"Ēnā" () – Latviya müğənnisi Atvaranın ifa etdiyi mahnı. Müəllifləri Atvara və Yanis "JJ Lush" Yaçmenkins olan kompozisiyanın prodüserliyini Yaçmenkins özü üstlənmişdir. Mahnı 27 noyabr 2025-ci il tarixində işıq üzü görmüş və Latviyanı 2026 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

"Supernova 2026" "Supernova 2026" – "Avroviziya" mahnı müsabiqəsi üçün Latviya təmsilçisini seçmək məqsədilə təşkil edilən milli final formatının on birinci buraxılışı olmuşdur. Müsabiqə 31 yanvar 2026-cı il tarixində start götürmüş və 14 fevral 2026-cı il tarixində keçirilən final mərhələsi ilə başa çatmışdır. Bütün şoular Riqada, Riqa kinostudiyasında baş tutmuşdur. Müsabiqə "LTV1" kanalı, "Replay.lv" striminq platforması, yayımçının rəsmi "lsm.lv" internet saytı və "Latvijas Radio 5" radiosu vasitəsilə canlı yayımlanmışdır. Yarışmanın formatı üç şoudan – iki yarımfinal və bir final mərhələsindən ibarət olmuşdur. 31 yanvar 2026-cı il və 7 fevral 2026-cı il tarixlərində təşkil edilən yarımfinalların hər birində on iki mahnı yarışmış və ən yaxşı nəticə göstərən beş ifaçı finala vəsiqə qazanmışdır. Final mərhələsi 14 fevral 2026-cı il tarixində keçirilmişdir. Yarımfinal və final mərhələlərinin nəticələri münsiflər heyətinin və xalq səsverməsinin 50/50 nisbətindəki kombinasiyası ilə müəyyənləşdirilmişdir. Tamaşaçılar SMS vasitəsilə və LSM-in rəsmi internet saytından onlayn şəkildə səs verə bilmişlər.

20 noyabr 2025-ci il tarixində Atvaranın "Avroviziya" mahnı müsabiqəsi üçün Latviyanın milli seçim turu olan "Supernova" müsabiqəsinin on birinci buraxılışında "Ēnā" mahnısı ilə iştirak edəcəyi təsdiqlənmişdir. İkinci yarımfinal mərhələsini uğurla keçən ifaçı 14 fevral 2026-cı il tarixində finalda qalib gəlmiş və bununla da Avstriyanın Vyana şəhərində təşkil olunan 2026 Avroviziya Mahnı Müsabiqəsində Latviyanı təmsil etmək hüququ qazanmışdır.

"Avroviziya" müsabiqəsində

2026 Avroviziya Mahnı Müsabiqəsi Vyanada yerləşən "Wiener Stadthalle" kompleksində baş tutmuş, müvafiq olaraq 12 may və 14 may tarixlərində keçirilən iki yarımfinal mərhələsindən ibarət olmuşdur, final isə 16 may 2026-cı il tarixində reallaşmışdır. 12 yanvar 2026-cı il tarixində keçirilən püşkatma mərasimi zamanı Latviya ikinci yarımfinalın ikinci hissəsində çıxış etmək imkanı qazanmışdır. "Ēnā" mahnısı final mərhələsinə adlaya bilməmişdir.

Çartlar

Həftəlik qrafiklər + Diaqram, 2026 Pikmövqeyi Latviya Radiosu (LaIPA) 13 Latviya yerli radiosu (LaIPA) 1 Latviya Musiqi Prodüserləri Assosiasiyası (LaIPA) 1 Latviya yerli yayım qrafiki (LaIPA) 1

Aylıq qrafiklər + Diaqram, 2026 Pikmövqeyi Latviya radio yayımı (TopHit) 94

İstinadlar

Kateqoriya:2025-ci ilin sinqlları Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları