyönümlü separatçılar tərəfindən gürcülərə qarşı artilleriya zərbələrinin vurulmasından sonra 1992-ci ildə imzalanmış atəşkəs razılaşması qüvvədən düşdü. Bu cür hücumların qarşısının alınması və təhlükəsizliyi bərpa etmək məqsədilə 7 avqust tarixində Gürcüstan Ordusunun bölmələri Cənubi Osetiya münaqişə zonasına göndərildi. Bir neçə saat ərzində gürcü qoşunları separatçıların əsas dayaq məntəqəsi hesab edilən Tsxinvalinin böyük bir hissəsinə nəzarəti ələ keçirdi.

Rusiya qoşunları qeyri-qanuni olaraq Rusiya-Gürcüstan dövlət sərhədini keçdi və 7 avqustda gürcülərin cavab həmləsindən əvvəl Cənubi Osetiya münaqişə zonasına daxil oldu. Rusiya hökuməti Gürcüstanı "Cənubi Osetiyaya qarşı aqqresiyada" təqsirləndirdi və 8 avqust tarixində "sülhü təmin etmə" əməliyyatı adı altında havadan, qurudan və dənizdən Gürcüstan ərazisinə genişmiqyaslı hücuma başladı. Rusiya və Cənubi Osetiya qoşunları ilə gürcü qoşunları arasında Cənubi Osetiya daxilində və ətraf ərazilərdə baş vermiş bir neçə günlük toqquşmalardan sonra gürcülər geri çəkilməyə məcbur oldu. Rus və abxaz qoşunları isə Gürcüstanın nəzarəti altında olan Kodori vadisinə hücum edərək ikinci cəbhə açmağa müvəffəq oldu. Rusiya Hərbi Dəniz Qüvvələri Gürcüstan sahillərinin bir hissəsini blokadaya aldı. Rusiya Hərbi Hava Qüvvələri isə münaqişə zonası ilə yanaşı, Gürcüstanın digər ərazilərinə də zərbələr endirməyə başladı. Bu müharibə hərbi əməliyyatlarla birlikdə kiber müharibənin də aparıldığı ilk müharibə kimi tarixə keçmişdir. Aktiv informasiya müharibəsi həm müharibə ərzində, həm də daha sonra davam etmişdir. 12 avqustda Fransa prezidenti Nikola Sarkozinin təşəbbüsü ilə atəşkəs müqaviləsinin imzalanması nəticəsində müharibə başa çatmışdır.

Rus qoşunları müharibə ərzində Zuqdidi, Senaki, Poti və Qori kimi gürcü şəhərlərini işğal etdi və atəşkəs razılaşmasına qədər öz nəzarəti altında saxladı. Cənubi osetiyalılar burada yerləşən gürcü kəndlərinin əksər hissəsini dağıtdılar və müharibəyə qədər burada yaşayan gürcülər etnik təmizləməyə məruz qaldı. Rusiya 26 avqustda Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı. Gürcüstan hökuməti isə buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsdi. Rusiya 8 oktyabr tarixinə qədər öz qoşunlarının əksər hissəsini Gürcüstanın münaqişə zonasına aid olmayan ərazilərindən geri çəkdi. Müharibədən sonra Rusiyanın beynəlxalq əlaqələri çox da zərər görməmişdi. Müharibə nəticəsində 192.000 nəfər məcburi köçkün vəziyyətinə düşsə də, onların çox hissəsi müharibə başa çatdıqdan sonra öz əvvəlki yaşayış yerlərinə qayıtmışdır.

Arxa plan Tarixi right|thumb|Cozef Kolton tərəfindən hazırlanmış xəritədə 1856-cı ildə müasir Cənubi Osetiya ərazisi Gürcüstan və İmeretiya daxilində təsvir olunmuşdur. Müasir Şimali Osetiya isə "Ossia" (Osetiya) adı ilə Şimali Qafqazda təsvir olunub. right|thumb|1922-ci ildə Cənubi Osetiya Muxtar Vilayətinin gürcü regionlarının yerində yaradılması. Orta əsrlərdə monqolların regionu işğal etməsindən sonra Gürcüstan çarlığı bir neçə krallığa və knyazlığa parçalandı. XIX əsrdə isə Gürcüstan əraziləri Rusiya imperiyası tərəfindən işğal olundu. Rusiyada fevral burjua-demokratik inqilabı baş verdikdən sonra 26 may 1918-ci il tarixində Gürcüstan öz müstəqilliyini elan etdi.

Gürcüstan ərazisində də məskunlaşmış etnik osetinlər əslində Şimali Qafqazda yerləşən Şimali Osetiyanın yerli əhalisi hesab olunur. Osetinlərin Cənubi Qafqaza gəlmələri barədə müxtəlif versiyalar mövcuddur. Bu versiyalardan birinə görə osetinlər ilk dəfə XIII və XIV əsrlərdə buraya miqrasiya etmiş və əsrlər boyu gürcülərlə birlikdə sülh şəraitində yaşamışdır. 1918-ci ildə Şida Kartlidə məskunlaşmış və bolşevizm hərəkatından ruhlanaraq öz əkib-becərdikləri torpaqların özlərinə məxsus olduğunu iddia edən torpaqsız osetin kəndlilərlə menşevik hökuməti tərəfindən dəstəklənən, bu torpaqların qanuni sahibi olan gürcü aristokratları arasında münaqişə başlandı. İlk əvvəllər osetinlər mərkəzi hökumətin iqtisadi siyasətindən narazı olsalar da, tərəflər arasındakı narazılıqlar tezliklə etnik münaqişəyə çevrildi. 1919 və 1920-ci illərdə baş vermiş üsyanlar ərzində osetinlər Sovet Rusiyası tərəfindən dəstəklənsələr də, məğlub oldular.

Müstəqil Gürcüstan Demokratik Respublikası 1921-ci ildə Qırmızı Ordu tərəfindən işğal olundu və ölkədə Sovet hakimiyyəti bərqərar oldu. 1922-ci ildə Gürcüstan SSR-in tərkibində Cənubi Osetiya Muxtar Vilayəti yaradıldı. Stefen Cons, Emil Süleymanov və Arsen Saparov kimi tarixçilərin fikrinə görə rus işğalına qədər bu regionda heç bir separatçı qurum mövcud olmamış, yalnız Gürcüstan Demokratik Respublikasına qarşı aparılan mübarizədə onlara dəstək verdikləri üçün bolşeviklər tərəfindən osetinlərə bu bölgədə muxtar ərazi yaratmağa icazə verilmişdir.

Sovet İttifaqının artıq zəifləməyə başladığı bir dövrdə, 1989-cu ildə Sovet Gürcüstanında millətçilik hərəkatı özünün pik həddinə çatmışdı. Kremlin isə Cənubi Osetiyadakı nasionalizm tərəfdarlarından gürcülərin müstəqillik hərəkatına qarşı istifadə etməkdə maraqlı idi. 11 dekabr 1990-cı ildə Cənubi Osetiyanın ölkədən ayrılmaq cəhdinə cavab olaraq Gürcüstan Ali Soveti bölgənin muxtariyyət statusunu ləğv etdi. 1991-ci ilin yanvarında Gürcüstanla Cənubi Osetiyadakı separatçılar arasında hərbi münaqişə başlandı. Gürcüstan 9 aprel 1991-ci ildə öz müstəqilliyinin bərpa olunduğunu elan etdi və Sovet İttifaqından ayrılan ilk qeyri-Baltik dövləti oldu. Cənubi osetiyalı separatçılar isə bölgədə hələ Sovet dövründən yerləşdirilmiş hərbi birləşmələr tərəfindən dəstəklənirdi. Hansı ki, bu hərbi birləşmələr sonradan Rusiyanın idarəsi altına keçmişdi. Rusiya hökuməti tərəfindən dəstəklənən cənubi osetiyalı separaçıların Gürcüstanın paytaxtı Tbilisi şəhərini bombalamasından sonra, 1992-ci ilin iyun ayından etibarən Rusiya ilə Gürcüstan arasında genişmiqyaslı müharibə ehtimalı daha da artdı. Gürcüstan 24 iyun 1992-ci ildə Rusiya ilə hərbi toqquşma riskini önləmək məqsədilə atəşkəs müqaviləsi imzalamağa razılaşdı. Atəşkəs müqaviləsinin şərtlərinə əsasən gürcü, cənubi osetiyalı, rus və şimali osetiyalılardan ibarət Birgə Nəzarət Komissiyasının mandatı təsdiq olundu və bu ortaq sülhməramlı qoşunların Cənubi Osetiya münaqişə zonasında yerləşdirilməsi qərara alındı. Keçmiş Cənubi Osetiya Muxtar Vilayətinin əhalisinin əksəriyyəti etnik gürcülərdən ibarət olan hissəsi isə Gürcüstanın nəzarəti altında qaldı. 2008-ci ildə baş vermiş müharibəyə qədər mərkəzi Tsxinvalidə yerləşən, öz müstəqilliyini elan etmiş Cənubi Osetiya separatçı hökuməti keçmiş muxtar vilayətin ərazisinin üçdə bir hissəsinə nəzarət edirdi.

Oxşar situasiya Gürcüstanın digər bir muxtar respublikası olan Abxaziyada da baş vermişdi. Abxaziya 1990-cı illərdə baş vermiş müharibə nəticəsində Gürcüstandan ayrılaraq müstəqilliyini elan etmişdi. Müharibədən əvvəl bölgə əhalisi təqribən 525.000 nəfər təşkil etdiyi halda, müharibədən sonra gürcülərin etnik təmizləməyə məruz qalması nəticəsində Abxaziya əhalisinin sayı 216.000 nəfərə qədər azalmışdı. Gürcüstanın ucqar şimal-qərb hissəsində yerləşən strateji əhəmiyyətli Kodori vadisi də beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış, separatçı abxaz hökumətinin nəzarəti altında qalmışdı.

Rusiyanın maraqları və iştirakı Cənubi Qafqaz Rusiyanın Şimali Qafqaz regionu ilə Yaxın Şərq arasında yerləşir və Rusiya ilə Yaxın Şərq arasında bir növ "bufer zona" hesab olunur. Region, həmçinin Türkiyə və İranla da həmsərhəddir. Regionun strateji əhəmiyyəti Rusiya üçün təhlükəsizlik qayğılarının yaranmasına şərait yaradır. Neft yataqlarının mövcudluğu və onların nəqliyyat imkanları da daxil olmaqla mühüm iqtisadi səbəblər Cənubi Qafqaz regionu üzərində müxtəlif dövlətlərin maraqlarının yaranmasına səbəb olur. İsveçli akademik Svante Kornelin fikrinə görə Cənubi Qafqaza nəzarət etmək Rusiyaya geosiyasi cəhətdən vacib region hesab edilən Mərkəzi Asiyaya Qərb dövlətlərinin təsirinə nəzarət etməyə imkan verir.

Rusiya Qara dənizə çıxışının olmasını və Türkiyə ilə həmsərhəd olmasını Gürcüstanın qiymətli strateji xüsusiyyətləri hesab edir.

Rusiya-Gürcüstan münasibətlərində dərin təsiri olan Vladimir Putin 2000-ci ildə Rusiya Federasiyasının prezidenti seçilmişdir. Rusiya və Gürcüstan arasındakı münaqişə 2000-ci ilin dekabr ayında eskalasiya həddinə çatdı. Həmin zaman Gürcüstan Rusiya vətəndaşlarına viza rejiminin tətbiqini həyata keçirmək barədə qərar qəbul edən ilk və yeganə MDB üzvü oldu. 2001-ci ilin dekabrında mütəşəkkil cinayətkar qrupun üzvü hesab edilən Eduard Kokoyti Cənubi Osetiyanın de fakto prezidenti təyin olundu. O, faktiki olaraq Rusiya tərəfindən bu vəzifəyə təyin olundu və onun bu vəzifəyə təyin olunmasından sonra Cənubi Osetiyanın sülh şəraitində Gürcüstana birləşdirilməsi prosesinə mane olmağa başladı. 2002-ci ildə Gürcüstanın icazəsi olmadan Rusiya hökuməti tərəfindən Abxaziya və Cənubi Osetiya vətəndaşlarına kütləvi şəkildə Rusiya pasportları verilməyə başlandı. Bu siyasət Rusiyanın gələcəkdə bu ərazilərə iddia etməsi üçün şərait yaratmaq məqsədi daşıyırdı. Putin artıq 2003-cü ildə Gürcüstanla aralarında olan münaqişənin hərbi həll yolunun mümkün olduğunu zənn edirdi.

2006-cı ildə Gürcüstanın ələ keçirilmiş dörd nəfər rusiyalı agenti deportasiya etməsindən sonra Rusiya tərəfindən Gürcüstana qarşı genişmiqyaslı diplomatik və iqtisadi müharibə başlandı.

2008-ci ilə qədər Cənubi Osetiya vətəndaşlarının əksəriyyəti Rusiya pasportları əldə etmişdilər. "Reuters" nəşrinin məlumatına əsasən müharibədən əvvəl Cənubi Osetiyanın illik büdcəsinin üçdə iki hissəsi Rusiya tərəfindən təmin olunurdu. Rusiya faktiki olaraq silahlı qüvvələr də daxil olmaqla Cənubi Osetiyanın bütün təhlükəsizlik məsələlərinə nəzarət edirdi. Separatçı hökumətin tərkibinin əsas hissəsi ruslardan və Rusiya pasportu almış osetinlərdən ibarət idi.

Həll edilməmiş münaqişələr right|thumb|ABŞ Prezidenti Corc Buş və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Tbilisidə. 2005-ci ilin may ayı Gürcüstandakı münaqişələr 2004-cü ilə qədər sönük vəziyyətdə qalmışdı. Elə həmin il baş vermiş Qızılgül inqilabı nəticəsində keçmiş prezident Eduard Şevardnadzenin yerinə hakimiyyətə gələn Mixeil Saakaşvili Cənubi Osetiya və Abxaziyanı yenidən Gürcüstanın nəzarəti altına qaytarmağı özü üçün prioritet məsələ hesab edirdi.