Svetlana Vladimirovna Taratorina (; ) — Ukrayna yazıçısı, PR meneceri və jurnalisti.
Həyatı Svetlana Taratorina Krımda anadan olmuş və orada böyümüşdür. O, "Ukrayna — XXI əsr" xeyriyyə fondundan təhsil qrantı qazanaraq 2002-ci ildə Kiyevə köçmüşdür. M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin Ukrayna filologiyası fakültəsində təhsil almış, 2006-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Svetlana Taratorina jurnalist kimi fəaliyyət göstərmiş, həmçinin siyasi PR sahəsində çalışmışdır. Müəllifin məqalə və icmalları "ELLE" jurnalında, habelə "Ukrayinska pravda", "Qlavred", "DreamKyiv", "Gazeta.ua", "LitAktsent" və digər internet nəşrlərində dərc olunmuşdur. O, Ukrayna Mədəniyyət Fondunun eksperti, "Espreso. Oxucuların seçimi" kitab mükafatının münsiflər heyətinin üzvü və 2022–2023-cü illərdə "Vivat" nəşriyyatının kommunikasiya direktoru vəzifələrində çalışmışdır.
Yazıçı hüquqşünas və siyasətçi Leonid Yemets ilə ailə həyatı qurmuşdur.
Yaradıcılığı thumb|360px|2019-cu ildə Beynəlxalq Kitab Arsenalı Festivalı kolleksiyasında "Babay: Birinci qarabasma" kolleksiyasının təqdimatı. Soldan sağa: Aleksey Jupanski, Svetlana Taratorina, Vladimir Kuznetsov, Vladimir Arenyev, Yevgeni Lir, Ostap Ukrainets, Dimka Ujasnı.
Svetlana Taratorinanın ilk nəsr əsərləri "Krımska svitlisya" qəzetində, daha sonra isə "Moloda Ukrayina" jurnalında çap olunmuşdur. O, müxtəlif müəlliflərin birgə iştirakı ilə işıq üzü görmüş bir çox toplularda yer alan hekayələrin müəllifidir. Bu toplulara "Zoryana fortesya" ədəbi birliyinin "İnsanlıq məsələsi" almanaxı (2017), "Ən yaxşı Ukrayna fantastikası" (2018), "Brama" (2018), "Bunu da o etdi" (2018), "Küçədə qətl..." (2019), "Cib səyahətnaməsi" (2019), "Babay. Birinci qarabasma" (2019), "Müstəqillik agentliyi" (2021), "Kəşf olunmamış torpaqların xronikaları" (2022), "Qəribə şəhərlərin leqendariysi" (2023), "İlan bəndləri" (2024), "Motanka" (2024) və "Babay. Gecə seansı" (2024) daxildir.
2018-ci ildə yazıçının debüt fantastik romanı olan "Lazarus"un əlyazması "KM-Buks" nəşriyyatının müsabiqəsində qalib gəlmiş və nəticədə kitab çap edilmişdir. 1913-cü ilin Kiyev mühitində cərəyan edən, detektiv elementləri ilə zəngin olan bu şəhər fentezisi bir çox mükafat və təriflərə layiq görülmüşdür.
2020-ci ildə Mariya Primaçenkonun uşaqlar üçün nəzərdə tutulmuş "Bu Mariya heyvanları çəkirdi" adlı bədii bioqrafiyası nəşr olunmuşdur. Kitab "Espreso. Oxucuların seçimi 2020" mükafatının uzun siyahısına, "Top BaraBuki 2020" və "İlin kitabı 2020" ümumukrayna reytinqinin qısa siyahılarına daxil edilmişdir.
2021-ci ildə BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi və "Vidavnitstvo" nəşriyyatı ilə tərəfdaşlıq çərçivəsində bir sıra sosial komikslər hazırlanmışdır. Bu layihə daxilində Svetlana Taratorina Donbassın cəbhəyanı ərazilərində yaşayan yeniyetmələrdən bəhs edən "Sülhün səsləri" qrafik romanının ssenarisini yazmışdır. Həmin komiks "Çitomo" ədəbi portalının yeniyetmələr üçün tövsiyə etdiyi kitablar siyahısında və Ukrayna PEN klubunun 2021-ci ilin ən yaxşı Ukrayna kitabları siyahısında yer almışdır.
2023-cü ildə yazıçının ikinci romanı olan "Duz evi" işıq üzü görmüşdür. Əsərin süjeti postapokaliptik dünya, Krım tatar mifləri, habelə XX əsrin əvvəllərində Ukrayna və Krımda baş vermiş tarixi hadisələri özündə birləşdirir. Kitab polyak və Azərbaycan dillərinə tərcümə edilmişdir.
Fantastik talk(s) Svetlana Taratorina Ukrayna ədəbi birliyinin və "Fantastik talk(s)" adlı "YouTube" layihəsinin həmtəsisçisidir. Layihənin ilk buraxılışlarında beş ukraynalı qadın fantast yazıçı (İrina Qrabovskaya, Svetlana Taratorina, Nataliya Matolinets, Dariya Piskozub, Nataliya Dovqopol) fantastika hadisələrini, yeni mətnləri, janrın yerli və xarici müəlliflərini müzakirə etmişdilər.
2022-ci ilin mart ayından, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə əlaqədar olaraq, kanalda Ukrayna hərbçilərinin ehtiyacları üçün vəsait toplamaq məqsədilə dünya fantastikasının ulduzları ilə xeyriyyə müsahibələri keçirilməyə başlanmışdır. Dəvət olunmuş qonaqlar arasında Ceyms S. A. Kori, Rebekka Kvan, Piter Votts, Co Aberkrombi, Marissa Mayer, Conatan Straud, Patrik Ness, Riçard Morqan və Co Hill kimi tanınmış simalar yer almışdır. Bundan əlavə, kanalda Ukrayna fantastika tarixinə dair mühazirələr seriyası təşkil edilmişdir. Bu silsilə mühazirələr Avropa Elmi-Fantastika Cəmiyyətinin "Achievement Award 2023" mükafatına "Ən yaxşı internet nəşri" nominasiyasında layiq görülmüşdür.
Mükafat və təltifləri Svetlana Taratorina "Zoryana fortesya" ədəbi birliyi, "Stos" jurnalı və "Brama" fantastik hekayələr festivalı tərəfindən təşkil edilən müsabiqələrin laureatıdır. O, 2019-cu ildə Avropa Elmi-Fantastika Cəmiyyətinin "Chrysalis Award" mükafatını qazanmış və "Fokus" jurnalının versiyasına görə 2018-ci ildə Ukraynanın ən çox adı çəkilən 25 yazıçısı reytinqinə daxil edilmişdir.
Müəllifin "Lazarus" romanı "LitAktsent 2018" mükafatına, Ukrayna Kitab İnstitutunun xüsusi mükafatına layiq görülmüş, "BBC İlin Kitabı – 2019" ədəbi mükafatının uzun siyahısına və "The Village" jurnalının versiyasına görə 2018-ci ilin ən vacib 10 kitabı siyahısına daxil edilmişdir. Həmçinin, əsər "Svit Fentezi" fenzini tərəfindən ilin kitabı seçilmişdir.
Seçilmiş təltif və mükafatları: 2018-ci il — "Lazarus" kitabına görə "Nəsr" nominasiyasında "LitAktsent 2018" mükafatı; 2018-ci il — "Lazarus" kitabına görə "Svit Fentezi" fenzinin versiyasına əsasən "İlin fentezisi 2018" nominasiyasında qalibiyyət; 2019-cu il — "Lazarus" kitabına görə "BookForum Best Book Award" çərçivəsində Ukrayna Kitab İnstitutunun xüsusi mükafatı; 2019-cu il — Ən yaxşı debütə görə Avropa Elmi-Fantastika Cəmiyyətinin "Chrysalis Award 2019" mükafatı.
İstinadlar
Xarici keçidlər
Світлана Тараторіна — письменниця з Криму. Інтерв'ю // Вебресурс БЖ Солоний присмак постапокаліпсису. Інтерв'ю // Вебресурс Бабай, 2023 «Лазарус» Світлани Тараторіної: Відродження української фантастики? Матвійчук Софія. Читацька рецензія на книгу «Лазарус» // Вебресурс BBC News Україна, 27.11.2019 Що Марії розказали звірі. Огляд книги «Оця Марія звірів малювала» // Вебресурс BaraBooka
Kateqoriya:Ukraynanın qadın yazıçıları