Çarlton Kennet Ceffri Hovard (), sənət aləmindəki adı ilə The Kid LAROI — Avstraliya müğənnisi; repçi və mahnı müəllifi.

14 yaşında "Triple J Unearthed" platforması onu kəşf edir. Lil Bibbinin "Grade A Productions" şirkəti ilə "Columbia Records"un birgə layihəsi çərçivəsində müqavilə imzalayır. Geniş auditoriyaya isə 2021-ci ildə Castin Biber ilə birlikdə ifa etdiyi "Stay" mahnısı sayəsində çatır. Həmin mahnı vətəni Avstraliya da daxil olmaqla bir çox ölkənin, o cümlədən "Canadian Hot 100" və "Billboard Hot 100" hit-paradlarının liderliyinə yüksəlir.

2020-ci ildə "F*ck Love" miksteypini yayımlayır və bununla "ARIA" hit-paradının ən üst pilləsinə qalxaraq tarixi bir rekorda imza atır. Bu nailiyyəti əldə etmiş ən gənc avstraliyalı solo sənətçi məhz odur. Miksteyp ABŞ "Billboard 200"də də yüksək sıralara düşür. Sonradan əsərin iki ayrı versiyası dinləyicilərin qarşısına çıxır. "F*ck Love: (Savage)" adlı versiyadan "Without You" mahnısı boy göstərir və geniş kütlənin diqqətini cəlb edir. Mayli Sayrus ilə birgə hazırlanan remiksi "Billboard Hot 100"ün ilk onuna sıxışıb girir. "F*ck Love: Over You" (2021) versiyası isə "Stay" mahnısını dünyaya tanıdır. 2023-cü ildə "The First Time" adlı ilk tam studiya albomu üzə çıxır. Albom "Love Again" sinqlı və Conquk, Sentral Si ilə birgə ifa edilən "Too Much" mahnısı ilə müşayiət olunur. Bununla belə, əsər nə tənqidçiləri coşdurur, nə də satış rəqəmləri baxımından fərqlənir. 2026-cı ildə isə "Before I Forget" ilə yenidən diqqət mərkəzinə düşür. "The First Time" albomunu arxadan dəstəkləyən bu layihə "A Cold Play", "A Perfect World" və "Back When You Were Mine" sinqllarını ehtiva edir.

Erkən illəri 2003-cü il avqustun 17-də Sidneyin cənub qurtaracağındakı Vaterlo (Yeni Cənubi Uels) şəhərində doğulub. Ailəsində Ostin adlı bir qardaşı var. Atası Nik Hovard vaxtilə müğənni kimi ad çıxarmaq arzusuyla Saymon Kouell ilə müqavilə bağlayıb, lakin o yolda çox getməyib və "Bardot" (musiqi qrupu) ilə Delta Qudrem kimi avstraliyalı adların yanında prodüser və səs mühəndisi kimi işə keçib. Anası Sloun Hovard isə musiqi dünyasında menecer və şirkət rəhbəri kimi fəaliyyət göstərib. Aboriginal və Avropa mənşəli olan anası, bir zamanlar "Popstars" müsabiqəsinin qalibi Skott Keynin meneceri olub.

Laroyun ana tərəfdən ulu nənəsinin atası "Oğurlanmış nəsil" adlanan dövrdə zorla ailəsindən qopardılmış Aborigen əsilli uşaqlardan biri olub. Məhz bu əcdad sayəsində o, Qamilaray (ya da Kamilaroy) xalqına mənsubdur və "Laroi" səhnə adını da buradan götürüb.

Hip-hopa olan sevgisi lap uşaqlıqdan meydana gəlib. Anası evdə "Fugees", 2Pac, Lil Veyn və Kanye Vest kimi adların mahnılarını tez-tez qoyardı. Sonralar o, K. Vestin 2008-ci ildə buraxdığı "808s & Heartbreak" albomunun ömründə eşitdiyi ən yaxşı albom olduğunu söyləyib.

Doğma atası onun həyatında tutarlı bir yerə sahib olmadığından, ögey atası zamanla bu boşluğu doldurub.

Etiraf edir ki, mühitində nəsildən-nəslə ötürülən yoxsulluq həlqəsini qırmaq istəyi onu irəlilətməyə sövq edib. Valideynləri dörd yaşında ayrılandan sonra həyatı daha da qeyri-sabit bir hal alır. Yeddi yaşında anası ilə birlikdə Yeni Cənubi Uelsin ucqar Broken-Hill şəhərciyinə köçür, burada qardaşı, nənə-babası və ögey atası ilə yaşayır. Təhsilinə gəldikdə, "Sacred Heart Parish School" özəl məktəbində oxuyur, ev kapitanı olur, natiqlik müsabiqəsindən də mükafatla qayıdır. Sonralar Adelaidadakı "Sacred Heart College"ə keçir. Ancaq burada işlər gözlənilən kimi getmir. Qısnamaya məruz qalır, üstəlik anası da məktəb pullarını verə bilmir. 2017-ci ildə ailə yenidən Sidneyə dönür.

Sidneydə yaşadığı illərdə təqaüd əsasında Avstraliya İncəsənət Qrammatika Məktəbinə qəbul olur. Ancaq doqquzuncu sinifin ortasına çatanda beynəlxalq karyera həvəsi onu məktəbdən uzaqlaşdırır. Aiəsi o vaxtlar Redfern məhəlləsindəki dövlət evlərindən birində qalırdı. 2021-ci ildə bir müsahibədə anasının onun üçün dünyada ən əziz insan olduğunu deyib. Ailəsinin üzləşdiyi maliyyə çətinliklərini aşmaq üçün meyvə dükanında yarım ştat işə düzəlmişdi.

2019-cu ildə "No Jumper" hip-hop podkastı Redfern rayonunda Laroy və onun dövrəsindəkilərlə sənədli film çəkir. Onlar bu ərazini "getto" adlandırırlar. Laroy o vaxtlar Avstraliyadan kənarda özünə yer açmaq üçün nələr etdiyini açıqlayır. Xarici sənətçilərlə əlaqə qurmaq üçün hər fürsəti dəyərləndirirdi. Şəhərə məşhur biri gələndə gedib otelinin qabağında pusqu qurur, musiqisini dinlətməyin ya da içəri düşməyin bir yolunu gözləyirdi. Bu inadı bir gün işə yarayır. Svey Li Avstraliyaya gələndə Laroy bir qız tanışını onun otelə yollayır ki, musiqisini ona çatdırsın. İş alınır. İkisi görüşür, bir müddət sonra isə birgə musiqi yaradırlar.

Şəxsi həyatı 2020-ci il etibarilə Laroy anası və kiçik qardaşı ilə Los-Ancelesdə yaşayır. Sənətçi özünü Avstraliyanın "elçisi" hesab edir və "Triple J"ə verdiyi müsahibədə açıqlayıb ki, Dreykin Toronto və Kanadanı dünya aləminə çıxardığı kimi, o da Avstraliyanı eyni yolla tanıtmaq istəyir.

Laroy uşaqlıq illərinin bir qismini Sidneyin Redfern məhəlləsində keçirib və bu gün həmin bölgəni təmsil edən Milli Reqdbi Liqası klubu "Saut Sidney Rebbitouz"un sadiq azarkeşidir.

Laroy 2020-2023-cü illər arasında "TikTok" ulduzu Katarin Dem ilə sevgili olub. Özü də açıqlayıb ki, onların ayrılığı "The First Time" albomunun bir neçə mahnısına ilham mənbəyi olub. 2024-cü ilin aprelində Laroy kanadalı müğənni Teyt Makrey ilə münasibətdə olduğunu təsdiqləyib. İkisi birgə onun 2025-ci ildəki "So Close to What" albomunda yer alan "I Know Love" mahnısını yaradıb. Cütlük 2025-ci ilin iyulunda ayrı yollara düşüb.

Diskoqrafiya Studiya albomları The First Time (2023) Before I Forget (2026)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Columbia Records artistləri Kateqoriya:ABŞ repçiləri