Əbu Əyyub Süleyman ibn Hərb ibn Bəcil əl-Vəşihi əl-Əzdi əl-Bəsri (; ) — hədis hafizi, Məkkə qazısı (829–834).

Həyatı Süleyman ibn Hərb hicri 140-cı (757) ildə anadan olmuşdur. O, Əzd qəbiləsinin Vəşih qoluna mənsub idi. Özünün bildirdiyinə görə, hicri 158-ci (775) ildə hədis öyrənməyə başlamışdır. Şöbə ibn Həccac, Həmmad ibn Zeyd, Həmmad ibn Sələmə və başqa mühəddislərdən hədis rəvayət etmişdir.

Ondan isə İbn Səd, Əhməd ibn Hənbəl, Yəhya ibn Səid əl-Qəttan, Buxari, Əbu Davud, İshaq ibn Rahuyə, Abdullah ibn Əbdürrəhman əd-Dərimi, İbn Əbu Şeybə, Əbu Züra ər-Razi, Əbu Hətim ər-Razi, Davud əz-Zahiri və başqaları hədis rəvayət etmişlər.

Hicri 214-cü (829) ildə Məkkə qazısı vəzifəsinə təyin edilən Süleyman ibn Hərb, hicri 219-cu (834) ildə bu vəzifədən azad edildikdən sonra Bəsrəyə qayıtmışdır. O, hicri 224-cü (839) ildə burada vəfat etmişdir. Onun həmin ilin Rəbiül-axir ayının 23-ü və ya 27-də vəfat etdiyini bildirən rəylər də mövcuddur.

İstinadlar