"Crossroads" () — Çexiya pop ifaçısı Daniel Jijkanın ifa etdiyi mahnı. Mahnı daxili seçim yolu ilə müəyyənləşdirildikdən sonra Çexiyanı 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Yaradılması Daniel Jijka 8 mart 2026-cı il tarixində 2026 Avroviziya Mahnı Müsabiqəsində Çexiyanın təmsilçisi olaraq elan edilmişdir. İfaçı Çexiya Televiziyasının daxili seçimi nəticəsində müəyyənləşdirilmişdir.
Jijka mahnını Vilyam Bereş ilə birlikdə bəstələmiş, sözlərini isə özü qələmə almışdır. Kompozisiyanın prodüserləri Daniel Jijka, Vilyam Bereş və Petr Tsemperdir. Sonuncu həmçinin səsyazmanın masterinqi və miksinqini yerinə yetirmişdir.
Jijkanın bildirdiyinə görə, mahnı yekun variantını alana qədər bir neçə fərqli ada sahib olmuşdur. Başlığın seçilməsi prosesi ümumilikdə 18 ay çəkmiş, mahnının əsas strukturu isə 6 ay ərzində formalaşmışdır. İfaçı mahnının sözlərini Yaponiyaya etdiyi tənha səyahət zamanı yazmışdır.
Məzmunu "Crossroads" ingilis dilində ifa olunan bir balladadır. Kompozisiya minimalist aranjimana malik iki bənddən ibarətdir. Musiqi tədricən güclənərək iki dəfə səslənən nəqarət hissəsinə keçid edir. Bunun ardınca gələn bric hissəsi mahnını sonluğa doğru aparır və burada kompozisiya özünün ən yüksək dinamik gərginliyinə çatır.
"Avroviziya 2026" mahnı müsabiqəsi "Crossroads" mahnısı ilə Çexiya, 2026-cı ilin may ayında Vyanada keçirilən 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir. Mahnı 14 may 2026-cı il tarixində baş tutan ikinci yarımfinalda 5-ci nömrə altında təqdim edilmiş və final mərhələsinə adlamışdır. Finalda Çexiya 113 xal toplayaraq 16-cı sırada qərarlaşmışdır.
Canlı yayım zamanı bir neçə saniyəlik vizual nasazlıq baş vermiş və kadrda operatorlar görünmüşdür. Çexiya Televiziyasının etirazına baxmayaraq, təşkilatçılar nasazlığın "ifaçının çıxışına və səsin ötürülməsinə" təsir göstərmədiyini bildirərək çıxışın təkrarlanmasına icazə verməmişdilər.
İstinadlar
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar