"L'Oiseau et l'Enfant" – Fransa müğənnisi Mari Miriamın ifa etdiyi mahnı. Kompozisiyanın musiqisi Jan-Pol Kara tərəfindən bəstələnmiş, fransız dilindəki sözləri isə Co Qrasi tərəfindən qələmə alınmışdır. Mahnı London şəhərində keçirilən 1977-ci il Avroviziya Mahnı Müsabiqəsində Fransanı təmsil etmiş və ölkənin bu müsabiqədəki sonuncu qələbəsi olmuşdur.
Yaradılması "L'Oiseau et l'Enfant" mahnısının musiqisi Jan-Pol Kara tərəfindən bəstələnmiş, fransız dilindəki mətnini isə Co Qrasi yazmış və əsər Mari Miriam tərəfindən lentə alınmışdır. İfaçı mahnını beş dildə yazdırmışdır: fransızca, ingiliscə "The Bird and the Child" adı ilə, almanca Co Qrasi və H. fon Şenkendorfun sözlərinə "Der Vogel und das Mädchen" adı ilə, ispanca "El zagal y el ave azul" adı ilə və öz doğma portuqal dilində "A ave e a infância" adı ilə.
Avroviziya 7 may 1977-ci il tarixində Londonun "Uembli" konfrans mərkəzində Britaniya Yayım Korporasiyasının (BBC) təşkilatçılığı ilə Avroviziya Mahnı Müsabiqəsi keçirilmiş və bütün qitədə canlı yayımlanmışdır. Miriam gecədə "L'Oiseau et l'Enfant" kompozisiyasını on səkkizinci və sonuncu nömrə altında ifa etmişdir. Fransa təmsilçisinin çıxışı zamanı tədbirin orkestrinə Reymon Donnez dirijorluq etmişdir.
Səsvermənin yekununda mahnı 136 xal toplayaraq on səkkiz iştirakçı arasında birinci yeri tutmuş və müsabiqənin qalibi olmuşdur.
Müsabiqədən sonra Miriam öz mahnısını 22 avqust 1981-ci il tarixində Müsende keçirilən və "Avroviziya"nın iyirmi beşinci ildönümünə həsr olunmuş "Avropanın mahnıları" şousunda yenidən ifa etmişdir.
İstinadlar
Kateqoriya:1977-ci ilin mahnıları Kateqoriya:Fransız dilində mahnılar