Suzana Gerra (; ), peşəkar səviyyədə Suzy Guerra və əvvəllər sadəcə Suzy () kimi tanınır — Portuqaliya müğənnisi. O, Danimarkanın Kopenhagen şəhərində keçirilən 2014 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı "Quero ser tua" mahnısı ilə təms etmişdir.
Erkən həyatı Müğənni Figeira-da-Fuş şəhərində dünyaya göz açmışdır. Erkən yaşlarından musiqiyə böyük həvəs göstərən ifaçı ilk dəfə 5 yaşında Portuqaliyanın mərkəzində yerləşən kiçik Buarkos kəndindəki "Cineteatro Caras Direitas" teatrında səhnəyə çıxmışdır. Uşaqlıq illərində Lissabona köçmüş və 1990-cı illərdə böyük uğur qazanmış "Onda Choc" uşaq qrupuna daxil olmuşdur. Bu qrupun tərkibində o, çoxsaylı şoularda çıxış etmiş və müxtəlif televiziya verilişlərində yer almışdır. Musiqi fəaliyyətinə başlamazdan əvvəl Süzi "Emirates" aviaşirkətində təyyarə bələdçisi kimi çalışmışdır.
Karyerası Erkən yaradıcılığı 1999-cu ilin Milad bayramında müğənniyə böyük populyarlıq qazandıran mahnı işıq üzü görmüşdür. Süzi Portuqaliyanın məşhur "Anjos" dueti ilə birlikdə "Nesta Noite Branca" mahnısını ifa etmişdir. Böyük uğur qazanan bu kompozisiya hələ də Milad mövsümündə müxtəlif Portuqaliya radiolarında mütəmadi olaraq səsləndirilməkdədir. İfaçı bu mahnı ilə "Anjos" qrupu ilə birlikdə saysız-hesabsız televiziya şoularında çıxış etmişdir.
Süzi, hələ Susanna adı altında fəaliyyət göstərərkən, 2002-ci ildə Joao Portuqal ilə əməkdaşlıq edərək ilk solo albomunu buraxmışdır. Musiqiyə olan sevgisi onu yeni sahələri sınamağa sövq etmişdir. Sənətçi 2002–2003-cü illərdə Filip La Ferianın "Mənim gözəl xanımım" musiqili teatr tamaşasında Salli rolunu canlandırmışdır. Bu təcrübədən və universiteti bitirdikdən sonra o, Kanada və ABŞ-yə səyahət etmək qərarına gəlmişdir. 2009-cu ilin dekabrında Portuqaliyaya qayıdan ifaçı "Obidus Milad Kəndi" tədbiri üçün xüsusi olaraq hazırlanan "Alisa və Milad sehri" musiqili tamaşasının aktyor heyətinə qoşulmuş, burada Rikardo Soler, Elena Vieyra, Luis Jardim, Bernardo Qavinya və Beatris Kosta ilə birlikdə çıxış etmişdir. 2010-cu ildə isə "Summer Jam 2010" musiqi toplasındakı "Candyland" mahnısını təqdim edərək Portuqaliyanın müxtəlif bölgələrində çoxsaylı səhnələrdə çıxışlar etmişdir.
Avroviziya Mahnı Müsabiqəsi 2014-cü ildə müğənni Dubayda keçirilən bəzi tədbirlərdə çıxış etmək üçün dəvət almış və "Festival da Canção 2014" yarışmasına qədər orada yaşamışdır. Elə həmin il bəstəkar-müğənni və prodüser Emanuel tərəfindən bu yarışmanın 50 illik yubileyinə həsr olunmuş "Festival RTP da Canção 2014" şousunda onu təmsil etmək üçün dəvət qazanmışdır. Yarışmada "Quero ser tua" mahnısını ifa edən sənətçi, Portuqaliya xalqının təxminən 41 faiz səsini toplayaraq gecənin qalibi olmuşdur.
Bu iştirakla yanaşı, Süzi və Emanuel Figeira-da-Fuşda təşkil olunan karnavalda "Karnavalın Kralı və Kralı" qismində birlikdə iştirak etmiş və müğənninin həmin ilin sonlarında buraxılması planlaşdırılan yeni albomuna daxil ediləcək bir neçə duet bəstələmişdirlər. "Festival RTP da Canção" yarışmasındakı qələbəsindən sonra Süzi bir çox Avropa musiqi tədbirlərindən və televiziya kanallarından dəvətlər almışdır. Aprel ayında o, təşkilatçıların dəvəti ilə Amsterdamda keçirilən irimiqyaslı "Eurovision in Concert" tədbirində iştirak etmiş və burada 2014 Avroviziya müsabiqəsinin digər iştirakçıları ilə birgə səhnəni bölüşmüşdür.
Müğənni Vyanada keçirilən 2015 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanın səsvermə nəticələrini elan edən rəsmi şəxs olmuşdur.
İstinadlar
Kateqoriya:Portuqaliyanın "Avroviziya" təmsilçiləri Kateqoriya:Portuqaliya müğənniləri