Əbu Səid Osman ibn Səid ibn Xalid əl-Təmimi əd-Dərimi əs-Sicistani (; ) — mühəddis və fəqih.
Osman ibn Səid əd-Dərimi hədisləri müdafiə etməyə böyük əhəmiyyət verən bir şəxs olmuşdur. Digər tərəfdən, fiqhdə şafii məzhəbinə mənsub alimlər sırasında göstərilsə də, bəzi məsələlərdə onlardan fərqli rəylər irəli sürmüşdür.
O, hədis və fiqh elmləri ilə yanaşı, əqidə elmi ilə də yaxından maraqlanmış və bu sahədə öz dövrünün etiqadi mübahisələrini əks etdirən əsərlər qələmə almışdır.
Onun bildirdiyinə görə, başda Məhəmməd olmaqla səhabə və tabiin alimləri, müsəlmanların batil inanclara sürüklənə biləcəkləri narahatlığı ilə Allahın sifətləri barədə mübahisələrə girişmələrini qadağan etmişdilər. Buna görə də islamın ilk əsrində müsəlmanlar arasında etiqadi ixtilaflar meydana çıxmamışdı.
Lakin islamın sürətlə yayılmasından sonra hakimiyyətlərini itirmiş müxtəlif dinlərə mənsub islam düşmənləri, səhabə nəslinin tükənməsindən və tabiinin görkəmli alimlərinin sayının azalmasından istifadə edərək, müsəlmanları batil inanclara yönəltmək məqsədilə etiqadi məsələlərdə yeni fikirlər irəli sürməyə başladılar. Bu mühitlərin təsiri altında qalan Cəd ibn Dirhəm və Cəhm ibn Səfvan kimi bidət əhli, xüsusilə ilahi sifətlərin və Quranın təvili ilə bağlı yeni görüşlər ortaya atdılar.
Lakin bu görüşlər Qurana, sünnəyə və səhabələrin qəbul etdiyi əqidə əsaslarına tamamilə zidd idi.
Həyatı Doğum tarixi dəqiq məlum olmasa da, hicri 200-cü (815-ci) il ətrafında anadan olduğu qeyd edilir. O, sicistanlı olub, Bəni-Təmim qəbiləsinin Dərim qoluna mənsub idi. İlk təhsilini Sicistanda almışdır.
Hədis öyrənmək məqsədilə Hicaz, Şam, Hüms, İraq, Kufə, Misir, əl-Cəzirə və Xorasan kimi elm mərkəzlərinə yollanmışdır. Məkkə və Mədinədə beş il qaldıqdan sonra Nişapura qayıtmış, daha sonra Heratda məskunlaşmışdır. Bir il də Cürcanda yaşamışdır.
Fiqh elmini əl-Buveytidən, ərəb dili və ədəbiyyatını Əbu Abdullah ibn əl-Ərəbidən, hədisi və onun üsulunu isə Yəhya ibn Məin, Əli ibn Mədini və Əhməd ibn Hənbəl kimi dövrünün böyük alimlərindən öyrənmişdir. Mənbələrdə Nuaym ibn Həmmad, İshaq ibn Rahuyə, Süleyman ibn Hərb və Əbu Bəkr ibn Əbu Şeybə də onun müəllimləri sırasında göstərilir.
Herat və Nişapurdan olan bir çox alim ondan hədis rəvayət etmişdir. Əhməd ibn Məhəmməd ibn Əbdus, Əhməd ibn Məhəmməd əl-Hiri və Əhməd ibn Məhəmməd əl-Əzhər bunlardan bəziləridir. İbn Xuzeymə də ondan faydalanan alimlərdən olmuşdur.
Osman ibn Səid əd-Dərimi həyatı boyu cəhmiyyə və kərramiyyənin öndə gələn nümayəndələri ilə elmi-fikri mübarizə aparmışdır. Məhəmməd ibn Kərramın Heratdan sürgün edilməsində rol oynadığı nəzərə alınarsa, onun bu firqələrlə yalnız elmi mübarizə deyil, həm də siyasi çəkişmə yaşadığı deyilə bilər.
Osman ibn Səid əd-Dərimi hicri 280-ci ilin Zilhiccə ayında (894-cü ilin fevralında) Heratda vəfat etmişdir. Hicri 282-ci ildə vəfat etdiyi də nəql edilsə də, bu rəvayət zəif hesab olunur.
Tacəddin əs-Subki Osman ibn Səid əd-Dərimidən bəhs edərkən mənbələrdə İbn Kərram haqqında qeyd olunan məlumatları səhvən ona aid etmiş və buna görə də onun həyatı və görüşləri barədə yanlış məlumatlar vermişdir. Eyni xətanı təkrarlayan Taşköprüzadə də görünür, bu məsələdə Subkiyə istinad etmişdir.
Əsərləri Bişr əl-Mərisi və cəhmiliyə qarşı əsərlər qələmə almışdır. Həmçinin bir "Müsnəd"i də vardır.
Həmçinin bax Ər-Rəd aləl-Cəhmiyyə
İstinadlar
Kateqoriya:IX əsrdə islam Kateqoriya:Müsəlman teoloqlar