Fəridə və ya Sərfinaz Zülfüqar (; ) — Misir və Sudan kraliçası.
1921-ci ildə İsgəndəriyyədə dünyaya gəldi. Atası Yusif Zülfüqar çərkəz əsilli məmur və Misirin İrandakı ilk səfiridir. Anası Zeynəb Zülfüqar isə kraliça Nazlı Səbrinin nədimələrindən biri, sabiq baş nazir Məhəmməd Səid Paşanın qızı idi. Dayısı Mahmud Səid bəy rəssamdır.
İbtidai və orta təhsilini İsgəndəriyyədəki Notr-Dam-de-Sion məktəbində rahibələrdən aldı. 1937-ci ildə Londona səyahət etdiyi əsnada I Faruqla tanış oldu. Cütlüyün nişanı 24 avqust 1937-ci ildə elan olundu. F hərfiylə başlayan adların insana uğur gətirdiyinə inanan I Faruq, nişanlısının adını Fəridə olaraq dəyişdirdi. Toy mərasimiylə bağlı açıqlama verildiyi əsnada, Ras əl-Tin sarayının önündə izdiham yaşandı və izdiham əsnasında 22 nəfər əzilərək öldü, 140 nəfər isə ağır yaralandı. Cütlüyün toy mərasimi isə 20 yanvar 1938-ci ildə Qahirədəki Qübbə sarayında baş tutdu. Bu nigahdan onların 3 qızı dünyaya gəldi.
Fəryal (1938-2009) Fövziyyə (1940-2005) Fədiyə (1943-2002)
Ancaq oğul övladının olmaması səbəbilə, cütlüyün evliliyi pozuldu və 19 noyabr 1948-ci ildə boşandılar. Yaşca böyük olan 2 qızı kral sarayında qalsa da, 5 yaşlı kiçik qızı Fədiyə anasıyla birlikdə sarayı tərk etdi.
1964-cü ilədək Misirdə yaşayan Fəridə xanım daha sonra Livana köçdü. Burada uzun illərdir ki, görmədiyi övladlarıyla görüşdü. 1965-ci ildə sürgündə vəfat edən əri I Faruqun cənazəsini 3 qızıyla birlikdə morqda ziyarət etdi. 1968-1974-cü illərdə Parisdə yaşadı və 1974-cü ildə yenidən Misirə köçdü. 1960-cı illərin sonundan etibarən rəsm əsərləri hazırlamağa başladı. Amerikada və Avropanın bir çox şəhərlərində şəxsi sərgilərini açdı.
1988-ci ilin sentyabrında leykoz, pnevmoniya və hepatit kimi fərqli diaqnozlarla xəstəxanaya yatırıldı. 2 oktyabrda vəziyyəti ağırlaşdı və komaya düşdü. 16 oktyabrda Qahirədə vəfat etdi.
Mənbə
Ədəbiyyat
Charles Brice, William (1981). An Historical atlas of Islam. BRILL. p. 299. ISBN 90-04-06116-9 Goldschmidt, Arthur (2000). Biographical dictionary of modern Egypt. Lynne Rienner Publishers. p. 178. ISBN 1-55587-229-8 Cuno, K.M. (2015). Modernizing Marriage: Family, Ideology, and Law in Nineteenth- and Early Twentieth-Century Egypt. Gender and Globalization. Syracuse University Press. p. 20. ISBN 978-0-8156-5316-5
İstinadlar