thumb|Hitler Bad Qodesberqdə Çemberleni salamlayır, 24 sentyabr 1938-ci il
Qodesberq memorandumu — Adolf Hitler tərəfindən 24 sentyabr 1938-ci ilin erkən saatlarında Sudet böhranı ilə əlaqədar yayımlanan və Çexoslovakiya hökumətinə qarşı ultimatum xarakteri daşıyan rəsmi sənəd.
Sənəd adını, Hitlerin 23 sentyabrda Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen ilə növbəti gün də davam edən uzunmüddətli danışıqlar aparmaq üçün bir araya gəldiyi Bad-Qodesberq şəhərindən götürmüşdür.
Hitler bu memorandumda Çexoslovakiya ordusunun oktyabrın 1-nə qədər Sudet vilayətindən tamamilə çıxarılmasını və ərazinin Üçüncü Reyxə təhvil verilməsini tələb edirdi. Çexoslovakiya hökuməti bu ağır şərtləri ehtiva edən ultimatomu rədd etsə də, Böyük Britaniya və Fransanın müharibədən qaçmaq üçün yeritdiyi "sakitləşdirmə siyasəti" nəticəsində qısa müddət sonra tərəflər arasında Münxen sazişi imzalanmış və region Almaniyaya ilhaq olunmuşdur.
Arxa plan
Avstriya-Macarıstanın süqutu prosesində Sudet vilayəti imperiyanın almandilli ərazisi kimi, əhalisinin əksəriyyətini çexlər təşkil edən yeni Çexoslovakiya dövlətinin tərkibində qalmışdı. İlkin dövrlərdə bir çox Sudet almanları yeni yaradılmış almandilli Alman-Avstriya Respublikasının tərkibinə daxil olmağı və gələcəkdə Avstriyaya birləşməyi hədəfləyirdilər. Lakin 1919-cu ildə imzalanmış Sen-Jermen sülh müqaviləsi bu almandilli ərazilərin Çexoslovakiyaya verilməsini rəsmən təsdiq etmişdi. 1938-ci ilin əvvəllərinə qədər Sudet almanlarının böyük hissəsi iqtisadi yüksəliş və beynəlxalq nüfuz baxımından sürətlə irəliləyən Nasist Almaniyası ilə birləşmək istəyirdi.
Fəal bir propaqanda kampaniyasından sonra Adolf Hitler təxminən üç milyon almandilli əhalisi olan Sudet vilayətinin böyük bir hissəsinin Almaniyaya "qaytarılmasını" açıq şəkildə tələb etməyə başlamışdı. 1938-ci il deyilən tarixlərdə Fransa və Sovet İttifaqı Hitlerin Sudet vilayətini ələ keçirmək üçün hərbi gücdən istifadə edəcəyi təqdirdə Çexoslovakiyaya hərbi yardım göstərəcəklərinə dair təminat vermişdilər, lakin martın 24-də Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen Fransanın analoji bərabər öhdəlik götürmək barədə təklifini rədd etmişdi.
1938-ci il sentyabrın əvvəllərində Çemberlen, almanlar ilə çexlər arasındakı böhranın həlli yollarını tapmaq üçün Uolter Ransimeni (Lord Ransimen) vasitəçi qismində Praqaya göndərmişdi. Sentyabrın 7-də Konrad Henleynin rəhbərlik etdiyi Sudet Alman Partiyası Ransimen ilə danışıqları dayandırmış, sentyabrın 12-də isə Hitler Sudet almanlarına müraciət edərək Almaniya ilə birləşmək məsələsində qətiyyətli olmağı tövsiyə etmişdi. Sentyabrın 15-də Çemberlen Sudet vilayəti üçün self-determinasiya tələb edən Hitlerlə görüşmək üçün Berxtesqadenə uçmuşdu. Berxtesqaden sammitindən sonra Londona qayıdan Çemberlen hökumət kabinetinə Hitlerin məqsədlərinin yalnız Sudet vilayəti ilə "tamamilə məhdudlaşdığını" və hər kəs üzərinə düşəni edərsə, müharibədən qaçmağın mümkün olduğunu bildirmişdi. O, həmçinin fransızlarla da məsləhətləşmələr aparmış və Sudet almanlarının çoxluq təşkil etdiyi ərazilərin mərhələli şəkildə Almaniyaya dövr edilməsi üçün tərəflərə müştərək plan təqdim etmişdi.
Çemberlen yenidən Almaniyaya qayıtmış və 22–23 sentyabr tarixlərində Bad-Qodesberqdə Hitlerlə görüşərək bu kompromis həlli təklif etmişdi. Sudet vilayətinin sülh yolu ilə təhvil verilməsinə dair planı təqdim edən Britaniya nümayəndə heyəti Hitlerin Berxtesqadendə razılaşdırılmış şərtləri artıq qeyri-məqbul hesab edərək rədd etdiyini eşidəndə böyük şok yaşamışdı. Hitler artıq Sudet vilayətinin dərhal alman qoşunları tərəfindən işğal olunmasını tələb edirdi və rəsmi mövqeyini beynəlxalq müstəvidə bəyan etmək məqsədilə tez bir zamanda "Qodesberq memorandumunu" yayımlamışdı.
Məzmunu
Memorandumda Hitler, tam olaraq hansı ərazilərdə keçiriləcəyini dəqiqləşdirmədən bir plebisit (ümumxalq səsverməsi) təklif etmiş və səsvermə bitənə qədər həmin ərazilərin həm Almaniya, həm də Çexoslovakiya qüvvələri tərəfindən müştərək işğal olunmasını nəzərdə tutmuşdu. Bununla yanaşı, o, Sudet vilayətinin ən gec 28 sentyabr 1938-ci ilə qədər Praqa və Berlin arasında heç bir ilkin danışıqlar aparılmadan və prosesə nəzarət edəcək beynəlxalq komissiya yaradılmadan dərhal Almaniyaya təhvil verilməsini tələb etmişdi. Hitler ərazi bütövlüyü dəyişənə qədər həmin regionlarda plebisit keçirilməsini rədd edir, həmçinin Polşa və Macarıstanın Çexoslovakiyaya qarşı bütün ərazi iddiaları təmin olunmayacağı təqdirdə Almaniyanın hərbi müdaxilə variantını masada saxlayacağını bəyan edirdi. Bu addım Hitlerin Çemberlen tərəfindən irəli sürülən sülh təşəbbüslərinə son qoymaq qərarının açıq göstəricisi hesab olunurdu. Ərazilərin köçürülməsi ilə əlaqədar bütün texniki tənzimləmələr yalnız almanlar və çexlər arasında ikitərəfli qaydada həll edilməli, prosesə üçüncü tərəf müdaxilə etməməli idi.
Sənəd faktiki olaraq Çexoslovakiyanın qəbul etməsi üçün 28 sentyabr 1938-ci il saat 14:00-da başa çatan ultimatum xarakteri daşıyırdı. Əgər Çexoslovakiya hökuməti qeyd olunan vaxta qədər şərtləri qəbul etməsəydi, Almaniya Sudet vilayətini hərbi güclə ilhaq edəcəkdi. Çemberlen sənədin bu formada təqdim edilməsini və ona ultimatum verilməsini qətiyyətlə protesto etsə də, Hitler belə bir addımdan yayınmaq üçün sənədin rəsmi adının məhz "Memorandum" olduğunu, buna görə də hüquqi baxımdan ultimatum adlandırıla bilməyəcəyini iddia etmişdi.
Reaksiya və nəticə
Çexoslovakiya hökuməti 28 sentyabrda rəsmən memorandumun şərtlərini rədd etdiyini bəyan etmişdi. Buna cavab olaraq Fransa Silahlı Qüvvələri 600,000 nəfərlik qismən səfərbərlik elan etmiş, eləcə də həmin gün Böyük Britaniyanın Kral hərbi-dəniz donanması döyüş hazırlığı vəziyyətinə gətirilmişdi.
Hitler memoranduma verilən bu rədd cavabına qəzəblənsə də, eyni anda həm Böyük Britaniya, həm də Fransa ilə genişmiqyaslı müharibəyə girməkdən çəkinirdi. Sentyabrın 28-də o, hərbi işğal əmrini təxirə salaraq, Çemberlenin növbəti gün Münxendə dördtərəfli görüş keçirmək təklifini qəbul etmişdi. Münxen konfransında Çexoslovakiya və ya Sovet İttifaqı iştirak etmədən dörd dövlət başçısı — Böyük Britaniyadan Çemberlen, Almaniyadan Hitler, Fransadan Baş nazir Eduard Daladye və İtaliyadan Benito Mussolini iştirak edirdi. 1 oktyabrda Sudet vilayətinin tamamilə Almaniyaya verilməsini nəzərdə tutan pakt imzalanmışdı. London və Paris çexlər üçün bu ağır şərtləri yüngülləşdirmək məqsədilə Çexoslovakiyanın yeni sərhədlərinə beynəlxalq təhlükəsizlik təminatı verirdi. Paralel olaraq, Britaniya və Almaniya arasında gələcəkdə yarana biləcək hər hansı münaqişənin yalnız dialoq yolu ilə həll ediləcəyini bəyan edən ikitərəfli sülh bəyannaməsi də imzalanmışdı.
1 oktyabrda alman qoşunları Sudet vilayətinə daxil olmuş və ərazi dərhal Üçüncü Reyxin tərkibinə qatılmışdı. Ərazinin ilhaqından sonra aralarında sosial-demokratlar, kommunistlər və yəhudilərin də olduğu təxminən 115,000 Sudet çexi və 30,000 Sudet almanı Çexoslovakiyanın ixtiyarında qalan digər torpaqlara sığınmışdı. Qaçqınlara Yardım İnstitutunun rəsmi hesabatlarına görə, 1 mart 1939-cu il tarixinə qədər Sudet böhranına görə yerindən edilmiş qaçqınların ümumi sayı 150,000 nəfərə çatmışdı.
Xronologiya
10 sentyabr 1938 — Nürnberqdə çıxış edən Hermann Görinq, çexləri "bəşər irqinə əziyyət verən səfil və cırtdan bir xalq" adlandırmışdı. Elə həmin axşam Çexoslovakiya Prezidenti Edvard Beneş xalqı təmkinli olmağa çağıran radio müraciəti etmişdi. 15 sentyabr — Böyük Britaniyanın Baş naziri Nevill Çemberlen, Adolf Hitler ilə danışıqlara başlamaq üçün Berxtesqadenə gəlmişdi. 17 sentyabr — Çemberlen nazirlər kabineti ilə məsləhətləşmələr aparmaq üçün Londona qayıtmışdı. 22 sentyabr — Çemberlen böhranı müzakirə etmək məqsədilə yenidən Hitlerlə görüşmək üçün Bad-Qodesberqə gəlmişdi. Hitler 1 oktyabra qədər Sudet vilayətindəki bütün alman torpaqlarının dərhal ələ keçirilməsini tələb etmişdi. Gecə saatlarında baş tutan telefon danışığından sonra mövqeyini dəyişən Çemberlen çexoslovakiyalı qüvvələrə müharibə üçün səfərbər olmağı tövsiyə etmişdi. 23 sentyabr — Saat 22:30-da Çexoslovakiya hökuməti ümumi səfərbərlik elan etmişdi. Sentyabrın 30-na qədər ölkəni müdafiə etmək üçün 1 milyondan çox əsgər tam hazır vəziyyətə gətirilmişdi. 24 sentyabr — Saat 01:30-da Hitler və Çemberlen danışıqları yekunlaşdırmışdı. Çemberlen Hitlerin Qodesberq memorandumundakı tələblərini şəxsən Çexoslovakiya hökumətinə çatdırmağa razılıq vermişdi. 25 sentyabr — Çexoslovakiya hökuməti, həmçinin Britaniya kabineti və Fransa hökuməti memorandumdakı tələbləri rədd etmişdi; Fransa orduda qismən səfərbərlik əmri vermişdi. 26 sentyabr — Hitler Berlindəki idman sarayında çıxış edərək Çexoslovakiya ilə müharibənin hər an başlaya biləcəyinə işarə etmişdi. 28 sentyabr — Almaniyanın Sudet vilayətini işğal etmək üçün təyin etdiyi 1 oktyabr tarixi yaxınlaşdıqca, Hitler Çemberleni, İtaliya lideri Benito Mussolinini və Fransa Baş naziri Eduar Daladyeni Münxendə son konfransa dəvət etmişdi. Çexoslovakiya nümayəndələri görüşə çağırılmamışdı. Böyük Britaniyanın Krallıq donanması döyüş hazırlığı vəziyyətinə gətirilmişdi. 29 sentyabr — Münxen sazişi: Nasist Almaniyası, Faşist İtaliyası, Böyük Britaniya və Fransa hökumət başçıları Sudet vilayətinin Üçüncü Reyx tərəfindən ilhaq edilməsi barədə alman tələblərini qəbul etmişdilər. Çexoslovakiya sazişi imzalayan tərəflər arasında yer almamışdı. 30 sentyabr — Nevill Çemberlen Londona qayıtmış və özünün məşhur "Dövrümüz üçün sülh" () ifadəsini səsləndirmişdi. 1 oktyabr — Alman qoşunları Sudet vilayətinə daxil olmuşdu. Polşa hökuməti Çexoslovakiya tərəfinə Zaolzye ərazisinin 24 saat ərzində təslim edilməsini tələb edən ultimatum vermişdi. Şərtləri qəbul etməyə məcbur olan çexlərin geri çəkilməsindən sonra Polşa qüvvələri Zaolzyeni işğal etmişdi. 5 oktyabr — İcmalar palatasında çıxış edən Uinston Çörçill böhranın nəticəsini tam və mütləq bir məğlubiyyət kimi qiymətləndirmişdi: "Sizə müharibə və ya rüsvayçılıq arasında seçim verilmişdi. Siz rüsvayçılığı seçdiniz və indi müharibə ilə üz-üzə qalacaqsınız." 16 oktyabr — Almaniya 12,000 Polşa əsilli yəhudini ölkədən deportasiya etmişdi; Polşa onlardan yalnız 4,000 nəfərini qəbul etmiş, qalan 8,000 nəfər isə Almaniya-Polşa sərhədindəki neytral zonada ("heç kimə aid olmayan torpaqlarda") çarəsiz vəziyyətdə qalmışdı. 24 oktyabr — Berxtesqadendə Almaniyanın Xarici İşlər naziri İoahim fon Ribbentrop, Polşanın Berlindəki səfiri Yuzef Lipskiyə Dansiq azad şəhərinin Almaniyaya qaytarılmalı olduğunu, Dansiq koridorunda almanlar üçün ekstrateritorial keçid hüququnun tanınmasını və Polşanın Antikomintern paktını imzalamasını tələb edən şərtləri irəli sürmüşdü.
İstinadlar
Kateqoriya:23 sentyabr Kateqoriya:Münxen sazişi Kateqoriya:Adolf Hitler Kateqoriya:İkinci Dünya müharibəsində siyasət Kateqoriya:Ultimatumlar Kateqoriya:Böyük Britaniyanın xarici əlaqələrinin tarixi Kateqoriya:İkinci Dünya müharibəsi sənədləri Kateqoriya:Çexoslovakiya–Almaniya münasibətləri Kateqoriya:1938-ci ilin sənədləri