Si Bayşi (, 1 yanvar 1864 — 16 sentyabr 1957) — əsərlərinin özünəməxsus, çox vaxt əyləncəli üslubu ilə tanınan Çin rəssamı. Hunan əyalətinin Syantan şəhərindən olan kəndli ailəsində doğulan Si, "Xardal toxumu bağı haqqında təlimat" əsərindən ilhamlanaraq rəssamlığı müstəqil şəkildə öyrənmişdir. 40 yaşından sonra səyahətlərə çıxmış və Çinin müxtəlif mənzərəli yerlərini ziyarət etmişdir. 1917-ci ildən sonra Pekində məskunlaşmışdır. Si, Lao Şenin həyat yoldaşı Hu Tsietsinin müəllimi olmuşdur.
Onun rəsmlərinin mövzuları son dərəcə müxtəlifdir və bunlara əsasən heyvanlar, mənzərələr, insan fiqurları, oyuncaqlar, tərəvəzlər və digər obyektlər daxildir. O, "rəsm oxşarlıqla oxşarsızlıq arasında olmalıdır; həddindən artıq oxşarlıq bayağılığa, həddindən artıq oxşarsızlıq isə insanları aldatmağa bənzəyir" fikrini irəli sürmüşdür. Yaradıcılığının son illərində əsərlərinin bir çoxunda siçanlar, krevetlər və ya quşlar təsvir edilmişdir. Si, həmçinin, möhür oyma sənətində mahir olmuş və özünü "üç yüz daş möhürün varlı sahibi" () adlandırmışdır. 1953-cü ildə Çin Rəssamlar Assosiasiyasının () sədri seçilmişdir. 1957-ci ildə Pekində vəfat etmişdir.
Erkən həyatı
Si, Hunan əyalətinin Syantan şəhərində anadan olmuşdur. O, valideynləri, nənə-babası və özündən kiçik səkkiz bacı-qardaşı ilə birlikdə yaşamışdır. Xəstəliyi səbəbindən Si, bir ildən az müddət məktəbdə təhsil almışdır. Fiziki cəhətdən ağır işlərin əksəriyyətini yerinə yetirmək üçün çox zəif olduğundan bu dövrdə dülgərliyə başlamışdır. Si, böyüyərkən Çin rəssamlığına dair təlimat kitabını oxumuş və bu, onda incəsənətə, eləcə də heyvanların, həşəratların və digər obyektlərin təsvirinə maraq oyatmışdır. Rəsmlərində insanların gündəlik həyatda gördükləri əşyaları və canlıları təsvir etmişdir, lakin bu yaradıcılıq prinsipinə həyatının xeyli sonrakı dövründən etibarən ardıcıl şəkildə əməl etməyə başlamışdır. İlk olaraq "Xardal toxumu bağı haqqında təlimat" () əsərini öyrənmiş və rəssamlıq məşqlərində model kimi əsasən opera aktyorlarından istifadə etmişdir. Opera ifaçılarını model kimi çəkmək təcrübəsindən sonra Si, tanıdığı müxtəlif insanlardan ona model olmalarını xahiş etməyə başlamışdır.
Təlim və təhsili
"Si Bayşi bədii təhsil almağa başladı... bu təhsil incə fırça işləmələri və detallara xüsusi dəqiqliklə yanaşılması ilə səciyyələnən qunbi () üslubunun əsaslarını əhatə edirdi". Ona rəssamlıqda mövzunun seçimindən mürəkkəbin kağız üzərinə çəkilmə üsulunadək hər bir cəhətin əhəmiyyət daşıdığı öyrədilmişdi. Onun mənzərə rəssamlığı ilə məşğul olması növbəti müəllimi Tan Punun təsiri ilə başlamışdır. Aldığı təhsil nəticəsində Si, rəssam olmağı sadəcə arzulamaq əvəzinə, incəsənəti özünün əsas peşəsinə çevirə biləcəyini başa düşmüşdür. Qunbi üslubunda təhsil almasına baxmayaraq, Si, daha çox sərbəst və ifadəli sieyi (; "fikirlərin eskizlə ifadəsi") üslubunda çəkdiyi rəsmlərlə məşhurlaşmışdır.
Si, bitkilərdən heyvanlar aləminədək müxtəlif mövzuları əhatə edən əsərləri ilə tanınırdı; onun təbii üslubu sayəsində əsərləri həm "incəsənət, həm də siyasi dairələrə" mənsub kolleksiyaçılar tərəfindən alınırdı. Qi Baishi [Ch’i Pai-shih; tszı — Huang; hao — Baishi Laoren, Baishi Shanqeng] məqaləsində qeyd edildiyi kimi: "Sinin əsərləri onun həyatına və xarakterinə əsaslanırdı". Tsin sülaləsinin süqutundan sonra Si, siyasi məsələlərin yaradıcılığına təsir göstərməsinə imkan verməməsi və çətin dövrlərdə öz dəyərlərinə və ideyalarına sadiq qalması ilə tanınmışdır. Konfutsiçilik prinsiplərinə görə, heç nədən başlayaraq özünə ad qazanmaq — Sinin etdiyi kimi — böyük hörmətə layiq hesab edilirdi. 200px|thumb|right|Syantandakı Si Bayşi parkında rəssamın şərəfinə abidə Si, kalliqrafiya və möhür oyma sənəti də daxil olmaqla bir çox müxtəlif texnikalara yiyələnmişdir. Hunan əyalətində rəssam və sənətkar kimi özünü təsdiqlədikdən sonra yalnız qırx yaşlarında səyahət etməyə və yeni ilham mənbələri axtarmağa başladı. Si həmin dövrdə böyük populyarlıq qazanmış Şanxay məktəbi ilə tanış oldu və U Çanşuo ilə görüşdü. U Çanşuo sonradan onun digər müəllimlərindən birinə çevrildi və Sinin bir çox əsərinə əhəmiyyətli təsir göstərdi. Sinin yaradıcılığına təsir göstərən digər şəxs isə təxminən on beş il sonra, Pekində yaşadığı dövrdə yaxın münasibət qurduğu Çen Şitszen () olmuşdur. Bu dövrdə Si getdikcə daha çox tanınmağa və əsərlərinə tələbat artmağa başlamışdır.
Açıq şəkildə siyasi xarakter daşımamasına baxmayaraq, Sinin XX əsrin əvvəllərindəki yaradıcılığı ənənə ilə müasirlik arasındakı ziddiyyətləri əks etdirirdi. Onun üslubu tədricən inkişaf edərək ənənəvi Çin saray elitasının rəssamlığına xas olan cilalanmışlığın müəyyən dərəcədə aradan qaldırılması ilə nəticələndi. Bununla yanaşı, Si, ənənəvi xalq sənətinə məxsus ideyaları təhsilli şəhər auditoriyasının anlaya biləcəyi bədii dilə uyğunlaşdırırdı.
Bir çox digər rəssam və ziyalı kimi Si də Çin vətəndaş müharibəsindən sonra, 1949-cu ildə Çin Kommunist Partiyasının hakimiyyətə gəlməsini müəyyən qorxu ilə qarşılamışdı. O, rəssam həmkarı Sü Beyhuna ölkədən qaçaraq mühacirət etməyəcəyi təqdirdə həyatının təhlükə altında olacağından qorxduğunu söyləmişdi. Sonradan dövlət rəsmiləri Sini yarı-rəsmi xarakter daşıyan ziyarət zamanı görüşdükdə onun yaradıcılığına heyranlıqlarını ifadə etdilər. Çin vətəndaş müharibəsindən dərhal sonrakı dövrdə Sinin yaradıcılığı onun əsərlərini Dörd May hərəkatının ideyalarına uyğun kontekstdə təqdim edirdi. Məsələn, o, kənd təsərrüfatı alətlərini təsvir etməsini kənd təsərrüfatı əməyində çalışmağa bənzədirdi.
Sinin əsərlərinin zahirən ənənəvi və siyasətdən uzaq mövzuları həmin dövrün digər rəssamlarından fərqli olaraq, onu siyasi müdaxilələrdən böyük ölçüdə qorudu. Əksinə, o, dövlət və siyasi rəhbərlər tərəfindən həm açıq, həm də dolayı şəkildə dəstəklənirdi. Onun həyat enerjisi dövlət təbliğatında istifadə edilir, Mao Tszedun isə Sinin əsərlərini kolleksiyasına daxil edirdi. Bəzi rəssamlar Sinin yanaşmasını Çin Kommunist Partiyasının hakimiyyətə gəlməsindən sonra bədii azadlığı Çinin siyasi şəraiti ilə uzlaşdırmaq üçün nümunə hesab edirdilər.
Si "1950-ci illərin əvvəllərində Ümumçin Xalq Nümayəndələri Məclisinə seçilmiş və Milli Rəssamlar Assosiasiyasının fəxri sədri təyin edilmişdi. O, inqilabi Çində ənənəvi mədəni dəyərlərə davamlı bağlılığın təmsilçisi kimi qəbul edilirdi". Si 93 yaşında vəfat etmişdir.
Məskunlaşması
Bütün səyahətlərini başa vurduqdan sonra Si özünə ev tikərək məskunlaşdı. O, şeir oxumağa və yazmağa, həmçinin səyahətləri zamanı gördüyü dağların bəzilərini təsvir etməyə başladı. Bu rəsmlər sonradan "Chieh-shan t'u-chuan" adı ilə tanınan əlli peyzaj əsərindən ibarət silsiləni təşkil etdi. Daha sonra Sinin tanıdığı rəssamların şeirləri və son qeydləri də bu rəsmlərin üzərinə həkk edilmişdir. Sinin erkən yaradıcılıq silsilələrindən biri olan "Sazan" sadə üslubuna görə tanınmış və yüksək qiymətləndirilmişdir; əsərlərdə artıq bəzəklər və yazılar yox idi. Onun ağacoyma sənətində nəzərəçarpacaq istedadı, eləcə də əsərlərində öz fərdi yaradıcılıq təsirini ifadə etmək bacarığı da yüksək qiymətləndirilirdi.
Si, yalnız əlli yaşlarının ortalarında yetkin rəssam hesab edilməyə başladı. Bu dövrə qədər onun xətləri daha kəskin olmuş, əsərlərinin mövzuları isə vəhşi təbiətdən botanika mövzularına doğru dəyişmişdi. Van Çao-Venin sözlərinə görə, "o, yaradıcılığını reallığa əsaslandırır, eyni zamanda həqiqətlə gözəlliyi birləşdirmək, digər rəssamların hələ təsəvvür etmədiyi bir şey yaratmaq və süni olmayan özünəməxsus üslubuna nail olmaq üçün daim yeni ifadə vasitələri ilə təcrübələr aparırdı".
Yaradıcılığı və əsərləri thumb|150px|right|"Balıqlar və krevetlər", təxm. 1947, Çjetszyan Əyalət Muzeyinin kolleksiyası Ədəbiyyat və incəsənət nəzəriyyəçisi Van Çao-Ven bildirirdi ki, Si, Pekində bir tələbə ilə söhbət edərkən palçıqlı su ilə örtülmüş kərpic döşəmədə quşa bənzəyən bir kontur görmüşdü. O qeyd edirdi ki, həmin təsvirdə quşu hər kəs görə bilməzdi, lakin Si daim çəkmək üçün yeni obrazlar axtardığından "xüsusi həssaslığa" malik idi. Sinin daim rəssamlıq haqqında düşünməsi, böyük rəssam olmaq üçün güclü istək və motivasiyaya sahib olması onun şəxsiyyətində xüsusi bir cəhət kimi qiymətləndirilirdi.
Si Bayşinin gündəliyindən parçalar onun yaradıcılığına bəslədiyi güclü ehtirası və inamı nümayiş etdirir. "Si Bayşinin rəsmlərinin qiymətləndirilməsi" adlı məqalədə onun gündəliyindən aşağıdakı qeyd təqdim olunur:
Sini fərqləndirən əsas xüsusiyyətlərdən biri həmin dövrün əksər digər rəssamlarından fərqli olaraq, onun əsərlərində Qərb incəsənətinin təsirlərinin görünməməsidir. Digər rəssamlar Sini "quş və çiçək təsvirləri, həşəratlar və otlar, tərki-dünya alimlər və mənzərə rəssamlığı kimi ənənəvi janrlara gətirdiyi təravət və spontanlığa" görə yüksək qiymətləndirirdilər. Si təbiətdəki kiçik obyektlərə diqqət yetirən ilk rəssam olmasa da, bu mövzuların düşünülmüş və lirik şəkildə təsvirinə görə geniş şöhrət qazanmışdır.
Müasir incəsənət bazarında Sinin əsərlərinin saxtalaşdırılması və əsərlərin yanlış şəkildə ona aid edilməsi geniş yayılmışdır. Onun həyatı boyunca 8000 – 15000 arasında müxtəlif əsər yaratdığı təxmin edilir; bunlardan təxminən 3000-i muzeylərdə saxlanılır. Bununla belə, 1993-cü ildən etibarən hərrac evləri ona aid edilən 18000-dən çox müxtəlif əsəri satışa çıxarmağa cəhd etmişdir. Ona aid edilən "Şam ağacı üzərində dayanan qartal" () əsəri 2011-ci ildə 425,5 milyon yuana (65,5 milyon ABŞ dolları) satılmış və hərracda satılmış ən bahalı rəsm əsərlərindən birinə çevrilmişdir. Lakin sonradan hərrac iştirakçısı tərəfindən əsərin orijinallığı ilə bağlı şübhələr irəli sürülmüşdür.
Sinin əsərləri bazarı həm Çində, həm də dünya incəsənət bazarında böyük diqqət cəlb etmişdir. 2016-cı ildə onun əsərləri hərrac satışlarının ümumi dəyərinə görə ikinci, satışa çıxarılan lotların sayına görə isə üçüncü yeri tutmuşdur. 2017-ci ilin sonunda onun "On iki təbiət səhnəsi" (; 1925) əsərinin Pekində "Poly Auction" hərracında 140,8 milyon ABŞ dollarına (931,5 milyon yuan) satılması incəsənət dünyasında böyük rezonans doğurdu və Sini əsərləri 100 milyon ABŞ dollarından yüksək qiymətə satılmış rəssamların sırasına daxil etdi.
Ailəsi
Sinin ilk həyat yoldaşı Çen Çuntsün olmuşdur. Onlar Si 12 yaşında olarkən onun Hunan əyalətindəki doğma şəhərində evlənmişdilər. Cütlüyün sonradan beş övladı — üç oğlu və iki qızı olmuşdur. Oğulları Si Lyanqyuan (1889-cu ildə anadan olub), Si Lyanqfu (1894–1913) və Si Lyanqkun (1902-ci ildə anadan olub) idi; iki qızının adları məlum deyil.
1919-cu ildə Çen Çuntsün Pekinə gələrək Hu Baocunu (1902–1944) Si üçün kəniz olaraq seçmişdir. Bundan sonra Si və Hu Pekində birlikdə yaşamışlar. Cütlüyün yeddi övladı olmuşdur: dörd oğlu — Si Lyanqçi (1921-ci ildə anadan olub), Si Lyanqyi (1923-cü ildə anadan olub), Si Lyanqnyan (1934–1938) və Si Lyanqmo (1938-ci ildə anadan olub) — və üç qızı — Si Lyanqlyan (1927-ci ildə anadan olub), Si Lyanqhuan (1928-ci ildə anadan olub) və Si Lyanqci (1931–2010).Xiong Zhichun Interview in Helsinki, Finland 2013
İstinadlar
Ədəbiyyat Boorman, Howard L., and Richard C. Howard. "Ch'I Pai-Shih." Biographical Dictionary of Republican China I (1967): 302–304. Chao-Wen, Wang. "An Appreciation of Chi Pai-Shih's Paintings." 126–131. Tsao, Jung Ying. The Paintings of Xugu and Qi Baishi. 1st ed. Seattle and London: Far East Fine Arts Inc, 1993. 5–447. Xiangtan. "Qi Baishi [Ch'I Pai-Shi;Zi Huang; Hao Baishi Laoren, Baihi Shanweng]." Grove Art Online (2007): 1–3.
Kateqoriya:Çin rəssamları Kateqoriya:Çinin xalq artistləri Kateqoriya:XX əsr Çin rəssamları Kateqoriya:XIX əsr Çin rəssamları Kateqoriya:Çinin peyzaj rəssamları Kateqoriya:Çin xəttatları Kateqoriya:Pekində vəfat edənlər