Oskar Karl Qustav Adolf (; ) — son Prussiya kralı və Alman imperatoru II Vilhelmin oğlu, Hohensollern şahzadəsi.
Həyatı 27 iyul 1888-ci ildə Potsdamdakı Mərmər sarayda dünyaya gəldi. Atası son Prussiya kralı və Alman imperatoru II Vilhelm, anası isə Şlezviq-Holşteyn hersoqu VIII Fridrixin qızı Avqusta Viktoriyadır. Atasının səltənətində doğulan ilk övladı idi və vəftiz atası olan İsveç-Norveç kralı II Oskarın şərəfinə adlandırıldı.
5 qardaşı və bir bacısıyla birlikdə uşaqlığının çox hissəsi Potsdamdakı Mərmər sarayda və Yeni sarayda keçdi. İlk təhsilini qardaşlarıyla birgə anasının vətəni olan Şlezviq-Holşteyndəki Pöln şəhərində aldı. Burada təhsili davam edərkən 1902-ci ildə idman zamanı körpücük sümüyünü qırdı.
31 iyul 1914-cü ildə Bellevue Sarayında alman əsilzadəsi İnna-Mariya Helena Adelya Eliza von Bassevitslə evləndi. Cütlüyün bu nigahdan 4 övladı doğuldu.
Oskar Vilhelm Karl Hans Kuno (1915-1939) Burxard Fridrix Maks Verner Georq (1917-1988) Herzelayd İnna Mariya Sofiya Şarlotta Elza (1918-1989) Vilhelm Karl Adabert Erik Detlof (1922-2007)
Birinci Dünya müharibəsinin başlanğıcında piyada alayında zabit rütbəsiylə cəbhəyə yollandı. Göstərdiyi hərbi şücaət səbəbilə qısa zamanda məşhurlaşdı və medallarla təltif edildi. 1914-cü ilin payızını ürək nasazlığı səbəbilə geri planda qaldı. Növbəti ilin qışından etibarən isə müharibənin şərq cəbhəsinə yollandı. Müharibənin ardından atası II Vilhelm və böyük qardaşı vəliəhd-şahzadə Vilhelm taxtdan əl çəkməyə məcbur oldu və sürgünə göndərildi. Oskar isə sadə bir vətəndaş kimi Almaniyada yaşamağa davam etdi. Müharibədəki fəaliyyəti səbəbilə, yeni yaradılan Veymar hökumətindən veteran təqaüdü tələb etməsi ailə üzvləri tərəfindən xoş qarşılanmadı.
1930-cu illərdə ailəsinin bir çox üzvü kimi Nasist partiyasına meyl etsə də, partiya sıralarına qatılmadı. Ancaq İkinci Dünya müharibəsi başladıqdan sonra 1 mart 1940-cı ildə orduya cəlb olundu. Böyük oğlu Oskar Vilhelmin və qardaşı oğlu Vilhelm Fridrixin döyüş meydanında həlak olması Hohensollern sülaləsinin xalqın gözündə yenidən etimad qazanmasına səbəb oldu. Bundan narazı olan Adolf Hitler, bütün alman əsilzadələrinin hərbi rütbələrini alaraq ordudan uzaqlaşdırdı.
Həyatının son illərində sağlamlıq problemləriylə məşğul oldu. 27 yanvar 1958-ci ildə Münxendə mədə xərçəngi səbəbilə vəfat etdi.
Qalereya
Mənbə
Ədəbiyyat
Kilduff, Peter (2012). Red Baron: The Life and Death of an Ace. F+W Media. ISBN 978-0-7153-3381-5 Clark, Robert M. (2003). The Evangelical Knights of Saint John a history of the Bailiwick of Brandenburg of the Knightly Order of St. John of the hospital at Jerusalem, known as the Johanniter Order. Dallas: R. M. Clark, Jr. pp. 41–53, 111. ISBN 0-9726989-0-6
İstinadlar
Kateqoriya:Almaniya imperiyası generalları Kateqoriya:Almaniya monarxistləri Kateqoriya:XX əsr Almaniya şəxsləri Kateqoriya:II Vilhelm Kateqoriya:Prussiya generalları