Aydın İsrafil oğlu Məmmədov () — Azərbaycan dövlət xadimi, daxili xidmət general-mayoru, Azərbaycan SSR daxili işlər naziri (1987–1990).

Həyatı Aydın Məmmədov 22 mart 1939-cu ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı Dənizçilik Məktəbini, 1970-ci ildə Odessa Dəniz Donanması İnstitutunu bitirmişdir, 1983-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir.

1956–1960-cı illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Qəhrəman Mehdi" gəmisində matros, 1960-cı ildən Bakı şəhər 26 Bakı Komissarı Rayon Komsomol Komitəsinin təlimatçısı, 1960–1963-cü illərdə Bakı Dənizçilik Məktəbi Komsomol Komitəsinin katibi, 1963–1965-ci illərdə Dəniz Gəmiçiliyi Komsomol Komitəsinin katibi, 1965–1969-cu illərdə Bakı Dənizçilik Məktəbi rəisinin siyasi işlər üzrə müavini vəzifələrində çalışmışdır.

Aydın Məmmədov 1969–1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsi katibinin müavini, 1971–1978-ci illərdə Xəzər Hövzə Dəniz və Çay Donanması İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1978–1980-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsinin katibi, 1980–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Nəqliyyat və rabitə şöbəsinin müdiri olmuşdur.

Aydın Məmmədov 1987–1990-cı illərdə Azərbaycan SSR daxili işlər naziri vəzifəsində işləmişdir. 1990–1992-ci illərdə ildən Bakı Dəniz Limanının rəisi, 1992-ci ildən isə Bakı Beynəlxalq Dəniz Limanının baş direktoru olmuşdur.

Aydın Məmmədov 1960-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 26 iyul 1981-ci ildə 337 nömrəli Küçəkənd seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin X çağırış, 1985-ci ildə isə 195 nömrəli Pensər seçki dairəsi üzrə XI çağırış deputatı seçilmişdir. Ali Sovetin Nəqliyyat və Rabitə Komissiyasının sədri olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.

Aydın Məmmədov ailəli olmuşdur. İki oğlu var. Kiçik oğlu Azər Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayordur. Aydın Məmmədov ictimai-siyasi xadim Sultan Məmmədovun kiçik qardaşıdır.

Aydın Məmmədov 12 dekabr 2001-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR daxili işlər nazirləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları