Əbülhəsən İbtihac () () — İran bankiri və inzibatçısı, şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə İran Milli Bankının rəhbəri. İbtihac İranın ilk texnokratı hesab edilmişdir. Dünya Bankının keçmiş prezidenti Yucin Robert Blek onu İkinci Dünya müharibəsindən sonrakı dövrün ən mühüm iranlılarından biri kimi qiymətləndirmişdir. Blekin fikrinə görə, o, Üçüncü Dünya ölkələrinin inkişafında görkəmli pioner və öz ölkəsinin maraqlarının təşviqinə tam sadiq qalan bir milliyyətçi olmuşdur.

Erkən həyatı və təhsili Əbülhəsən İbtihac 29 noyabr 1899-cu ildə Rəşt şəhərində anadan olmuşdur. Onun atası gömrük məmuru vəzifəsində çalışmışdır. İbtihac 11 yaşında Parisdə yerləşən Monten Liseyinə göndərilmiş, daha sonra təhsilini Beyrutda, hazırda Amerika Universiteti kimi fəaliyyət göstərən Suriya Protestant Kollecində davam etdirmişdir.

Karyerası İbtihac əmək fəaliyyətinə 1920-ci ildə İran Şahənşahlıq Bankında başlamışdır. O, 1936-cı ildə Kənd Təsərrüfatı Bankında dövlət müfəttişi təyin edilmiş, eyni zamanda dövlət müəssisələrində müfəttiş kimi çalışmışdır. 1940-cı ildə İranın dövlət bankı olan İran Milli Bankının vitse-prezidenti vəzifəsinə gətirilmişdir. Daha sonra İpoteka Bankının sədri və idarəedici direktoru təyin olunan İbtihac 1942-ci ildə İran Milli Bankı prezidenti vəzifəsinə yüksəlmişdir, lakin 1950-ci ildə Yeddi İllik Planın mərkəzsizləşdirilməsindən sonra Baş nazir Hacı Əli Rəzmara tərəfindən vəzifəsindən kənarlaşdırılmışdır.

Həmin il İranın Fransadakı səfiri təyin edilmiş, lakin 1952-ci ildə bu vəzifədən azad edilmişdir. Diplomatik fəaliyyətindən sonra Beynəlxalq Valyuta Fondunda Yaxın Şərq departamentinin direktoru vəzifəsində çalışmışdır. 1954-cü ildə İrana qayıdan İbtihac Planlaşdırma Təşkilatı və Büdcə İdarəsinin rəhbəri təyin olunmuşdur. Onun rəhbərliyi dövründə Planlaşdırma Təşkilatı dövlət vəzifələrinə təyin edilə biləcək gənc texnokrat elitanın həm hazırlanması, həm də işlə təmin olunması ilə məşğul olmuşdur. Rəhbərlik etdiyi təşkilat Kərəc SES ilə bağlı layihə üzərində nəzarəti itirdikdən sonra İbtihac 1955-ci ilin ortalarında Dez SES-in inşası layihəsinə başlamışdır. Baş nazir Mənuçöhr İqbal ilə yaşanan gərginlik səbəbindən 25 fevral 1959-cu ildə vəzifəsindən istefa vermişdir. O, həmçinin neft gəlirlərinin istifadəsi ilə bağlı Şah Məhəmməd Rza Pəhləvi ilə ixtilaflar yaşamışdır. İbtihac bu gəlirlərin hərbi proqramlara yox, inkişaf layihələrinə yönəldilməli olduğunu müdafiə etmişdir. 1 martda Mənuçöhr İqbal onu Planlaşdırma Təşkilatı və Büdcə İdarəsinin rəhbəri postunda əvəz etmişdir.

1960-cı ilin yanvarında İbtihac "Banki-İranian" () adlı özəl bankın həmtəsisçisi olmuş, onun sədri və prezidenti vəzifələrini icra etmişdir.

Həbs edilməsi İbtihac müxtəlif platformalarda, o cümlədən "BBC Panorama"ya verdiyi müsahibədə İranın iqtisadi siyasətini tənqid etmişdir. O, tənqidi fikirlərini səsləndirdiyi San-Fransiskoda baş tutan görüşdən İrana qayıtdıqdan qısa müddət sonra, 11 noyabr 1961-ci ildə həbs edilmişdir. Həbsinə səbəb kimi planlaşdırma idarəsinin direktoru olduğu dövrdə yol verdiyi iddia edilən korrupsiya ittihamları göstərilmişdir. O, 1962-ci ilin mayında həbsdən azad edilmişdir.

Sonrakı illəri Əbülhəsən İbtihac iki dəfə ailə həyatı qurmuşdur. O, 1956-cı ildə ikinci həyat yoldaşı Azər Sani ilə evlənmişdir. Birinci evliliyindən övladı olmamış, ikinci evliliyindən isə bir oğlu və bir qızı dünyaya gəlmişdir.

İrandakı aktivlərini, o cümlədən "Banki-İranian"ndakı payını satdıqdan sonra İbtihac və həyat yoldaşı 1978-ci ilin may ayında İranı tərk etmiş və Fransaya köçmüşdülər. Onlar 1984-cü ildə Londona yerləşmiş, burada İbtihac Kensinqton bağları yaxınlığında mənzil almışdır. İbtihacın xatirələri 1991-ci ildə Londonda fars dilində nəşr edilmişdir. O, 25 fevral 1999-cu ildə Londonda vəfat etmişdir.

Mirası Frensis Bostok və Ceffri Cons 1989-cu ildə İbtihacın fəaliyyətinə, xüsusilə də Planlaşdırma Təşkilatındakı işlərinə həsr olunmuş bioqrafiyasını nəşr etmişdirlər. Kitab "İranda Planlaşdırma və Hakimiyyət: İbtihac və Şahın hakimiyyəti dövründə iqtisadi inkişaf" adlanır.

İstinadlar

Kateqoriya:İranın Fransadakı səfirləri Kateqoriya:İranlı məhbuslar və məhkumlar Kateqoriya:İran bankirləri Kateqoriya:Dünya Bankı şəxsləri