İrəvan Azərbaycan Pedaqoji Texnikumu və ya İrəvan Türk Pedaqoji TexnikumuElm və təhsil . iravan.preslib.az — Ermənistan SSR-də fəaliyyət göstərmiş orta ixtisas məktəbi; Ermənistandakı azərbaycanlı məktəbləri üçün müəllimlər hazırlayan internat tipli tədris müəssisəsi. 1924-cü il oktyabrın 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu fəaliyyətə başlayıb. Azərbaycan məktəbləri üçün müəllimlər hazırlayan bu təhsil müəssisəsinin yaranması uzun və çətin mübarizənin nəticəsində olmuşdur.

Texnikumun ilk dövründə Mehdi Kazımov direktor, Bala Əfəndiyev ictimaiyyət müəllimi, Əsgər Əsgərzadə ana dili müəllimi, Cəmil Əliyev isə təbiət müəllimi kimi fəaliyyət göstərmişdir. Bülbül Kazımova da texnikumda dərs deyən ilk azərbaycanlı qadın idi. 1925-ci ildən texnikum Nəriman Nərimanov adına Türk Pedaqoji Texnikumu adlandırılıb. 1929-cu ilin iyun ayında İrəvan Türk Pedaqoji Texnikumunun ilk buraxılışı baş tutmuşdur. 1926-cı ildən qəbul olunmuş 32 tələbədən 20-si (18 oğlan, 2 qız) bu mərhələni tamamlayıb. 1934-cü ildə ali təhsilli müəllimlərin cəlb edilməsi ilə tədrisin keyfiyyəti artır. Texnikum 1934-cü ildə Ümumittifaq texnikumlar yarışında birinci olub 7 min manat pul mükafatı qazanmışdır.

İrəvan Azərbaycan Pedaqoji Məktəbinin yaradılması, Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar üçün əhəmiyyətli bir hadisə olmuşdur. Məktəbin 15 illik yubileyi 1940-cı ildə qeyd edilmiş, bu müddət ərzində məktəb 1228 müəllim hazırlamışdır. 1948-ci ilin noyabr ayının ortalarına kimi İrəvanda fəaliyyət göstərən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu təkcə tədris müəssisəsi kimi deyil, eyni zamanda Qərbi Azərbaycanda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında və qorunmasında böyük rol oynamışdır.

Tarixi

Arxa plan 1920-ci il noyabrın 29-da Qərbi Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, təhsil və maarif məsələlərinə yanaşma dəyişdi və təhsilin inkişafında yeni bir mərhələ başlandı. Bolşevik rejimi həmin vaxta qədər "Ermənistan"da mövcud olan təhsil sistemindən imtina edərək, yeni sovet təhsil sisteminin formalaşdırılmasına önəm verdi. 1921-ci il dekabrın 17-də Ermənistan Xalq Maarif Komissarlığının əmri ilə köhnə məktəblər bağlanaraq, yeni sovet məktəblərinin yaradılmasına başlanıldı. Bununla əlaqədar olaraq, 1921-ci il aprel ayının 23-də Ermənistan Xalq Maarif Komissarlığının verdiyi əmrdə göstərilirdi ki, respublikada yaşayan azərbaycanlılar öz ana dilində təhsil almalıdırlar. Bundan başqa, xarici dillərdən birinin öyrənilməsi isə məcburi hesab edilirdi.

1922–1923-cü tədris illərində Qərbi Azərbaycanda 36, 1924-cü ildə isə 62 Azərbaycan məktəbi fəaliyyət göstərirdi. 1930-cu illərə gəldikdə bu say 245-ə çatmışdı, onlardan 45-i İrəvan qəzasında yerləşirdi. Məktəblərin sayının sürətlə artmasının əsas səbəblərindən biri, 1918–1920-ci illərdə erməni daşnaklarının təzyiqlərindən qaçan azərbaycanlıların sovet hakimiyyətindən sonra öz yurdlarına geri dönməsiydi.

Azərbaycan məktəbliləri üçün pedaqoji kadrlar hazırlayan tədris müəssisəsinin yaradılması ideyası ilk dəfə 1922-ci il yanvarın 30-da Ermənistan Kommunist Partiyasının birinci qurultayında gündəmə gətirilsə də, həmin dövrdə bu tələblər diqqətə alınmamışdı. Bununla belə, Azərbaycan məktəblərində müəllim çatışmazlığı problemi hələ də vacib məsələlərdən biri kimi qalırdı. 1923-cü il martın 29-da keçirilən EKP-nin ikinci qurultayında azərbaycanlı pedaqoji kadrların hazırlanması məsələsi bir daha müzakirəyə çıxarılsa da, bu problem həll edilməmiş qaldı.

Qurultayda Ermənistanın şovinist dairələri və Xalq Maarif Komissarı A. Mravyan Azərbaycan məktəblərinin müəllim ehtiyacını yerli kadrların hazırlanması ilə deyil, Azərbaycandan pedaqoji kadrların dəvət edilməsi yolu ilə aradan qaldırmağı daha məqbul hesab edirdilər.

Azərbaycanlılar arasında maarif işlərini gücləndirmək məqsədilə 1922-ci ildə Ermənistan Xalq Maarif Komissarlığı yanında "Azlıqda qalan Millətlər Bürosu" yaradıldı və İrəvanın tanınmış maarifçisi Mehdi Kazımov həmin büronun müdiri təyin edildi. Eyni zamanda, Ermənistan K(b)P MK yanında "Azsaylı Xalqlar Şöbəsi" də fəaliyyət göstərirdi, onun rəhbəri Bala Əfəndiyev idi. Onların təşəbbüsü ilə 1922-ci ilin sonlarında İrəvanda hazırlıq kursları təşkil edildi. Müəllim kadrlarına olan böyük ehtiyacı ödəmək üçün kurslardan keçənlər məktəblərə müəllim kimi göndərilirdi, lakin bu tədbirlər kifayət etmirdi.

Bu ehtiyacı ödəmək üçün Bala Əfəndiyev və Mehdi Kazımovun səyləri nəticəsində 1923-cü ilin noyabr ayında İrəvanda 2 aylıq yay hazırlıq kursu təşkil edildi. Bu dövrdə İrəvanda azərbaycanlı qızlar məktəbi, İrəvan yeddillik azərbaycanlı məktəbi və bir neçə beynəlmiləl məktəbin Azərbaycan bölmələri fəaliyyət göstərirdi. 1923-cü ilin sonlarında təşkil olunmuş bu hazırlıq kurslarında 1926-cı ilə qədər 143 müəllim hazırlanmışdır ki, bunlardan da 6 nəfəri qadın idi.

Təsis edilməsi Bütün görülən tədbirlərə baxmayaraq, azərbaycanlı məktəbləri üçün müəllim kadrlarına olan ehtiyac tam şəkildə qarşılanmırdı. Ermənistanın şovinist dairələri isə azərbaycanlılar üçün müstəqil bir pedaqoji tədris müəssisəsinin açılmasına qarşı çıxır, bunun əvəzində Erməni Pedaqoji Texnikumunun nəzdində Azərbaycan şöbəsinin yaradılmasını təklif edirdilər.

Müəllim çatışmazlığı probleminin həlli üçün yerli kadrların hazırlanmasına böyük ehtiyac olduğunu yaxşı anlayan EK(b)P MK-nın "Azsaylı Xalqlar Şöbəsi"nin rəhbəri Bala Əfəndiyev, EXMK-nın "Azsaylı Millətlər Bürosu"nun müdiri Mehdi Kazımov, "Zəngi" qəzetinin baş redaktoru Mustafa Hüseynov və digər azərbaycanlı ziyalılar bu məsələdə səylərini dayandırmadılar. Nəticədə 1924-cü il oktyabrın 15-də İrəvanda Türk Pedaqoji Texnikumu təsis edildi.Bu Texnikumun açılması Azərbaycan məktəblərində müəllim kadrlarına olan ehtiyacın aradan qaldırılması işinin müəyyən dərəcədə qaydaya salınması sahəsində ilk addım oldu.

Bu təhsil ocağına müxtəlif vaxtlarda Mehdi Kazımov, Bəhlul Yusifov, Həmid Məmmədzadə kimi tanınmış maarif xadimləri rəhbərlik etmişlər..

Mehdi Kazımovun rəhbərliyi dövründə Texnikum fəaliyyətə başladığı ilk illərdə Mehdi Kazımov həm direktor, həm də rus dili müəllimi kimi fəaliyyət göstərirdi. Bala Əfəndiyev ictimai fənlər üzrə dərs deyir, Əsgər Əsgərzadə ana dili müəllimi olaraq işləyirdi. Cəmil Əliyev təbiət elmlərini tədris edərkən, Kərim Məhərrəmov isə texniki işlər üzrə köməkçi vəzifəsini icra edirdi.

Qısa zaman ərzində Əşrəf Bayramov, Miryusif Mirbabayev, Məhəmməd Əzimzadə, İsmayıl Babayev kimi ziyalılar bu maarif ocağının pedaqoji heyətinə daxil olmuşdular. Qeyd etmək lazımdır ki, dünya şöhrətli alim, akademik Yusif Məmmədəliyev ilk əmək fəaliyyətinə bu texnikumda başlamışdır. O, 1926–27-ci illərdə bu təhsil ocağında kimya-biologiya fənnini tədris etmişdir. Məktəbin ilk müəllimlərindən biri, coğrafiya elminin tədrisinə böyük töhfələr vermiş Ələşrəf Bayramov idi.

Bu təhsil ocağı 1925-ci ildə Nəriman Nərimanov adına İrəvan Türk Pedaqoji Texnikumu adlandı. İrəvan Türk Pedaqoji Texnikumu, erməni pedaqoji texnikumunun binasında, çox əlverişsiz şəraitdə fəaliyyət göstərirdi. Məktəb 30 nəfər tələbəni əhatə edən darısqal bir sinif və iki yataq otağından ibarət idi. Dərslik, tədris proqramları, laboratoriyalar və digər təchizatların çatışmazlığı təhsil prosesini ciddi şəkildə çətinləşdirirdi. Texnikumun direktoru Mehdi Kazımov texnikum ilə bağlı qeydlərində yazır ki, sinifdə parta və oturacaqlar olmadığından tələbələr yerdə otururdular. Ermənistanın hakimiyyət orqanları nəinki texnikumda, eləcə də Azərbaycan məktəblərində mövcud olan problemlərin və çatışmazlıqların aradan qaldırılması üçün heç bir səy göstərmirdi. 1925-ci ilə qədər texnikumda əsaslı tələbə qəbulu aparılmamış, yalnız qısa müddətli kurslar təşkil olunmuşdu. Bu kurslarda az savadı olan şəxslər müəllim kimi hazırlanaraq məktəblərə göndərilirdi. 1925-ci ildə hazırlıq kursuna 25 nəfər tələbə qəbul olunmuş, onlar 1926-cı ildə pedaqoji fəaliyyətə başlamışdılar. Texnikumun birillik müəllim hazırlıq kursları isə sonrakı dövrlərdə də davam etmişdir.

Azərbaycan Xalq Maarif Komissarlığı Qərbi Azərbaycandakı milli məktəblərin dərslik, tədris proqramları və digər ləvazimatlarla təmin olunmasına yaxından köməklik göstərirdi. B. Əfəndiyev, M. Kazımov və M. Hüseynovun səyləri nəticəsində texnikumda bəzi problemlər həll edilmiş və 1925-ci il oktyabrın 15-dən 27-dək ilk tələbə qəbulu aparılmışdı. Fəhlə-kəndli mənşəli gənclər qəbul edilir, hər iki cinsdən olan 15 yaşını tamam etmiş, dördillik məktəbi bitirənlər müsabiqədə iştirak edə bilirdilər. Qəbul zamanı qızlar üçün müəyyən üstün hüquqlar verilirdi ki, bu da qızların təhsilə cəlb edilməsinə stimul yaradırdı. İmtahanlar türk dili, hesab, coğrafiya və ictimaiyyət fənlərindən keçirilirdi. Texnikumda cəmi bir sinif otağı olduğundan, 69 tələbə bəzən dəhlizdə dərs keçməyə məcbur olurdu. Texnikuma azərbaycanlıların yaşadığı müxtəlif bölgələrdən tələbələr qəbul edilsə də, bu say bölgələrdəki əhali sayına uyğun olmurdu. Məsələn, 1927-ci ildə texnikuma 31 nəfər əsas kursa,112 nəfər isə altı aylıq və bir illik hazırlıq kursuna daxil olmuşdur ki, bunlardan 77 nəfəri İrəvan,14 nəfəri Ücmüədzin,7 nəfəri Gümrü, 4 nəfəri Lori-Pəmbək, 5 nəfəri Nor-Bəyazid, 9 nəfəri Dilican, 20 nəfəri Zəngəzur, 4 nəfəri Dərələyəz, 3 nəfəri isə Meğri bölgələrindən idi.

Texnikum təkcə tədris müəssisəsi deyil, həm də İrəvanda Azərbaycan mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin inkişafında mühüm rol oynayırdı. "Zəngi" qəzetinin yayılmasında və türk əlifbasının təbliğində texnikumun müəllim və tələbə heyəti fəal iştirak edirdi. Qəzetin ən fəal müxbirləri texnikumun tələbələri, o cümlədən Tağı Camalov, Mehdi Bəşirov, Rüstəm Tağıyev, Nəriman Fəxri, Telman Nəzərli, Yunis Tağıyev, Qasım Əliyev, Əbülfət İbrahim, Əliqulu Səlimov, Abbas Tahir, Əbülfət Rəhimov, Adil Axundov, Nurəli Qurbanov, Şəmo Hətəmov, Nəzər Paşayev, Məmməd Paşayev və başqaları "Zəngi" qəzetinin ən fəal müxbirləri idi. . 1927-ci ildə Ermənistan Proletar Yazıçılar Cəmiyyətinin nəzdindəki azərbaycanlı bölmənin canlandırılmasında da texnikumun əhəmiyyətli rolu olmuşdu.

1926–1927-ci illərdə texnikumda ədəbiyyat, teatr və hərbi dərnəklər geniş fəaliyyət göstərirdi. Abbas Tahir, Cəmil Əliyev və Nəcəf Əliyev bu dərnəklərə rəhbərlik edirdilər. 1928–1929-cu tədris ilində texnikuma 40 tələbə qəbul edildi və texnikumun fəaliyyəti daha da genişləndi. 1928-ci ildə Miryusif Mirbabayev texnikumun yeni tədris işləri üzrə direktoru təyin edildi və 1933-cü ilə qədər bu vəzifəni icra etdi. Bu zaman Cəfər Cəfərov da texnikumun təsərrüfat işləri müdiri vəzifəsinə təyin edilmişdi.

Texnikumun ilk buraxılışı 1929-cu ilə təsadüf edir. 1926-cı ildə qəbul olunmuş 32 nəfər tələbədən 20 nəfəri texnikumu bitirməyə müvəffəq ola bilmişdir ki, onlardan da 18 nəfəri oğlan, 2 nəfəri isə gənc qızlar idi. 1929-cu ildə texnikuma 32 nəfər qəbul olmuşdu ki, onlardan 16-sı oğlan, 16-sı qız idi. 1930-cu ildə məcburi təhsilin tətbiqi haqqında qərar ilə məktəblərdə şagirdlərin sayı artmağa başladı. Belə halda Azərbaycan məktəblərində müəllim tələbatı da artdı. Buna baxmayaraq azərbaycanlı müəllimlər mülkədar, bəy, xan, millətçi və s damğaları ilə təhsil müəssisələrindən ixrac edilirdilər. Bu hadisə texnikuma da öz təsirini göstərmiş, tezliklə Ələkbər Həsənzadə, Fəraməz Kazımbəyov, Mikayıl Əliyev, Tərifə İsmixanova, Oruc Şumalov, Ziyad Şərifov və başqaları bu adlarla damğalarla texnikumdan xaric edilmişdilər.

Texnikumun ikinci buraxılışı 1930-cu ilə təsadüf edir. 1931-ci ildə texnikumun tələbə təşkilatı yaradıldı. Təşkilata rəhbərliyi texnikumun tələbələrindən Nadir Talıbov etmişdir. Sonrakı dövrlərdə isə Əbil Rzayev, Muxtar Bayramov, Budaq Budaqov və başqaları tələbə təşkilatının sədri olmuşlar.