Zeynal Eynal oğlu Zeynalov () — ictimai-siyasi xadim; Rusiya İmperiyasının II Dövlət Dumasının deputatı, müsəlman fraksiyasının üzvü.

Həyatı Zeynal Zeynalov ev təhsili almışdır. Mədən qulluqçusu olan Zeynalov sosial-demokratlara qoşulmuş, Bakı fəhlələrinin 1901–1904-cü illərdəki tətil və nümayişlərində iştirak etmiş, Balaxanıda fəhlələr arasında inqilabi iş aparmışdır.

Birinci rus inqilabı (1905–1907) dövründə "Hümmət" təşkilatında, Neft Senayesi Fəhlələri İttifaqında çalışmış, bolşevik "Təkamül" qəzetində əməkdaşlıq etmişdir.

1907-ci ildə Bakı quberniyasından Rusiya İmperiyasının II Dövlət Dumasına seçilən Zeynalov dumada "Trudoviklər" firqəsinə (Əməkçı partiyası) və müsəlman fraksiyasına daxil olmuşdur.

1907-ci ilin aprel-may aylarında Q. Xasanovla birlikdə Peterburqda "Duma" qəzetini nəşr etdirmişdi. Həmin qəzetdə Zeynalovun Bakı fəhlələrinin vəziyyətinə dair yazıları dərc edilirdi. Aclıq çəkənlərə və işsizlərə kömək məsələsinin müzakirəsi zamanı Zeynalov onlara kömək göstərmək üçün vahid komissiya yaradılmasını təklif edərək bildirmişdi ki, aclıq çəkənlər çörəklə təmin olunmasa, tətillərin qarşısını almaq mümkün olmayacaqdır. Zeynalov Duma üzvlərinə müraciətində, onları fəhlələrə və aclıq çəkənlərə kömək etməyə çağırırdı: "bütün bunlardan sonra xalq sizi eşidəcək, xalq görəcək ki, siz onlar üçün işləmək istəyirsiniz, onda xalq da sizə işləmək imkanı verəcəkdir". Aqrar məsələ müzakirə olunarkən Zeynalov başçılıq etdiyi əməkçi müsəlman fraksiyası adından çıxış edərək, Bakı quberniyası kəndlilərinin vəziyyəti üzərində ətraflı dayanmış və demişdi ki, onlar torpaq sahələrini heç bir qiymətlə almaq iqtidarında deyillər, torpaqları kəndlilərə pulsuz vermək lazımdır.

Dumanın aqrar komissiyasında Bakı quberniyası torpaqlarının neft və zavod tikililəri üçün kəndlilərin əlindən alınması faktları barədə bəyanat vermiş, yerli torpaq komitələrinin yaradılması məsələsində trudoviklərə tərəfdar olmuşdur. Fəhlələr ilə sənayeçilər arasında saziş əldə olunmasına kömək edən tədbirlər hazırlanmasını təklif etmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da Zeynalov bir sıra təsərrüfat vəzifələrində çalışmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycan sosialistləri Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Rusiya imperiyası II Dövlət Dumasının üzvləri Kateqoriya:Azərbaycanlı siyasətçilər