Əli Mirəliyev (tam adı: Əli Fərzulla oğlu Mirəliyev; ) Azərbaycan müğənnisi, xalq mahnılarının və klassik estrada-mahnı janrında bəstəkar mahnılarının mahir ifaçısı, Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin, Azərbaycan Televiziyası və Radiosunun "Dan ulduzu" instrumental ansamblının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının keçmiş solisti.

Həyatı Əli Mirəliyev 1949-cu ildə Bakıda anadan olub. "Dan ulduzu" ansamblının, Dövlət Mahnı Rəqs Ansamblının, Azərbaycan Televiziyasının solisti olub. Uşaq yaşlarından Rübabə Muradova və Qulu Əsgərov kimi ifaçılarla çalışaraq, onların ifalarından sözlərin düzgün tələffüzünü, mahnının notada işlənməsi və digər konstruksiyalara nəzər yetirib. Bu, onun gələcəkdə müğənni kimi formalaşmasına böyük təsir göstərib. Televiziyada yarım saatlıq və ya daha artıq sistemlə konsert proqramı təşkil edən ilk müğənnilərdəndir. Uzun müddət "Səadət", "Xatirə" və "Dan ulduzu" ansamblları ilə konsertlər təşkil edib. Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada simfonik orkestri, Ağası Məşədibəyovun "Azərbaycan təranələri" xalq çalğı alətləri ansamblı, Baba Salahovun "Araz" xalq çalğı alətləri ansamblı, Əliağa Quliyevin xalq çalğı alətləri ansamblı, Əhməd Bakıxanovun xalq çalğı alətləri ansamblı, Əhsən Dadaşovun "Xatirə" xalq çalğı alətləri ansamblı ilə ifalar edib.

"Gecələr bulaq başı", "Ay işığında", "Səni unuda bilmərəm", "Ay gecikən məhəbbətim" (İsrayıl Kərimov bəstəsi), "Yaraşaydım", "Sevgilim" (C. Cahangirov bəstəsi), "Yox, mən səni görməmişəm", "Şirvan bayatıları", "Qayıt, gəl", "Sən olmuşam", "Oynadı qızlar", "Həkim qız", "Sənsiz yaman darıxmışam", "Kimdir günahkar?", "Kainat dünyası", "Nazəndə sevgilim", "Hardasan gəncliyim", "Məhəbbətim mənim", "Yeddi mətləbdən biri", "Gedək üzü küləyə", "Bir könül sındırmışam" və s. kimi mahnıları ilə sevilib. Müğənni Ruhəngiz Musəvi ilə duet ortağı olub, "Azad, firavan" (1982), "Şirin arzular", "Nə xoş gündür", "Şirindilli oğlan" "Qonşular", "Deyərmi" (1987) və s. 15-ə yaxın bəstəkar mahnılarını birgə ifa ediblər. Elmira Rəhimova, Ruhəngiz Allahverdiyeva, Xədicə Abbasova, Firuzə İbadova, İlhamə Quliyeva, Züleyxa Mirismayılova, Zöhrə Abdullayeva və s. kimi qadın sənətkarlarla duet ortağı olmuşdur. 1999-cu ildə şəxsi istəyi ilə böyük səhnə fəaliyyətini sonlandırıb. 2006-cı ildə isə öz səhnə fəaliyyətini bərpa edib.

Əli Mirəliyev məşhur müğənni İlhamə Quliyevanın dayısı qızı ilə ailə həyatı qurub, bir qızı və bir oğlu vardır.

Əli Mirəliyev 1992-1994-cü illərdə Müsavat Partiyası üzvü olmuşdur.

Əli Mirəliyev 2017-2019-cu illərdə "Səhər-Səhər" verilişində Elgiz Əkbərlə birlikdə aparıcı kimi çalışmışdır.

Hal-hazırda Əli Mirəliyevin Qızıl Fondda 120 mahnısı qorunub saxlanılır. Onların içərisində bəstəkarı olduğu "Segah təsnifi" və "Sənsiz yaman darıxmışam" mahnıları da mövcuddur.

İstinadlar

Kateqoriya:Azərbaycanlı müğənnilər Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:Müsavat Partiyasının üzvləri