Paris Notr-Dam kilsəsinin sakristiyası () — XIX əsrdə Ejen Violle-le-Dyuk tərəfindən yenidən inşa edilmiş neoqotik üslublu sakristiyadır. O, Paris Notr-Dam kafedralının xor hissəsinin cənubunda yerləşir və kafedralın xəzinəsini qoruyub saxlayır.
Tarix
Tikintisi 200px|thumb|left|Sakristiyanın fasadı 1892-ci ildə 1758-ci ildə Jak-Jermen Sufflo tərəfindən inşa edilmiş ilk sakristiya 1830-cu il 29 iyul və 1831-ci il 14 fevral iğtişaşları zamanı ciddi zədələnmişdir. Həmin hadisələr zamanı arxiyepiskop sarayı və sakristiya talan edilmiş, dağıdılmış və qarət olunmuşdur.
1845-ci ildə Fransa Milli Assambleyası ibadətgahın bərpası və kafedral kapitulu üçün yeni sakristiyanın əsas tikinti işləri məqsədilə 665 000 frank məbləğində vəsait ayırmışdır. Lakin torpaq qatının qeyri-sabit olması səbəbindən bu məbləğin kifayət etmədiyi müəyyən edilmişdir. Belə ki, tikilinin etibarlı bünövrəsi üçün təxminən 9 metr dərinlikdə təməllərin qazılması zəruri olmuşdur. Layihənin icrası Ejen Violle-le-Dyuk həvalə edilmişdir. O, kafedralın şərq hissəsinin memarlığı ilə uyğunluq yaratmaq məqsədilə XIII əsr qotik üslubunu əsas götürmüşdür. Layihəyə əsasən, sakristiya dini tikili ilə kvadrat formalı kiçik kapitular kluatranı () əhatə edən iki paralel keçid vasitəsilə birləşdirilmişdir.
Müasir dövrdə
2013-cü ildə sakristiyanın damında bir arı pətəyi quraşdırılmışdır. Bu pətək arıçı Nikola Jean tərəfindən hədiyyə edilmiş və Bakfast arısı cinsinə aid arılarla məskunlaşdırılmışdır. Sonradan burada daha iki pətək də quraşdırılmış və 2019-cu ilə qədər sakristiyanın damında təxminən 200 000 arı saxlanılmışdır.
2019-cu il 15 aprel tarixində baş vermiş Paris Notr-Dam kafedralı yanğını zamanı sakristiya zərər görməmişdir. Yanğının ilk saatlarından etibarən Müqəddəs Tac və Müqəddəs Lüdovikin köynəyi təxliyə edilərək əvvəlcə Paris meriyasına, daha sonra isə Luvr muzeyi fondlarına aparılmışdır. Daha davamlı hesab edilən və daha az risk altında olan zərgərlik və qiymətli metal məmulatları isə yerində saxlanılmışdır.
Vitrajlar
Əvvəlcə sakristiyanın vitrajlarının rəngsiz, yəni ağ şüşədən hazırlanması nəzərdə tutulurdu. Lakin bu həllin rəngsizliyi və onun yaratdığı estetik çatışmazlıqlar Prosper Merime tərəfindən tənqid edilmiş və nəticədə rəngli vitrajların hazırlanmasına qərar verilmişdir.
Əsas zalın vitrajları Loran-Şarl Mareşal tərəfindən hazırlanmış və burada Paris yepiskopları təsvir edilmişdir. Kluatra qalereyalarının arkadalarında yerləşən on səkkiz vitraj isə Alfred Jerant tərəfindən, Ogüst Ştaynhayl hazırladığı eskizlər əsasında daha zərif rəng çalarlarında işlənmişdir. Bu vitrajlarda Paris şəhərinin himayədarı olan Müqəddəs Jenevyevanın həyatından müxtəlif səhnələr təsvir edilmiş, hər səhnənin aşağı hissəsində isə onun qısa izahı verilmişdir. Məryəmin tacqoyma mərasimini təsvir edən vitraj isə kluatranın əsas vitraj pəncərəsinin yuxarı hissəsində yerləşir.
Relikvarilər və relikviyalar 250px|thumb|right|Sakristiyada saxlanan kafedral xəzinəsi Burada nümayiş etdirilən ən mühüm eksponatlar Müqəddəs Tacın relikvarisi, Həqiqi Xaçın bir fraqmenti və həmin xaça aid olduğu qəbul edilən bir mismardır.
Xəzinənin əsas eksponatı 1828-ci ildən burada qorunan Pfalts xaçının relikvarisidir. Bu relikvari XVII əsrdə vəfat etmiş Pfalts şahzadəsi Anna Qonzaqa de Klev məxsus olmuşdur. Hesab edilir ki, onun daxilində Həqiqi Xaçın bir parçası və həmin xaçdan bir mismar saxlanılır.
Müqəddəs Tacın köhnə relikvarisi 1804-cü ildə Şarl Kaye tərəfindən hazırlanmışdır. Onun içərisində IX Lüdovik tərəfindən II Balduin de Kurtenedən satın alınmış Tikanlı Tac qorunur.
1845-ci ildə Ejen Violle-le-Dyuk rəhbərlik etdiyi layihə qrupu Tikanlı Tac üçün yeni relikvari hazırlanmasını nəzərdə tutmuşdur. Hündürlüyü 88 sm, eni isə 49 sm olan bu relikvari bürünc, qızıl suyuna çəkilmiş gümüş, almaz və qiymətli daşlardan hazırlanmışdır. O, 1862-ci ildə Violle-le-Dyukun layihəsi əsasında zərgər Plasid Pussyelq-Rüsan tərəfindən hazırlanmış, fiqurların heykəltəraşlıq işlənməsi isə Adolf-Viktor Joffrua-Deşom ilə əməkdaşlıq şəraitində həyata keçirilmişdir.
Xəzinədə, həmçinin Fransa kralı IX Lüdovikə aid relikviyalar da saxlanılır. Bunlara onun geyimləri (o cümlədən Müqəddəs Lüdovikin köynəyi), alt çənəsinin bir fraqmenti və qabırğalarından birinin hissəsi daxildir.
İstinadlar
Kateqoriya:Paris Notr-Dam kilsəsi Kateqoriya:Parisdə qotik memarlıq