Abdulla Mahmud oğlu Tahirzadə () — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Erkən həyatı, ailəsi və ölümü Abdulla Tahirzadə 19 yanvar 1896-cı ildə Şəki qəzasının Xaçmaz mahalında anadan olmuşdur. İlk təhsilini Ağdaşda alan Tahirzadə orta təhsilini İstanbulda xeyriyyə məktəbində davam etdirmişdir. Daha sonra o, parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün İstanbul Universitetinə (Türkiyə) göndərilmişdir. Orada Ali İqtisad Məktəbində və İstanbul Universitetinin Riyaziyyat fakültəsində təhsil almışdır. 1923-cü ildə Azərbaycana qayıdan Tahirzadə ölkənin orta ixtisas və ali məktəblərində müəllim kimi fəaliyyət göstərmişdir.
Onun qızı Nərmin 1921-ci ildə İstanbulda anadan olmuşdur. O, anası ilə birgə 3 yaşıda ikən atasından bir il sonra, 1924-cü ildə Bakıya qayıdıb. 1939-cu ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirən Nərmin 1944-cü ildən universitetdə müəllim kimi fəaliyyət göstərmişdir.
Abdulla Tahirzadə ilə bərabər onun ailəsi də repressiyaya məruz qalmışdır. Belə ki, Tahirzadənin həyat yoldaşı və qızı "xalq düşməninin ailə üzvü" kimi Rusiyanın Tomsk vilayətinə sürgün edilmişdir. 1953-cü ildə əfv edilən həyat yoldaşı və qızına yalnız bir il sonra Abdulla Tahirzadənin yanına — Cambul vilayətinə gəlməyə icazə verilmişdir.
Nərmin Tahirzadə 1955-ci ildə Bakıya qayıtmış və Azərbaycan Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində çalışmış, 1973-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Tahirzadə 1978-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Repressiya dövrü O, 1949-cu ildə repressiyaya məruz qalmışdır. O, 1949-cu ilin may ayında Xüsusi Müşavirənin qərarı ilə yalançı ittihamlarla həbs edilərək Orta Asiyaya sürgünə göndərilmişdir. Beş il müddətinə islah-əmək düşərgəsində sürgündə olan Tahirzadə 1953-cü ildə azad edilmişdir. O, iki il Cambulda (Qazaxıstan) müəllim işləmişdir. Yalnız 1955-ci ildə bəraət almışdır. Bəraətdən sonra ailəsi ilə birgə Bakıya qayıtmışdır. Həmin ildən etibarən Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dərs demişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri