Şahin İsgəndər oğlu Məmmədov () — Azərbaycan hərbi xadimi, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini — Daxili Qoşunların komandanı (2013-cü ildən), general-leytenant (2015).
Həyatı Şahin İsgəndər oğlu Məmmədov 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonu, Zəlimxan kəndi) anadan olub.
O, 1986-cı ildə DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbini və 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunu bitirib.
Ş. Məmmədov 1979–1981-ci illərdə SSRİ DİN Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətdə olub. 1982–1986-cı illərdə SSRİ DİN-in Saratov Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb, 1986–1992-ci illərdə isə SSRİ DİN-in Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini — qərargah rəisi vəzifələrinədək yüksəlib.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra isə Şahin Məmmədov 9 iyun 1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilib. Şahin Məmmədov Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı aparılan döyüş əməliyyatlarında da fəal iştirak edib. Onun 1992-ci ilin sentyabr ayında Ağdam rayonunun Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə şəxsi heyətə bacarıqlı rəhbərliyi altında yüksəklik düşməndən azad edilib. Şahin Məmmədovun özü isə döyüşlər zamanı yaralanıb.
1992–1997-ci illərdə Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarında hərbi hissə (əlahiddə tabor) komandiri, hərbi hissə (briqada) komandirinin müavini — qərargah rəisi, hərbi hissənin (alay) komandiri vəzifələrində xidmət edib.
Xidməti ərzində 1998-ci ildən 15 noyabr 2013-cü ilədək Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini — Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrinədək yüksəlib.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli 1384 nömrəli Sərəncamı ilə Şahin Məmmədova "general-mayor" hərbi rütbəsi verilib. 11 mart 2015-ci ildə ona general-leytenant ali hərbi rütbəsi verilib.
Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli 64 nömrəli Sərəncamı ilə isə Daxili İşlər Nazirinin müavini — Daxili Qoşunların Komandanı vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.
Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 30 iyun 2002 "Vətən uğrunda" medalı — 10 mart 2012 "Azərbaycan Bayrağı" ordeni — 29 iyun 2019 "Qarabağ" ordeni — 9 dekabr 2020
İstinadlar
Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan Daxili Qoşunlarının komandanları Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirlərinin müavinləri