Firəngiz Əliağa qızı Əlizadə () — Azərbaycan bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının sədri (2007-ci ildən). Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (1974), Azərbaycan Respublikasının Xalq artisti (2000), professor (1998), AMEA-nın müxbir üzvü (2017), UNESCO-nun "Sülh artisti" (2007), "Şöhrət" (2007), "Şərəf" (2017) ordenləri laureatı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü.
Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanmışdır.
Həyatı Firəngiz Əliağa qızı Əlizadə 1947-ci il mayın 28-də Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. Həm bəstəkarlıq (1972-ci il, professor Qara Qarayevin sinfi), həm də fortepiano ixtisası üzrə (1970-ci il, professor Urfan Xəlilovun sinfi) konservatoriyanı fərqlənmə diplomu ilə bitirmişdir. 1970-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamış, 1972–1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmışdır. F. Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür.
Fəaliyyəti 1992-ci ildə F. Əlizadəyə Türkiyə dövləti tərəfindən "Boş beşik" baletinin yaradılması sifariş olunmuşdur. Həmin əsər Mersin Opera və Balet Teatrının açılışı münasibətilə 3 yanvar 1993-cü ildə səhnəyə qoyulmuşdur. 1998-ci ilə qədər F. Əlizadə Mersin Opera və Balet Teatrında və Mersin Konservatoriyasında professor vəzifəsində çalışmışdır.
1999-cu ildə isə o, Almaniyaya, Berlin İncəsənət Akademiyasının ("Akademie der Künste") professoru vəzifəsinə dəvət olunmuşdur. 2007-ci ilə kimi burada bəstəkar, pianoçu və dirijor kimi fəaliyyət göstərmişdir.
F. Əlizadə 1974-cü ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1979-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi olmuşdur. 2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilmiş və bu günə kimi həmin vəzifədə fəaliyyətini davam etdirir.
F. Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir. F. Əlizadə bir bəstəkar, pianoçu, musiqişünas, pedaqoq, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bir pianoçu kimi o, Arnold Şönberq, Alban Berq, Anton Vebern, Paul Hindemit, Olivye Messian, Con Keyc, C. Kramb kimi bəstəkarların əsərlərinin ölkəmizdə ilk dəfə ifa edib və onların tanıdılmasında mühüm rol oynamışdır. O, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olmuşdur. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir. Bakıda ilk "Müasir Musiqi" Festivallarının təşkilatçılarından biridir (1986–1991).
F. Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda parlaq şəkildə təmsil edir. Onun əsərləri bir çox xarici ölkələrdə ifa olunmuş, o, həmin ölkələrin "composer in residence" (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülmüşdür.
F. Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin müəllifidir: "İntizar", "Sənin adın Dənizdir", "Ağ atlı oğlan" operaları, "Boş beşik" və "Stadt-Graniza" baletləri, "Habilsayağı", "Muğamsayağı", "Oazis", "Dərviş", "Abşeron" – müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, "Silk road" Konserti, violonçel və orkestr üçün Konsert "Mərsiyə", böyük simfonik orkestr üçün "İthaf", "Nağıllar" və s. əsərlər.
Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərdən: Violonçel üçün "Oyan!" (Paris, Fransa, 2005), Kvintet üçün "Xəzər" (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün "Atəş" (Sietl, ABŞ, 2006); "Optical İdentity" baleti (Sinqapur, 2007); Misteriya "Al Kamandjaty" (Roma, İtaliya, 2007), Skripka üçün "Dastan" (Auqsburq, Almaniya, 2007), Hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün "Dəniz" (Bern, İsveçrə, 2008), "Your name means the Sea" operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün "Mugflagamenco" (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün "İmpuls" (ABŞ, 2012), Fortapiano üçün "Landscape" (Fransa, 2012), qarışıq kvartet üçün "Schwindende Schönheit" (Münhen, 2016), kamera orkestri və zərb alətləri üçün "Harmony" (Los-Anceles, ABŞ, 2019) və s. qeyd etmək olar.
2017-ci ildə XIV əsr Azərbaycan şairi İmadəddin Nəsiminin ölümünün 600 illiyi münasibətilə UNESCO-da keçirilən tədbirdə "Nəsimiyə ithaf" baleti tamaşaya qoyulmuşdur. 2017-ci ildə Amsterdamın "Consertgebouw" konsert təşkilatının sifarişi ilə yazılan solist, xor və simfonik orkestr üçün "Nasimi-Passion" əsərinin premyerası baş tutmuşdur.
2019-cu ildə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş "Nəsimi ili" çərçivəsində Bakıda F. Əlizadənin "Nasimi-Passion" əsəri vokal-xoreoqrafik tamaşa kimi Heydər Əliyev Sarayında səhnəyə qoyulmuşdur.
Azərbaycan Bəstəkarlar İttifaqının 24 yanvar 2025-ci ildə keçirilən XI qurultayında Firəngiz Əlizadə yenidən 5 il müddətinə ittifaqın sədri seçilib.
İctimai fəaliyyəti Firəngiz Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan musiqi xadimidir. O, Heydər Əliyev Fondunun rəhbərliyi ilə keçirilən I (2009), II (2011), III (2013), IV (2015) və V (2018) "Muğam Aləmi" ("Space of Mugham") Beynəlxalq Musiqi Festivalının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəki şəhərində keçirilən I–X (2010–2019) "İpək yolu" Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri kimi, həmçinin, "Üzeyir dünyası" layihəsinin koordinatoru və baş redaktoru kimi səmərəli fəaliyyət göstərir.
Azərbaycan Bəstəkarlar İttifaqının VIII (2007), IX (2012) və X (2019) qurultaylarında sədr vəzifəsinə seçilmişdir.
8 fevral 2015-ci ildə Firəngiz Əlizadənin əsərlərinin də daxil olduğu Amerikalı ulduz skripkaçı Hillari Hanın () "Deutsche Grammofon" albomu "Qremmi" mükafatına layiq görülüb. Azərbaycanlı bəstəkarın əsərlərinin çoxluq təşkil etdiyi albom "İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçilib.
2019-cu ildə dünyanın nüfuzlu təşkilatlarından biri olan "Aga Khan Foundation" tərəfindən "Aga Khan Music Award — 2019" (creation) Belnəlxalq Musiqi mükafatına layiq görülmüşdür. Bu mükafat dünyada ilk dəfə olaraq bəstəkarlıq sənəti üzrə təsis olunmuşdur və "Nəsimi İlahiləri" ("Nasimi Passion") əsərinə görə F. Əlizadəyə — 2019-cu il aprelin 1-də Portuqaliyanın Prezidenti Marselo Rebelo, Ağa Xan Fondunun prezidenti, zati-aliləri Ağa xan və şahzadə Amin tərəfindən Lissabonda keçirilən təntənəli mərasimdə təqdim olunmuşdur.
Təltif və mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 31 dekabr 1990 "Şərəf" ordeni — 22 may 2017 "Şöhrət" ordeni — 25 may 2007 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı — 2018 UNESCO-nun "Sülh artisti" fəxri adı — 2007 "Uğur" mükafatı — 2010 "Zirvə" mükafatı — 2011 AMEA-nın "Üzeyir Hacıbəyli" mükafatı — 2016 "The First" mükafatı — 2017 "Aga Khan Music Awards — 2019" (creation) laureatı — 2019 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024
Əsərləri Sonata № 1 — piano üçün (Alban Berqin xatirəsinə ithaf olunub). İlk ifa: 1970, Bakı, Azərbaycan. Simfoniya. 1976. "Vətən haqqında nəğmələr" — oratoriya (Nəbi Xəzrinin sözlərinə). İlk ifa: 1976, Bakı. "Fantaziya" — orqan üçün. 1977. İlk ifa: 1978, Bakı. Simli kvartet. İlk ifa: 1978, Tbilisi, Gürcüstan. "Monoloq" — violonçel və zərb alətləri üçün. İlk ifa: 1979, Bakı. "Habil Sayağı" – violonçel və fortepiano üçün. İlk ifa: 1979, Leninqrad, Rusiya. "Komsomol odası" – xor və simfonik orkestr üşün (Davud Nəsibin sözlərinə). 1982, Bakı. "Ağ atlı oğlan haqqında əfsanə" – rok-opera. 1982. "Kvartet-Poema" – klarnet, skripka və iki zərb aləti üçün. İlk ifa: 1983, Bakı. Simfoniya, ikinci redaksiya. 1984. "Üç akvarel" – vokal silsilə (Nigar Rəfibəylinin sözlərinə). İlk ifa: 1987, Bakı. "Zu den Kindertotenliedern" (Qustav Malerin xatirəsinə ithaf olunub). İlk ifa: 1989, Zürix, Almaniya. "Music for Piano" ("Piano üçün musiqi"). İlk ifa: 1989, Los-Anceles, ABŞ. "Dilogiya II". İlk ifa: 1990, Zürix, İsveçrə. Sonata № 2 – piano üçün. İlk ifa: 1990, Heydelberq, Almaniya. "From Japanese Poetrie" ("Yapon poeziyasından") — vokal silsilə, 3 ifaçı: soprano, fleyta, piano/vibrafon/çelesta üçün. (İ. Takubokunun sözlərinə). 1990. İlk ifa: 1995, Bern, İsveçrə. "Crossing-I" ("Çarpazlaşma-I") – 2 ifaçı: klarnet və vibrafon/klavesin üçün. 1991. İlk ifa: 1995, Bern, İsveçrə. "Crossing-II" ("Çarpazlaşma-II") – 11 ifaçı üçün. 1992. İlk ifa: 1995, Bern, İsveçrə. "Boş beşik" – iki pərdəli balet (Nicat Cüməlinin poeması əsasında). 1993, Mersin, Türkiyə. "Muğam Sayağı" (3 saylı simli kvartet) — simli kvartet, zərb alətləri və sintezator üçün. 1993, Nyu-York, ABŞ "Phantasie" – solo gitara üçün. İlk ifa: 1994, Wintetur, Almaniya. "Miraj" ("İpək yolu" silsiləsindən) – ud və kamera ansamblı üçün. İlk ifa: 1998, Amsterdam, Niderland. "Azərbaycan pastoralı" – fleyta, iki gitara və zərb alətləri üçün. 1998, Luqano, İsveçrə. "Strum und Drang" – simfonik orkestr üçün. 1998, Köln, Almaniya. "Aşk havası" ("İpək yolu" silsiləsindən) – solo violonçel üçün. 1998. Tallin, Estoniya "Oasis" (4 saylı simli kvartet; "İpək yolu" silsiləsindən) – simli kvartet və maqnit yazısı üçün. 1999, Qlazqo, Şotlandiya. "Silk road" Konserti – zərb alətləri və kamera orkestri üçün. 1999, Lüsern, İsveçrə. "İtirilmiş zaman axtarışında" ("İn Search of Lost Time") – soprano və kamera orkestri üçün (müəllifin sözlərinə). 1999, Orhus, Danimarka. "Власть красоты" – romans, tenor və simli kvartet üçün. (A. S. Puşkinin sözlərinə). 1999, Sankt-Peterburq, Rusiya. "Ölümsüzlüyə səyahət" oratoriyası – bariton, xor və simfonik orkestr üçün (Nazim Hikmətin sözlərinə). 1999, Lüsern, İsveçrə. "Gottes ist der Orient" – xor, orqan, arfa və zərb alətləri üçün (Azərbaycan şairlərinin sözlərinə və V. Hötenin "Şərq-Qərb Divanı" poeması əsasında. Azərb. və alman dillərində). İlk ifa: 2000, Köln, Almaniya. "Dərviş" septeti — qiraətçi, solo violonçel və ansambl üçün. 2000. İlk ifa: 2001, Votersen, Almaniya ("Schleswig Holstein" Musik Festival). "Abşeron" kvinteti – piano (prepare) və simli kvartet üçün. 2001, Paris, Fransa. "Du Don De Sol" – balet. "Absheron Quintet" əsərinin musiqisi əsasında, Paulo Ribieronun xoreoqraflığı ilə "Kronos Quartet" və müəllifin ifasında. "Arseni Tarkovskinin kino dünyası" baleti. Portuqaliya, Lissabon. 2002/2003. "Bayatılar" – "Hilliard" ansamblı üçün (kişilərdən ibarət vokal kvartet). 2001, Bonn, Almaniya. "Dəyişmə" – iki arfa və maqnit yazısı üçün. 2001, İstanbul, Türkiyə. Konsert – marimba və simli orkestr üçün. 2001. İlk ifa: 2002, Ştutqard, Almaniya, (III Beynəlxalq Marimba Müsabiqəsi) "Stadt Graniza". Balet. İlk ifa: 2001, Berlin, Almaniya "Mərsiyə" – violonçel və simfonik orkestr üçün Konsert. 2002, Lissabon, Portuqaliya. "Nağıllar" – böyük simfonik orkestr üçün. 2002, Lüsern, İsveçrə. "Metamorphoses"("Şüştər") – 12 violonçel üçün. 2002, Berlin, Almaniya. "Song of Azerbaijan" – balet. "Muğam Sayağı" əsərinin musiqisi əsasında, "Kronos Quartet"in ifasında, "Pearl Lang" Balet Company. Broadway, New-York, ABŞ. 2000/2003. "İthaf" – böyük simfonik orkestr üçün. 2003, Bakı, Azərbaycan. "Sabah" – violin, violonçel, bifa (çin aləti) və hazırlanmış royal üçün. İlk ifa: 2003, San-Dieqo, ABŞ. "Aspen" festivalı. "Yanar Dağ" – violonçel və bayan üçün. 2003, Zermatt, İsveçrə. "One" – fin xoreoqrafik qrupunun baleti, Helsinki, 2003/2005.