Nüsrət Kəsəmənli (Nüsrət Yusif oğlu Kəsəmənli; ) — azərbaycanlı şair, publisist, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1977), Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1982).

Həyatı Nüsrət Kəsəmənli 29 dekabr 1945-ci ildə Ağstafa rayonu Qrenfeld (indiki Vurğun qəsəbəsində) anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur (1968). Universitetin II kursunda ikən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrinə qəbul edildiyinə görə qiyabi şöbəyə keçirilmişdir (1969). Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında referent və ədəbi məsləhətçi olmuşdur (1978–1985).

1960-cı illərin əvvəllərindən bədii yaradıcılığa başlamışdır. 400-dən artıq şerinə musiqi bəstələnmişdir. "Yaddan çıxmaz Qarabağ" poemasının müəllifidir. "Boş kəndlərin harayı", "Mövzu üzrə improvizasiya", "Ənbizlərin keşiyində", "Sovet Azərbaycanına səyahət" və s. sənədli filmlərin, "Afroditanın qolları", "Qarabağ əhvalatı" bədii filmlərin ssenari müəllifıdir. Moskvada gənc yazıçıların VI, VII Ümumittifaq müşavirələrində iştirak etmişdir. Bir orden və iki medalla təltif edilmişdir

Fəal ictimaiyyətçi olmuşdur: Azərbaycan Yazıçılar İttifaqında Həmkarlar Komitəsinin sədri (1981–1984), mədəniyyət işçiləri həmkarlar ittifaqı respublika komitəsi rəyasət heyətinin üzvlüyünə namizəd, Azərbaycan Tarix və Mədəniyyət Abidələri Mühafizə Cəmiyyətinin üzvü, Azərbaycan Yazıçılar İttifaqının VI, VII qurultayında idarə heyətinin üzvü, poeziya şurasının sədri seçilmişdir. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor işləmişdir (1985-ci ildən). "Dünyaya pəncərə" sənədli televiziya verilişinin ssenari müəllifi və aparıcısı olmuşdur (1985-ci ildən). 15 oktyabr 2003-cü ildə Təbrizdə vəfat etmişdir.

Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və VHP Ali Məclisinin (Ali Şurasının) ilk üzvlərindən olub.

Yaradıcılığı Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınmışdır və bir çox mahnılara şeirlər yazmışdır. Eyni zamanda Nüsrət Kəsəmənli məhəbbət janrında yazdığı şeirlərlə Azərbaycan ədəbiyyatında başqa bir səhifə açmışdır.

Əsərləri 1. Sevirsənsə, B., 1971; 2. Gözlərimin qarası, B., 1975; 3. Özümə bənzədiyim günlər, 1979; 4. Gümüş yuxular, B., 1981; 5. Təklikdə danışaq, B., 1983.

Məşhur şeirləri Daha nağıllara inanmıram mən Biri vardı, biri yox… Səni unutsam… Vətən alov etsin odunu sənin(ən sevimli oğlu Araza həsr olunmuşdur) Mənsiz qalacaqdır bu dünya bir gün Oğru olmaq istəyirəm Ağacın altında kölgə Qoyunlar yeyəcək canavarları… Məhəbbətdən küsəndə Yoxdusa Mənim o ağaca yazığım gəlir… Mənə inanmırsan bir yuxu kimi İnanma əzizim, inan əzizim Getmək istəyirsən, bəhanəsiz get Mən ölərəm ikimizin yerinə

Filmoqrafiya Afroditanın qolları (film, 1987) (qısametrajlı bədii film) Azərbaycana səyahət (film, 1988)

Doğma sahillər (film, 1989) Dünyada yeganə (film, 1989)

Kəndlərin harayı (film, 1987) Qurultaydan qurultaya (film, 1985) Lətifə (film, 1989) Monoloq (film, 1987)

"Neftçi"-87 (film, 1987) Şerəli və Aybərçin (film, 1989) Şeytan göz qabağında (film, 1987)

İstinadlar

Xarici keçidlər Nüsrət Kəsəmənli Nüsrət Kəsəmənli haqqında və şeirləri Nüsrət Kəsəmənli — Şeirləri — Android App telefonlar üçün Nüsrət Kəsəmənlinin anım günüdür

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan film redaktorları Kateqoriya:Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri Kateqoriya:XX əsr Azərbaycan şairləri Kateqoriya:SSRİ şairləri