Namiq Nəsrulla oğlu Nəsrullayev () — Azərbaycan Respublikasının iqtisadiyyat naziri (1996–2001), Azərbaycan Respublikası Hesablama Palatasının ilk sədri (2001–2007). Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Nəsrullayevin oğludur.

Həyatı 2 fevral 1945-ci ildə Bakı şəhərində anadan olmuş, 1962-ci ildə orta məktəbi, 1967-ci ildə fərqlənmə diplomu ilə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini, 1970-ci ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.

Ailəlidir, 2 övladı var.

Elmi fəaliyyəti 1968-ci ildən Moskvada akademik Boris Nikolayeviç Petrovun rəhbərliyi ilə SSRİ Elmlər Akademiyası İdarəetmə Problemləri İnstitutunun aspiranturasında avtomatik idarəetmə və tənzimləmənin invariantlılıq nəzəriyyəsi, ekstremal tənzimləmə sistemləri üzərində işləmişdir.

1978-ci ildə bort nüvə energetikası qurğuları üzrə texnika elmləri namizədi elmi dərəcəsi almışdır.

1978–1987-ci illərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun direktor müavini, "Kibernetika" XKB-nin direktoru işləmişdir.

1987-ci ildə Azərbaycan "Ulduz" Elm İstehsalat Birliyinin və "Rabitə Sistemləri" Elmi-Tədqiqat İnstitutunun direktoru təyin edilmiş, həmin vəzifələrdə 1995-ci ilədək çalışmışdır.

15 müəlliflik şəhadətnaməsi almış, 32 elmi əsəri nəşr edilmişdir.

Siyasi fəaliyyəti 1995-ci ildən Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərmişdir.

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə təyin edilmiş, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilmişdir.

Mükafatları Namiq Nəsrullayev 1973-cü ildə SSRİ Nazirlər Sovetinin xüsusi mükafatı, 1986-cı ildə "Əmək rəşadəti" medalı, 2005-ci ildə Rusiya Federasiyasının Prezidentinin fərmanı ilə "Dostluq" ordeni, 2007-ci ildə Rusiya Federasiyasının Hesablama Palatasının "Fərqlənmə nişanı" ilə təltif edilmişdir.

İstinadlar

Xarici keçidlər Hesablama Palatasının sabiq rəhbərləri barədə məlumat Alim, mühəndis, təşkilatçı

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan riyaziyyatçıları