Məqsud Şeyxzadə və ya Məqsud Şeyxiyev () — milliyyətcə azərbaycan türkü olan Özbəkistan şairi. Yeni özbək ədəbiyyatının əsasını qoyanlardan biri. Fuad Şıxıyevin qardaşıdır.Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir. Ağdaş şəhərində anadan olub.

Məqsud Şeyxzadə 1925-ci ildə Bakıda yerləşən Darülmüəllim məktəbini bitirmişdir. Əvvəlcə Dərbənddə birinci dərəcəli Azərbaycan məktəbində, sonra Buynaksk Təhsil və Tərbiyə Texnikumunda müəllim kimi çalışmış, "Maarif Yolu" jurnalında fəaliyyət göstərmişdir. 1927-ci ildə əksinqilabi təşkilatın üzvü kimi həbs olunmuş və 1928-ci ilin fevralında Daşkəndə sürgün edilmişdir. Şeyxzadə Orta Asiya Universitetinin Şərq fakültəsində qısa müddət təhsil almış (1928), daha sonra "Şərq həqiqəti" (1929–32), "Qızıl Özbəkistan" və "Yas Leninçi" qəzetlərində (1932), "Gülüstan" jurnalının (1933–34) redaksiyalarında fəaliyyət göstərmişdir. 1933-cü ildə Bakıda Pedaqoji İnstitutun bütün kurslarını imtahan verərək bitirmiş və aspiranturaya daxil olmuşdur (1934). Eyni zamanda, Dil və Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışmış (1935–38). 1938-ci ildən ömrünün sonuna qədər əvvəlcə axşam, daha sonra isə gündüz Pedaqoji İnstitutda özbək ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur. Məqsud Şeyxzadə 30-adək şeir kitabının, özbək dramaturgiyası tarixində hadisə kimi qiymətləndirilən “Cəlaləddin Mənquberdi” və “Mirzə Uluğbəy” adlı mənzum pyeslərin, 200-dən çox elmi məqalə, tənqidi, publisist əsər və Ə.Nəvaiyə dair “Dahi şair” adlı monoqrafiyanın müəllifidir.

Həyatı

Məqsud Məsim bəy oğlu Şeyxzadə 1908-ci il noyabr ayının 7-də Yelizavetpol quberniyasına daxil olan Ağdaş kəndində dünyaya gəlmişdir. Atası Məsim Şıxlıyev əslən Qazax rayonunun Salahlı nahiyəsindən olub, Tiflisdəki tibb məktəbində təhsil almış, daha sonra Ağdaşa köçərək orada səhiyyə işçisi kimi fəaliyyət göstərmişdir. Ədəbiyyat tarixçisi Toxtasın Cəlalovun Məqsud Şeyxzadə ilə olan söhbətinə əsasən qələmə aldığı “Yaşasın Təbəssüm” adlı yazısında bildirdiyinə görə, atası öz mühitinin görkəmli şəxsiyyətlərindən biri olub, səhiyyə xidmətindən başqa incəsənət, ədəbiyyat, fəlsəfə və tarixlə də maraqlanan bir ziyalı idi. O dövrdə onun evi Ağdaş şəhərinin mədəniyyət və ədəbiyyat mərkəzinə çevrilmişdi. Şəhərin ziyalıları orada toplanaraq incəsənət, ədəbiyyat, siyasət və fəlsəfə mövzularında söhbətlər aparırdılar. Bu səbəbdən Puşkin və Lermontov, Şekspir və Balzak, Firdovsi və Ömər Xəyyam, Nizami və Nəvai kimi şəxsiyyətlərin əsərləri Məqsud Şeyxzadə üçün yad deyildi. O özü də müxtəlif illərdə qələmə aldığı tərcümeyi-hallarında şəxsi həyatı ilə bağlı fərqli məlumatlar vermişdir. Onlardan biri rus dilində yazılmış və tarixsiz olan “Mənim tərcümeyi-halım” adlı yazısında anası Fatimə xanım haqqında yazır: Anam Qazax nahiyəsinin cütçülərindən idi. O, Tiflisdəki qız liseyini bitirmiş, XX əsrin əvvəllərində yetişən Azərbaycan qadınlarının nümunəvi təmsilçilərindən biri olmuşdur. 1920-ci illərdə Ağdaşda qadınların oxuyub-yazmağı öyrənmələrinə rəhbərlik etmişdir." Həmçinin anasının Ağdaşda peçəsini ilk açan şəxs kimi qəsəbədəki qadın hərəkatını başlatdığını bildirir.

O, azərbaycanlı olduğunu, uşaqlıq illərinin Nizaminin vətənində keçdiyini və şeirə olan həvəsinin də məhz bu torpaqlarda başladığını 1957-ci ildə yazdığı “Daşkəndnamə” adlı dastanında ifadə edir.

O, ilk təhsilini Ağdaşda "Rüşdiyyə" məktəbində alır. Şair 1966-cı ildə azərbaycanlı ədəbiyyatçı Cəmil Məhərrəmliyə yazdığı məktubunda ilk müəlliminin Muxtar Əfəndizadə olduğunu bildirir. Azərbaycan yazıçısı və ictimai xadim Nəriman Nərimanov 1918-ci ildə Ağdaşda ezamiyyətdə olarkən təşkil edilmiş bir tədbirdə 10 yaşlı Məqsud öz şeirini səsləndirmişdir. Bu hadisə Nəriman Nərimanovun diqqətini cəlb etmiş və onun təşəbbüsü ilə “Kommunist” qəzetinin 1921-ci il 21 dekabr tarixli sayında 13 yaşlı Məqsudun üç şeiri dərc olunmuşdur.

Şeyxzadə, təhsilini davam etdirmək üçün 1921-ci ildə Ağdaşdan Bakıya gələrək Darülmüəllimində oxumağa başlayır. Bu illərdə Darülmüəllimində məşhur şair və yazıçılar, məsələn, Abdulla Şaiq və Hüseyn Cavid müəllim kimi şəxslər dərs deyirdilər. Məqsud Şeyxzadə də məhz bu şəxslərdən dərs dinləmiş, bu dərslər onun millət, ədəbiyyat və türkçülüklə bağlı fikirlərini formalaşdırmışdır. Bu barədə Şeyxzadənin məktəbdəki yaxın dostlarından biri olan Əkrəm Cəfər xatirələrində "Əziz müəllimimiz, nur heykəli Cavidimiz çörəyimizə ləzzət qatdı, suyumuza rəng verdi" deyə bəhs edir. Onun yazdığına görə, dərslərdə Azərbaycan Türk ədəbiyyatı Osmanlı Türk ədəbiyyatı ilə birlikdə öyrənilirdi. Mikayıl Müşfiq və Məqsud Şeyxzadə isə Fikrətin "Rübab-ı Şikəstə"sinin "dəlisi" idilər. Əkrəm Cəfər xüsusilə Namiq Kamal, Abdülhəq Həmid və Tofiq Fikrətin onlar üçün bir "məbəd" olduğunu qeyd edir.

Şeyxzadə, 1925-ci ildə Darülmüəllimini bitirdikdən sonra Azərbaycan Maarif Komissarlığı tərəfindən Dərbənd şəhərinə müəllim olaraq təyin edilir. Onun buraya təyin edilməsi təsadüfi deyildi. Bunu səbəbi Dağıstan əhalisinin mühüm bir hissəsini azərbaycanlıların təşkil etməsi idi. Dərbənd, Tabasaran, Samur, Buynak və Hacıtərxan kimi şəhərlərdə müəllimlərə böyük ehtiyac var idi. Buna görə də Azərbaycan hökuməti, bu muxtar bölgənin razılığı ilə Bakıdakı məktəblərdən məzun olan gəncləri Dağıstana göndərirdi. Məqsəud Şeyxzadə, Dərbənd şəhərindəki ilk məktəblərdən birində türk dili və ədəbiyyatı dərsləri tədris edir. Müəllimliklə yanaşı, Buynakskda nəşr olunan “Maarif Yolu” və Bakıda çıxan “Kommunist” qəzetləri ilə də əməkdaşlıq edir, bu nəşrlərə şeir və yazılar göndərirdi. Həmin dövrdə ailənin soyadı “Şıxov” və ya “Şeyxiyev” olduğuna görə, Məqsud Şeyxzadə əsərlərində “Şeyxzadə” təxəllüsündən istifadə edirdi. Öz tərcümeyi-halında Dərbənddə olduğu illərdə ciddi şəkildə siyasi və sosial fəaliyyətlə məşğul olduğunu qeyd etmişdir.

1920-ci illərdə Dağıstanda dövlət dili məsələsi ilə bağlı müzakirələr gedirdi. Dağıstanın çoxdilliliyinə görə (36 dil) ümumi bir dil seçilməsi zərurəti yaranmışdı. Bu çərçivədə, rus dili, türk dili (əsasən Qumuq və Noqay türkcəsi), ərəb dili və altı etnik qrupun yerli dilləri arasında seçim məsələsi müzakirə edilmiş, xüsusilə türk dilinin dövlət dili olması dəstəklənmişdi. Bu müzakirələrin kəskinləşdiyi bir dövrdə Türk dili və ədəbiyyatı dərsləri verən gənc müəllim Şeyxzadə üçün Dərbənddə işlədiyi məktəb, səviyyəsi baxımından ona kifayət etməməyə başlayır. Bu səbəbdən, 1925-1926 tədris ilinin sonunda Dağıstan Təhsil Nazirliyinə müraciət edərək Dərbənddən Buynaksk şəhərinə təyinatını istəyir. Onun bu müraciəti qəbul edilir və Şeyxzadə 1926-1927 tədris ilində iyun ayına qədər Buynakskdakı Pedaqoji Elm Yurdunda müəllim olaraq çalışır. Bu məktəbdə tələbələr üçün teatr klubu da yaradır. Teatr klubunun tamaşalarına Büyünakdakı qarnizonda xidmət edən əsgərləri də dəvət edir. Dağıstan ədəbi mühitinin təhlilinə həsr olunmuş ilk tənqidi məqalələrini, şeirlərini o bu dövrdə, Dağıstanda Azərbaycan dilində nəşr edilən “ Maarif yolu” və “Dağıstan Firqəsi” qəzetində çap etdirmiş, həmçinin “Azad dağlar qızına”, “Şeyx Şamil , “Bu Axşam” və “Sahildə” şeirlərini yayımlamışdı. Dərbənddə yaşayarkən Şeyxzadə tez-tez Bakıya gələr, Bakının ədəbi mühitiylə qaynayıb-qarışardı. Bu zamanlar onun Bakıda Mayakovski və Nazim Hikmət kimi dövrünün ən tanınmış şairləri ilə tanış olması onun ədəbi karyerasına ciddi təsir göstərmişdi.Şeyxzadə 1927-ci ildə Bakıdan qayıdışında İstanbulda nəşr olunan “Yeni Kafkasya” jurnalını alıb gətirir. 1927-ci ilin aprel ayında Krımda Milli Firqə mənsubları həbs edildikdən sonra eyni ilin iyun-iyul aylarında Məqsud Şeyxzadə və Əthəm Feyzi də “əks inqilabçılıq fəaliyyətlərilə məşğul olduqlarına” görə həbs olunur. 1927-ci il dekabrın 6-da Buynakda həbs olunanlarla bağlı tərtib edilən ittiham vərəqəsində yazılıb:

"Əthəm Feyzi Mustafaoğlu 1925-ci ildə Krımdan Buynakska gələrək ətrafına Azərbaycandan gələn türk gənclərindən ibarət müəllimlər qrupunu topladı. Əvvəllər əks-inqilabçı mövqeyi olan, indi isə xaricdəki mühacirlər və kapitalist dövlətlər hesabına casusluq edən şəxslərlə birlikdə əks-inqilabi fəaliyyət göstərən Əthəm Feyzi bu qrupa rəhbərlik edir. Qrupa əsasən aşağıdakı şəxslər daxildir: Səlim Fitrət, Teyfik Cəlal, Məqsud Şeyxzadə və Feyzi Məmmədov. Əthəm Feyzinin rəhbərlik etdiyi müəllimlər qrupu bir-birinin evlərində və Əthəm Feyzinin evində tez-tez toplanaraq əks-inqilabi Müsavat ruhunda məsələlər ətrafında müzakirələr aparır. Bu müzakirələrin mərkəzində onların 'qırmızı imperializm' adlandırdığı Sovet hakimiyyətinin milli siyasəti və Dağıstandakı təsirlərini artırmaq məsələsi dayanır". Buynaksklı müəllimlərin işi digər müəllimlərin 3 illik həbs edilməsi, Məqsud Şeyxzadənin isə 3 il müddətinə sürgün edilməsi ilə nəticələnir. Uzun illər Şeyxzadənin irsinin tədqiqi ilə məşğul olan ədəbiyyatşünas Naim Kərimova görə “cəmiyyət üçün təhlükəli ünsür” kimi sürgün olunmasının səbəbləri arasında ona M.Ə.Rəsulzadənin İstanbulda çıxardığı “Yeni Qafqaz” jurnalının və həmin jurnaldakı “Qırmızı imperializm” məqaləsinin təbliğatçısı “ittihamı”nın irəli sürülməsi ilə yanaşı, Şeyxzadə arxivindən onun müəllifi olduğu və indiyə qədər heç kimə məlum olmayan “Əlişir Nəvai” operası librettosunun aşkara çıxarılması, dramaturqun ölümünə yaxın yoxa çıxmış “Beruni” dramının taleyi ilə bağlı mühüm məlumatlar, Şeyxzadənin müxtəlif dönəmlərdə Əmir Teymur haqqında roman, Babur və Firqət haqqında dram yazmaq niyyətinin olması da var idi.

Məhkəmənin qərarına əsasən Şeyxzadə cəzasını Moskva, Leninqrad, Kiyev, Xarkov, Tiflis və Bakı istisna olmaqla digər şəhərlərdə çəkə bilərdi. O, MaHaçqalada 9 ay həbs olunduqdan sonra anasının tövsiyyəsi ilə Daşkənd şəhərini seçir və 1928-ci ilin fevral ayında Özbəkistana sürgün edilir.

Daşkənd həyatı Şeyxzadənin Özbəkistana gəldiyi illərdə Daşkənd ilə Bakı arasındakı mədəni əlaqələr intensiv şəkildə davam edirdi. Bir qisim azərbaycanlı ziyalılar Daşkənddə yaşayırdılar. Bundan başqa, atası Məsim bəyin dostlarından Sabir Şəripov da Daşkəndli idi. Nəticədə Şeyxzadə Daşkəndə gəlincə, bir neçə ay müddətində bu ata dostunun evində qaldı. Şeyxzadənin Daşkəndi seçməsi siyasi idarə tərəfindən də müsbət qarşılandı. Çünki Şeyxzadə bu şəhərə gəlməklə Müsavatçılardan da uzaqlaşmış və hətta onlarla əlaqəsini tamamilə kəsmiş olurdu. İkincisi, güclü bir idarə kimi tanınan Türkistandakı siyasi idarənin nəzarətinə düşürdü. Şeyxzadə də məsələnin bu tərəfini yaxşı bildiyi üçün Daşkənddə yaşadığı illər ərzində heç bir hərəkəti ilə diqqət və şübhə çəkməməyə çalışırdı. Burada həyatının yeni mərhələsinə başlayarkən soyadı kimi də "Şeyxzadə"ni istifadə etməyə başladı.

Şeyxzadənin Daşkəndə gəldiyi illərdə, dəmiryolu stansiyasının yaxınlığında azərbaycanlı uşaqlar üçün "Nərimanov" adlı məktəb açılmışdı. Bu məktəb, onun Özbəkistanda müəllim kimi çalışdığı ilk təhsil müəssisəsi idi. Məqsud Şeyxzadə hələ Dərbənd və Buynakskda müəllimlik etdiyi dövrdə Bakıda yerləşən Pedaqoji İnstitutun qiyabi təhsil proqramına yazılmış, hətta ikinci kursun dərslərini də vermişdi. Daşkəndə gəldikdən sonra isə Orta Asiya Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almağa başlamışdır. Şeyxzadə Orta Asiya Dövlət Universitetində bir il təhsil almışdır. 1928–29-cu tədris ilindən sonra universiteti tərk edərək "Şərq həqiqəti" qəzetində tərcüməçi kimi çalışmağa başlayır.

O Daşkənddəki ilk illərində Aybək və Qafur Qulam kimi gənc özbək şairləri ilə tanış olur. Onların da köməyi ilə özbək dilini mükəmməl şəkildə öyrənməyə və bu dildə şeirlər yazmağa çalışır. 1929-cu ildə özbək dilində qələmə aldığı ilk şeiri "Traktor" adlı əsəri "Şərq həqiqəti" qəzetində yayımlayır. Bundan sonra isə ömrünün sonuna qədər bu dildə şeirlər, dastanlar, dram əsərləri, tərcümələr, eləcə də ədəbi-tənqidi yazılar yazır.

Məqsud Şeyxzadə bir il yarım çalışdığı "Şərq həqiqəti" qəzeti 1931-ci ildə bağlanandan sonra "Qızıl Özbəkistan" qəzetində işləməyə başlayır. Bir il burada çalışdıqdan sonra, 1932-ci ildə "Yaş Leninçi" qəzetinə keçir. Bir il sonra isə "Qızıl Özbəkistan" qəzetinin nəzdində nəşr edilən "Gülüstan" adlı ədəbi jurnalda fəaliyyət göstərir və burada 1934-cü ilin ortalarına qədər işləyir.