Marina Vasilyevna Zolotova (; ) — Belaruslu jurnalist, keçmiş siyasi məhbus və insan haqları müdafiəçisi. O, 2004-cü ildən Tut.by media orqanının baş redaktorudur. 2021-ci ildə külli miqdarda vergidən yayınma ittihamı ilə həbs edilib. Daha sonra onun işinə siyasi ittihamlar əlavə edilib. O, Avropa Birliyi, Amerika Birləşmiş Ştatları və çoxsaylı insan haqları müdafiəçiləri tərəfindən siyasi məhbus hesab olunur. 17 mart 2023-cü ildə 12 il həbs cəzasına məhkum edilib. 13 dekabr 2025-ci ildə azadlığa buraxılıb və Ukraynaya sürgün edilib. Həyatı Marina Zolotova 1977-ci ildə Minskdə anadan olub. O, Belarus Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Bolqar dilini bilən Zolotova əvvəlcə Elmi Tədqiqat İnstitutunda, daha sonra isə "BelaPAN" agentliyində çalışıb.
2004-cü ilin yayında Zolotova "Tut.by" portalında fəaliyyətə başlayıb və qısa müddət sonra redaksiyanın baş redaktoru olub. Zolotovonun rəhbərliyi altında "Tut.by" öz xəbər blokunu işə salıb, tədricən idman, mədəniyyət, moda və digər sahələrə həsr olunmuş bölmələrini açıb. 2004-cü ildə saytın gündəlik cəmi 6000 unikal ziyarətçisi olduğu halda, 2020-ci ilə qədər o, 50-dən çox jurnalist heyəti və 600.000-dən çox gündəlik auditoriyası olan ən böyük Belarus internet mediasına çevrilib.
Siyasi təzyiqlər və həbslər 7 avqust 2018-ci ildə Belarus İstintaq Komitəsi "TUT.BY"-ın Minskdəki ofisinə basqın edib. Zolotova dövlət agentliyi olan "BelTA"-nın pullu xəbər xidmətinin şifrələrini paylaşmaqda ittiham olunaraq həbs edilib. İrina Leuşına da daxil olmaqla digər jurnalistlər tezliklə azadlığa buraxılsa da, Zolotova "vəzifəli şəxsin fəaliyyətsizliyi"ndə təqsirli bilinib və 300 baza məbləğində cərimə edilib. Qeyd olunmalıdır ki, şifrələrin paylaşılması təcrübəsi Belarus mediasında geniş yayılmışdı və "BelTA" buna qarşı çox az qabaqlayıcı tədbir görüb, əvvəllər isə heç vaxt məhkəmədə cinayət şikayətçisi kimi çıxış etməyib. "BelTA işi" BMT, Aİ, ABŞ rəsmiləri və çoxsaylı hüquq müdafiəçiləri tərəfindən pislənilib.
Belarusda 2020-ci il prezident seçkilərindən sonra baş vermiş genişmiqyaslı Belarus etirazlarının ardınca, 2021-ci il müstəqil media və jurnalistlərə qarşı kütləvi dövlət repressiyaları ilinə çevrilib. 18 may 2021-ci ildə Zolotova digər bir neçə "Tut.by" əməkdaşı ilə birlikdə vergidən yayınma ittihamı ilə həbs edilib. Hakimiyyət orqanları "Tut.by"-ı etirazları işıqlandırdığına və dövlət mediasının seçkidən sonrakı ölkə haqqında yaratmağa çalışdığı saxta sakitlik təəssüratını pozaraq senzurasız xəbərlər dərc etdiyinə görə "cəzalandırıb". Zolotova "Volodarka" istintaq təcridxanasına yerləşdirilib. Acınacaqlı təsadüfdür ki, onun nənəsi Yelena İvanovna Nikolayeva da 80 il əvvəl Minsk xəstəxanasında baş həkim işləyərkən yəhudi uşaqları gizlədib xilas etdiyinə görə nasist işğalı zamanı həbs olunaraq "Volodarka"ya salınıb, sonra isə Almaniyaya məcburi əməyə göndərilib.
14 sentyabr 2021-ci ildə Bundestaq deputatı Alois Rainer Zolotovanın hamiliyini (siyasi himayəsini) öz üzərinə götürdüyünü elan edib. 2022-ci ilin iyun ayına qədər "Tut.by" əməkdaşlarının çoxu həbsdən buraxılsa da, onlar şübhəli şəxs olaraq qalıblar və əksəriyyəti DTK-nın terrorist siyahısına salınıb. Zolotova və Çekinaya qarşı ilkin olaraq yalnız iqtisadi ittihamlar irəli sürülsə də, 9 yanvar 2023-cü ildə onlar rəsmi olaraq "nifrət qızışdırmaq" və "Belarusun milli təhlükəsizliyinə zərər vurmağa yönəlmiş sanksiyalara çağırış" maddələri ilə ittiham olunublar. Zolotovaya görüş qadağası qoyulub və məhkəmə qapalı keçirilib. Yanvarın sonunda Zolotovun vəkilinin lisenziyası ləğv edilib. Kollegiya vəkilin 20 illik təcrübəsinə baxmayaraq, onun kifayət qədər səriştəli olmadığını iddia edib.
17 mart 2023-cü ildə Minsk Şəhər Məhkəməsi Zolotovanı və "Tut.by"-ın baş direktoru Lyudmila Çekinanı 12 il müddətinə azadlıqdan məhrum edib.
Azadlığa buraxılması O, 13 dekabr 2025-ci ildə ABŞ-ın Aleksandr Lukaşenko rejimi ilə əldə etdiyi razılaşma nəticəsində 123 siyasi məhbusla birlikdə azadlığa buraxılıb Ukraynaya sürgün edilib.
Beynəlxalq reaksiyalar Zolatavanın hökmü onun "Tut.by"-dan olan mühacir həmkarları, müxalifət lideri Svetlana Tixanovskaya, Avropa Jurnalistlər Federasiyası, Belarus Jurnalistlər Assosiasiyası və bir çox digər qurumlar tərəfindən pislənilib. "Sərhədsiz Reportyorlar" hökmü "absurd" adlandırıb. "PEN America" isə bəyan edib ki, bu hökm Belarus hökumətinin müstəqil medianı cəzalandırmaq və susdurmaq üçün apardığı amansız kampaniyanın bir hissəsidir.
Mükafatları "İlin adamı" – "Naşa Niva" qəzetinin versiyasına görə (2018). "Jurnalistika şərəfi" (belarusca: Gonar jurnalıstıki) mükafatı – Ales Lipay adına (2019). "Reporter: innen-Preis 2021" mükafatı – Almaniya Reportyorlar Forumu tərəfindən hər il təqdim olunan mükafat (dekabr 2021). Yohan Filipp Palm adına beynəlxalq mükafatın laureatı (2024).
Fəaliyyətinin qiymətləndirməsi "TUT.BY" portalının təsisçisi Yuri Zisserin dul qalan həyat yoldaşı Yuliya Çernyavskaya Zolotovanı "TUT.BY-ın anası" adlandırıb.
Şəxsi həyatı Ailəlidir və Nadejda adlı qızı və Fyodor adlı oğlu var.
İstinadlar
Xarici keçidlər
Страница Марины Золотовой на сайте Правозащитного центра «Весна»
Kateqoriya:Belarusda "Vesna" İnsan Hüquqları Mərkəzi tərəfindən siyasi məhbus elan edilmiş şəxslər Kateqoriya:Belarus dissidentləri