Eştevan Qomeş () — ispan variantında Esteban Gómez adı ilə də tanınan portuqaliyalı səyyah və tədqiqatçı olmuşdur. O, Ferdinan Magellanın donanmasının tərkibində Kastiliya krallığının xidmətində fəaliyyət göstərmiş, lakin ekspedisiya Magellan boğazına çatdıqdan sonra onu tərk edərək 1521-ci ilin mayında İspaniyaya qayıtmışdır. 1524-cü ildə indiki Yeni İngiltərə və Yeni Şotlandiya sahillərini tədqiq etmişdir. Gomesin ekspedisiyasının nəticəsi olaraq kartoqraf Dioqo Ribeyru Floridadan Yeni Şotlandiyayadək uzanan fasiləsiz sahil xətti ilə Şimali Amerikanı dəqiq təsvir edən ilk xəritəni hazırlamışdır.

Həyatı Gomes Portuqaliyanın şimalında yerləşən Porto şəhərində anadan olmuşdur. Gənclik illərində Portuqaliyanın Hindistan ekspedisiyalarında iştirak etmişdir. 1518-ci ildə Kastiliyaya köçmüş və Sevilyadakı Ticarət Palatasında (Casa de Contratación) pilot vəzifəsinə təyin edilmişdir.

Fəaliyyəti

Magellan eskpedisiyası 1519-cu ildə Gomes Magellanın ekspedisiyasına donanmanın baş pilotu kimi qoşulmuş və San Antonio gəmisində xidmət etmişdir. Lakin onun əsl məqsədi gəmi kapitanı olmaq idi. Magellanın təcrübəsiz qardaşı oğlu Alvaro de Meskitaya üstünlük verilərək Gomesin kapitan vəzifəsinə təyin edilməməsi onda narazılıq yaratmışdır.

Magellan boğazı yaxınlığında Gomes Meskitaya qarşı çıxaraq San Antonio gəmisinin idarəçiliyini ələ keçirmiş və 1521-ci ilin mayında İspaniyaya qayıtmışdır. İspaniyaya çatdıqdan sonra o, qiyamını Magellanın özbaşına davranışları və zəif idarəçiliyi ilə əsaslandırmışdır. Qiyamda iştirak edənlər irəli sürdükləri iddialar araşdırılanadək həbs edilmiş, lakin altı ay ərzində Meskitadan başqa onların hamısı azadlığa buraxılmışdır. Xuan Sebastyan Elkano 1522-ci ilin yayın sonlarında İspaniyaya qayıtdıqdan sonra sağ qalan ekspedisiya iştirakçılarının ifadələri Gomesin bəraət almasına səbəb olmuşdur.

Şimali Amerika sahillərinin tədqiqi 1523-cü ildə Gomes İspaniya tacından Asiyaya Magellan boğazından daha qısa və əlverişli alternativ dəniz yolu tapmaq məqsədilə Şimali Amerika sahillərini tədqiq etmək üçün icazə almışdır. Bu məqsədlə 50 tonluq La Annunciada adlı karavella inşa edilmiş və 29 nəfərlik heyətlə 1524-cü il sentyabrın 24-də Korunyadan yola düşmüşdür.

Bu ekspedisiya haqqında şahidlərin birbaşa ifadələri günümüzədək gəlib çatmamışdır. Səyahət barədə məlumatlar dövrün tarixçiləri Ovyedo, Peter Martir və Alonso de Santa Kruzun qısa, ikinci əl məlumatlarına, eləcə də Dioqo Ribeyrunun xəritələrinə əsaslanır. Ekspedisiyanın hansı istiqamətdə hərəkət etməsi məsələsi də mübahisəlidir. Uzun müddət Gomesin Amerika sahillərini şimaldan cənuba doğru tədqiq etdiyi güman edilirdi. Lakin daha sonralar onun İspaniyanın Karib hövzəsindəki ərazilərindən başlayaraq şimala doğru hərəkət etdiyini göstərən əsaslı fikirlər irəli sürülmüşdür.

Əgər Gomes sahil boyunca cənubdan şimala doğru hərəkət etmişdisə, ehtimal ki, ilk dayanacağı ərzaq və digər ehtiyatları artırmaq üçün Santyaqo-de-Kuba olmuşdur. Buradan ekspedisiya Florida sahillərindən Labradoradək uzanan əraziləri tədqiq etmiş, xüsusilə gələcəkdə Yeni İngiltərə adlandırılacaq bölgənin sahillərində daha ətraflı araşdırmalar aparmışdır. Gomes Penobskot çayı boyunca irəliləyərək indiki Men ştatının Banqor şəhərinin yerləşdiyi əraziyə qədər çatmış və bu su yolunu "El Rio de Las Gamas" adlandırmışdır. O, həmçinin "Rio de San Antonio" (indiki Hadson çayı) və "Cabo de las Arenas" (indiki Keyp-Kod burnu) kimi digər mühüm coğrafi obyektlərə də ad vermişdir.

Penobskot ərazisini tədqiq edərkən Gomes ən azı 58 yerli sakini əsir götürərək mümkün gəlirli qul ticarətinin sübutu kimi İspaniyaya aparmışdır. 1525-ci ilin avqustunda İspaniyaya çatan Gomes geri döndüyü barədə kral sarayına xəbər göndərmişdir. Peter Martirin məlumatına görə, xəbər saraya çatdıqda qullar mənasını verən esclavos sözü səhvən mixəklər mənasını verən clavos sözü ilə qarışdırılmış və bir müddət Gomesin Şərq ölkələrinə dəniz yolu tapdığı barədə yanlış təsəvvür yaranmışdır. Səhv aşkar edildikdən sonra V Çarlz Amerika yerlilərinin köləliyə salınmasının qadağan edilməsinə baxmayaraq bu göstərişin pozulmasına qəzəblənmiş və əsirlərin azad edilməsini əmr etmişdir.

Gomesin ekspedisiyasının nəticəsi olaraq kartoqraf Dioqo Ribeyrunun 1525-ci ildə hazırladığı Kastilya xəritəsi Şimali Amerikanı Floridadan Yeni Şotlandiyayadək fasiləsiz sahil xətti ilə dəqiq təsvir edən ilk xəritə olmuşdur. Ribeyru indiki Yeni İngiltərə bölgəsini xəritədə "Estêvão Gomes Torpağı" (Tierra de Esteban Gómez) adlandırmışdır.

Sonrakı fəaliyyəti Şimali Amerikadan qayıtdıqdan sonra Gomes 1528-ci ilədək Korunyada gəmiqayırma işlərinə rəhbərlik etmişdir. 1533-cü ildə ona Qvadalkivir kanalı layihəsinin inşası üçün tapşırıq verilmiş, lakin bu təşəbbüs qısa müddət sonra uğursuzluqla nəticələnmişdir.

1535-ci ildə Gomes Pedro de Mendozanın Rio-de-la-Plata ekspedisiyasına qoşulmuşdur. 1538-ci ildə Paraqvay çayı sahillərində yerli əhali tərəfindən öldürülmüşdür. Həmçinin bax İstinadlar

Xarici keçidlər

Kateqoriya:Dənizçilər Kateqoriya:XVI əsr İspaniya şəxsləri Kateqoriya:İspaniya səyyahları Kateqoriya:Konkistadorlar Kateqoriya:Qətl qurbanları Kateqoriya:Portuqaliya dənizçiləri Kateqoriya:Portuqaliya səyyahları Kateqoriya:Şimali Amerikanın tədqiqatçıları