Mehdi (Mirmehdi) Həsən oğlu Seyidzadə () — Azərbaycan şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1936), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960).
Həyat və fəaliyyəti Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938–1939-cu illərdə yenidən təşkil olunmuş "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur. Mirmehdi Seyidzadə 1976-cı il avqust ayının 30-da vəfat etmişdir.
Yaradıcıllığı Ədəbi yaradıcılığa 1925-ci ildə "Şərq qadını" jurnalında çap etdirdiyi "Kənd qızı" adlı ilk şeiri ilə başlamışdır. Seyidzadə 1927–29-cu illər uşaq şeirləri "Zirək Səməd" mənzum nağılını, "Şanlı gün" poemasını yazmış, "Nərgiz", "Ayaz", "Qızılquş", "Elsevər" və şairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şeirlərinə isə mahnılar bəstələnmişdir. 1932-ci ildə mükafata layiq görülən "Şanlı gün" poeması ayrıca kitab şəklində nəşr edilmişdir. Bakıda onun bir sıra başqa kitabları, o cümlədən "Balaca təyyarəçi", "Ceyran", "Neft haqqında", "Kim güclüdür", "And" kitabları çıxmışdır. Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A. S. Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarların əsərlərindən tərcümələr etmişdir.
Əsərləri
Tərcümələri Ömər Xəyyam. Rübailər. (2004).
Mükafatları Mirmehdi Seyidzadə 1960-cı ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.O, eyni zamanda 1966-cı ildə "Əmək veteranı" medalı, "Şərəf nişanı" ordeni, 1958-ci ildə Lenin komsomolu mükafatı, Azərbaycan Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı, 1975-ci ildə "Lenin" ordeni ilə təltif edilmişdir.
Xatirəsi 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Mirmehdi Seyidzadənin 110 illik yubileyi qeyd olunmuşdur.
Haqqında yazılanlar Əzizov Ə. Gənc nəslin xidmətində // Bakı. 10 aprel 1972, səh. 4. Əliyev M. Xatırla məni: Mehdi Seyidzadənin 70 illiyi münasibətilə // Ədəbiyyat və incəsənət. 12 noyabr 1977, səh. 6. Qasımzadə Q. Uşaqların qocaman tərbiyəçisi: (Mehdi Seyidzadənin yaradıcılığı haqqında) // Ədəbiyyat və incəsənət. 18 mart 1972, səh. 10. Yusifli V. Ağanı unutmaq olarmı? : [Mehdi Seyidzadə haqqında] // Panorama. 22 yanvar 1998, səh. 6. Məmmədov K. "Unudulmaz xatirələr kimlərdən danışır: /Mehdi Seyidzadənin eyni adlı kitabı haqqında/ // Azərbaycan müəllimi. 19 mart 1976, səh. 3.
İstinadlar
Həmçinin bax Sevgi (pyes)
Xarici keçidlər
Kateqoriya:Türkmənistan azərbaycanlıları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan memuarçıları