Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) — Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2022-ci il tarixli Fərmanı ilə yaradılmış, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən publik hüquqi şəxs. Agentlik Azərbaycan kinematoqrafiyasının inkişafı, yerli və müştərək film istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliği və nazirliyin tabeliyindəki kinematoqrafiya müəssisələrinin idarə olunması ilə məşğuldur.
Tarixi Agentlik Prezidentin 2022-ci il 20 aprel tarixli Fərmanı ilə dövlətin kino siyasətinin təkmilləşdirilməsi, Azərbaycan kinosunun beynəlxalq rəqabət qabiliyyətinin artırılması, kino istehsalı və yayımı infrastrukturunun müasirləşdirilməsi məqsədilə yaradılıb. Fərmanla Nazirlər Kabinetinə iki ay müddətində agentliyin nizamnaməsinin layihəsini hazırlamaq tapşırılıb.
Prezidentin 2022-ci il 16 noyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kino Agentliyinin Nizamnaməsi təsdiq edilib və agentliyin nizamnamə fondu dövlət büdcəsi hesabına 100 000 manat məbləğində müəyyən olunub.
Agentliyin baş direktoru vəzifəsini ilk olaraq kinorejissor Rüfət Həsənov icra edib. Həsənov 2023-cü il sentyabrın 11-də yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq istəyi ilə bağlı vəzifəsindən azad olunub. 2023-cü ilin dekabrında yazıçı-jurnalist Orxan Fikrətoğlu agentliyin baş direktoru vəzifəsini icra edən təyin olunub. 2025-ci il 30 aprel tarixində mədəniyyət naziri Adil Kərimlinin əmri ilə bu vəzifəyə əvvəllər nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri olmuş hüquq elmləri doktoru Rəşad Əzizov təyin edilib.
2025-ci ilin mayında agentliyin nizamnaməsinə uyğun olaraq Müşahidə Şurası formalaşdırılıb.
Məqsəd və vəzifələri Yaradılma haqqında Fərmana əsasən, agentlik aşağıdakı sahələrdə fəaliyyət göstərir: yerli və müştərək kino istehsalının dəstəklənməsi; kino mədəniyyətinin təbliğinin təşkili; kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin stimullaşdırılması; kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması; Azərbaycan kinematoqrafiyasının dünya kinematoqrafiyasına inteqrasiyası; Mədəniyyət Nazirliyinin tabeliyindəki kinematoqrafiya müəssisələrinin idarə edilməsi və onların fəaliyyətinə nəzarət.
İdarəetmə Fərmana görə agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti sədr və onun iki müavini daxil olmaqla üç üzvdən ibarət Müşahidə Şurası, cari rəhbərliyi isə baş direktor həyata keçirir. Agentliyin nizamnaməsinin və nizamnamə fondunun təsdiqi, idarəetmə orqanlarının yaradılması, yenidən təşkili və ləğvi ilə bağlı təsisçi səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, digər təsisçi səlahiyyətlərini isə Mədəniyyət Nazirliyi həyata keçirir. Agentlik dövlət büdcəsindən ayrılan vəsait və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşir.
2025-ci il mayın 2-də açıqlanan nazir əmrinə əsasən, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Müşahidə Şurasının sədri, Xalq artisti Fəxrəddin Manafov və aktyor, rejissor, ssenari müəllifi İlham Qasımov isə şuranın üzvləri təyin olunublar.
Rəhbərlər Ad Vəzifə Dövr Rüfət Həsənov baş direktor vəzifəsini icra edən 11 sentyabr 2023-cü ilədək Orxan Fikrətoğlu baş direktor vəzifəsini icra edən dekabr 2023 – aprel 2025 Rəşad Əzizov baş direktor 30 aprel 2025-ci ildən
Fəaliyyəti Film layihələri müsabiqələri Agentlik 2023-cü il iyulun 18-də 2023–2024-cü illərdə istehsal ediləcək filmlər üçün film layihələri müsabiqəsi elan edib. Müsabiqə yolu ilə dövlətin ayırdığı 5,5 milyon manat vəsaitin bölüşdürülməsi nəzərdə tutulub. Layihələr dövlət sifarişi, kommersiya, müəllif (sənət), debüt və tələbə filmləri kateqoriyaları üzrə qəbul edilib. Seçim komissiyasının qiymətləndirməsindən sonra 30 layihə və tələbə filmləri üzrə 16 layihə pitçinq mərhələsinə buraxılıb; pitçinq 23–24 noyabrda Azərbaycan Dövlət Film Fondunda keçirilib, 11 layihə Ekspert şurasının yekun iclasına təqdim olunub.
2025-ci ildə Mədəniyyət Nazirliyi və agentlik birgə «Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri» müsabiqəsini keçirib. 2026-cı ilin mayında isə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində bədii-sənədli film layihəsinin seçilməsi üçün «Bakı Türkoloji Qurultayı – 100 il» xüsusi müsabiqəsi elan olunub. Baş direktor Rəşad Əzizovun 2026-cı ilin fevralında verdiyi müsahibəyə görə, agentliyin müsabiqələrinə təxminən 100 müraciət daxil olur.
İstehsal xərclərinin qismən geri ödənilməsi Prezidentin 2025-ci il 29 may tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti 12 iyun 2025-ci ildə kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalını stimullaşdırmaq məqsədilə sərəncam qəbul edib. Daha sonra «Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi Qaydaları» təsdiqlənib. Agentliyin 11 iyul 2025-ci ildə keçirdiyi mətbuat konfransında bildirilib ki, mexanizm çərçivəsində istehsal xərclərinin 40 faizədək hissəsi geri ödəniləcək.
Təhsil və inkişaf proqramları Orxan Fikrətoğlunun rəhbərliyi dövründə gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino Akademiyası təsis edilib, layihənin kuratorluğu kinorejissor Elxan Cəfərova həvalə olunub. Agentliyin ssenari laboratoriyası nəzdində ssenarinin inkişafı proqramı yaradılıb; proqram çərçivəsində türk kinorejissoru Semih Kaplanoğlu Bakıya dəvət olunub. Agentlik Azərbaycan Animasiya Assosiasiyası ilə birgə yerli animatorlar üçün 8 həftəlik «Animatorların İnkişaf Proqramı» (Animator's Accelerator) da təşkil edib.
Festivallar Agentlik 2023-cü il oktyabrın 8–11-də Bakı və Şuşada keçirilən III «Korkut Ata» Türk Dünyası Film Festivalının təşkilatçılarından biri olub. Festival Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Beynəlxalq əməkdaşlıq 2025-ci ilin fevralında Berlində agentlik ilə Moldova Milli Kino Mərkəzi arasında audiovizual sahədə əməkdaşlığın genişləndirilməsi və birgə film istehsalının təşviqi məqsədilə memorandum imzalanıb. 2025-ci il iyunun 21–24-də agentlik Şanxay Beynəlxalq Televiziya və Film Bazarında Azərbaycanı təmsil edib; bu, ölkənin həmin bazarda ilk iştirakı olub.
Perspektiv planlar «Azərbaycan Mədəniyyəti – 2040» Konsepsiyasının qəbulundan sonra Rəşad Əzizov bildirib ki, «Azərbaycanfilm» kinostudiyasının tarixi irsi qorunmaqla onun özəl sektorun iştirakı ilə kino sənaye parkına çevrilməsi nəzərdə tutulur.
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:20 apreldə yarananlar Kateqoriya:2022-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:Azərbaycan kinematoqrafı