Əbu Məhəmməd Nurəddin Əhməd ibn Mahmud ibn Əbu Bəkr əs-Sabuni əl-Buxari (; ) — kəlamçı.

Həyatı Onun həyatı haqqında çox məlumat yoxdur. Təbəqat kitablarında o, "İmam", "Nurəddin", "Nurəddin əl-İmam", "Şeyx əl-İmam" ləqəbləri ilə qeyd edilir. Fəxrəddin ər-Razi Buxarada ona Nur əs-Sabuni deyildiyini qeyd edir. Ona "sabun istehsal edən və ya satan" mənasını ifadə edən Sabuni nisbəsinin verilməsinin səbəbi məlum deyildir. Buxarada yetişib orada vəfat etdiyinə görə Buxari nisbəsi ilə də tanınır. Adının Əhməd, oğlunun adının Məhəmməd, atasının adının isə Mahmud olması səbəbi ilə ona Əbül-Məhəmid də deyilmişdir. Mənbələrdə davamlı olaraq Buxaraya nisbət edilməsinə və həccdən başqa hər hansı bir yerə getdiyinə dair məlumatın olmamasına əsasən, onun Buxarada doğulub boya-başa çatdığı söylənilə bilər. Fəxrəddin ər-Razinin "Münazərat" adlı əsərində qeyd olunur ki, Sabini həcc ziyarəti zamanı Xorasan və İraqdakı elmi məclislərdə müzakirələr aparmış və moizələr vermişdir. Onun Buxarada və Mavərənnəhr elm çevrələrində tanınmış hənəfi və maturidi alimi olduğu, həmçinin varlı bir ailədən gəldiyi bildirilir.

Bəzi mənbələrdə Şəmsül-əimmə əl-Kərdərinin Sabuninin müəllimi olduğu və Sabuninin ondan fiqh dərsləri aldığı qeyd edilir. Katib Çələbi bu məlumata Sabuninin Sədidəddin Məhəmməd əl-Əsədidən rəvayət etdiyini də əlavə edir. Ən qədim mənbələrdən biri olan "əl-Cəvahirül-mudiyyə" əsərində isə Şəmsü-ləimmə Məhəmməd əl-Kərdərinin Sabunidən fiqh öyrəndiyi bildirilir və Sabuni onun müəllimləri sırasında göstərilir. Bu məlumatlar Kəfəvi və Ləknəvi tərəfindən də təsdiqlənir. Şəmsül-əimmə əl-Kərdəri ilə Şəmsüləimmə Məhəmməd əl-Kərdəri arasında ilk baxışda görünən ziddiyyətə, ehtimal ki, "təfəkkəhə əleyhi" (filankəsdən fiqh və s. dərslər aldı) ilə "təfəkkəhə alə" (özü filankəsə fiqh və s. dərsləri verdi) ifadələri arasındakı bir yazı və ya köçürmə xətası səbəb olmuşdur. Bununla belə, böyük ehtimalla bu iki şəxsdən birincisi – Əbdülqafur ibn Loğman ibn Məhəmməd Şəmsül-əimmə əl-Kərdəri (v. 1167) Sabuninin müəllimi, ikincisi isə Məhəmməd ibn Əbdüssəttar ibn Məhəmməd Şəmsül-əimmə Məhəmməd əl-Kərdəri (v. 1244) onun tələbəsi olmuşdur. Mənbələr Sabuninin 16 Səfər 580-ci ildə (29 may 1184) vəfat etdiyi və Buxaradakı Qudatüs-səba qəbiristanlığında dəfn olunduğu barədə yekdil fikirdədirlər. Bu halda Bağdadlı İsmayıl Paşanın göstərdiyi hicri 508-ci il tarixinin yanlış olduğu məlum olur.

Əsərləri Nurəddin əs-Sabuninin müəllifi olduğu əsərlərdən bəziləri bunlardır:

Əl-Kifayə fil-hidayə. Əl-Bidayə fi üsulid-din. Əl-Müntəqa min ismətil-ənbiya.

Həmçinin bax Hənəfilərin siyahısı

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Matüridilər Kateqoriya:Hənəfilər Kateqoriya:Sünni imamları