İmamverdi İbiş oğlu İsmayılov () — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I, I, III, IV, V, VI və VII çağırış deputatı (1995-ci ildən).

Həyatı İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənədli kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

1980-ci ildən – Bakı Dövlət Universitetini bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə işə göndərilib. Burada Elmi-kütləvi və tədris proqramları redaksiyasında müxbir, kiçik redaktor, redaktor, böyük redaktor və şöbə müdiri vəzifələrində çalışıb. Daha sonra Televiziyanın «Gənclik» Baş redaksiyasının Baş redaktoru təyin olunub.

Fəaliyyəti İmamverdi İsmayılov ekran-efir yaradıcılığında bir sıra ilklərə imza atmışdır. Onun təqdim etdiyi “Çay dəstgahı”, “Yeddi sual, yeddi cavab”, “Necəsən, gənc dost?”, “Mənim dünyam-sənin dünyan”, “1001 sual, 1001 cavab”, “Görüş vaxtı 20:30” kimi verilişlər geniş tamaşaçı rəğbəti qazanmışdır.

O, “Qızıl qələm” mükafatı laureatı və Əməkdar jurnalistdir. Bir neçə kitabın müəllifi olan yazıçı “Ocaq daşı”, “Əzrayıl”, “Qədim kişinin qırxı”, “Bayquş və qarovulçu” kimi əsərləri ilə tanınır. Həmçinin, “Şah və Mat”, “Heyrət”, “Qəlbimizin qəlbisi”, “Taleyin hökmü” və digər publisistik yazılarında insan mənəviyyatını, vətən sevgisini, əxlaqi münasibətlərdəki təzadları qələmə almışdır.

Azərbaycan radiosunun “Qızıl fondu”nda müəllifin “Qədim kişinin qırxı”, “Astanada ölüm”, “Yurd gürzəsi” əsərləri əsasında hazırlanmış radio kompozisiyalar mövcuddur. Onun yaradıcılığına milli-etnoqrafik təəssüratlar, dövlətçilik düşüncələri, obrazlı və koloritli dil, incə müşahidə və orijinal təhkiyə xasdır.

Yazıçının əsərləri canlı və realist publisistika ilə seçilir, sosial-psixoloji, siyasi-ideoloji və mənəvi-əxlaqi məsələlərə həssas yanaşma ilə fərqlənir. Onun əsərlərində insani dəyərlər, folklora və adət-ənənəyə bağlılıq, həyat fəlsəfəsi və bənzərsiz üslub öz əksini tapır.

İmamverdi İsmayılov Yeni Azərbaycan Partiyasının üzvüdür. O, Milli Məclisin yeddi çağırış deputatı olmuş, ictimai-siyasi fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif edilmiş və “Heydər Əliyevin 100 illiyi yubileyi medalı” ilə mükafatlandırılmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Məclisinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin III çağırış deputatları