Tahirə Əkbər qızı Tahirova () — Azərbaycan diplomatı, dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1959–1983), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1963–1968).

Həyatı Tahirə Əkbər qızı Tahirova 1913-cü il noyabr ayının 7-də Rusiya imperiyasının Zakaspiysk vilayətinin (indiki Türkmənistan) Mərv qəzasında, Bayramalı kəndində ziyalı ailəsində anadan olmuşdur.

1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirmiş və bununla da neft sənayesi üzrə ali təhsil alan ilk azərbaycanlı qadın-mütəxəssis olmuşdur.

Türk, ingilis və rus dillərini bilirdi.

1983-cü ildə Tahirə Tahirova təqaüdə çıxmış, 1991-ci il oktyabrın 26-da vəfat etmiş və II Fəxri Xiyabanda dəfn edilmişdir.

Ailəsi Tahirə Tahirova Şuşa şəhərinin məşhur əsilzadə ailələrindən olan Tahirovlar nəslindəndir.

Fəaliyyəti Tahirə Tahirova elmi fəaliyyətinə 1936-cı ildə elmi işçi kimi başlamışdır. 1940-cı ildə Azərbaycan Neft Elmi-Tədqiqat İnstitutuna direktor təyin edilmişdir. İkinci Dünya Müharibəsi dövründə, 1942-ci ildən etibarən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışaraq cəbhəyə fasiləsiz neft təchizatına cavabdeh olmuşdur. 1949-cu ildə partiya fəaliyyətindən ayrılaraq Azərbaycan Sənaye İnstitutunun “Neft yataqlarının istismarı” kafedrasında elmi-pedaqoji fəaliyyətini davam etdirmiş və 1953-cü ildə texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 1959-cu ildə isə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirmişdir.

Siyasi fəaliyyəti 1954–1957-ci illərdə Tahirə Tahirova Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri vəzifəsində çalışmışdır. 1957–1959-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm-Texnika Komitəsinin sədri və həmçinin Azərbaycan SSR Nazirlər Soveti Dövlət Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsinin sədrliyi vəzifəsini icra etmişdir. 1959–1983-cü illər ərzində Azərbaycan SSR xarici işlər naziri kimi fəaliyyət göstərmiş, paralel olaraq 1963–1968-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsini daşımışdır.

SSRİ-də müttəfiq respublikalarda xarici işlər nazirinin vəzifəsi adətən digər vəzifələrlə birlikdə icra olunurdu. Lakin Tahirə Tahirovanın səyləri nəticəsində Azərbaycan SSR bu sahədə ilk müstəqil vəzifəyə sahib olan müttəfiq respublika olmuşdur. 1968-ci ildə öz xahişi ilə Nazirlər Soveti sədrinin müavini vəzifəsindən azad olunaraq bütün diqqətini diplomatik fəaliyyətə yönəltmişdir.

1980–1988-ci illərdə İran-İraq müharibəsi zamanı Tahirə Tahirova SSRİ-nin sülh üçün vasitəçilik edən nümayəndə heyətinin üzvü olmuşdur. Nazirliyi dövründə Azərbaycan diplomatlarının SSRİ səfirliklərində fəaliyyətinə və Diplomatik Akademiyada təhsil almalarına xüsusi diqqət yetirmişdir. O, həmçinin Sovet hökuməti və parlament nümayəndə heyətlərinin tərkibində BMT Baş Assambleyasının iclaslarında iştirak etmiş və Azərbaycan SSR-ə səfər edən yüksək səviyyəli qonaqların qəbulunda fəal rol oynamışdır.

Tahirə Tahirova SSRİ Ali Sovetinin 4-cü çağırış, həmçinin Azərbaycan SSR Ali Sovetinin 3, 5, 6 və 7-ci çağırışlarının deputatı olmuşdur.

Mükafatları 1976-cı ildə Tahirə Tahirova diplomatik fəaliyyətdə xüsusi xidmətlərinə görə SSRİ Xarici İşlər Nazirliyinin təqdimatı ilə "Xalqlar dostluğu" ordeni ilə təltif olunmuşdur.

Bundan başqa, "Qırmızı əmək bayrağı" ordeni, "Lenin" ordeni, "Şərəf nişanı" ordeni ilə mükafatlandırılmışdır.

Mənbə Ənvər Çingizoğlu, Tahirovlar, "Soy" elmi-kütləvi dərgi, 2007, № 1, səh.18–25

İstinadlar

Xarici keçidlər

Azərbaycanın ilk qadın xarici işlər naziri Tahirə Tahirovanın hekayəti Tahirə Tahirova

Kateqoriya:Tahirovlar (Qarabağ) Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycanın qadın nazirləri Kateqoriya:Azərbaycan SSR xarici işlər nazirləri Kateqoriya:SSRİ Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan qadın diplomatları Kateqoriya:Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavinləri Kateqoriya:Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədrləri Kateqoriya:Türkmənistan azərbaycanlıları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Birinci Fəxri xiyabanda dəfn olunanlar Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:SSRİ diplomatları