Podqora — Makarska Rivierasında, Cənubi Dalmasiyada yerləşən kurort qəsəbəsi və eyniadlı icmadır, Xorvatiya. Split-Dalmatiya jupaniyasının tərkibinə daxildir. Podqora Makarska şəhərindən 7 kilometr cənubda və Tuçepi qəsəbəsindən 3 kilometr məsafədə yerləşir.
Tarixi 2001-ci ilin siyahıyaalınmasına görə əhalisi qəsəbənin özündə 1 534 nəfər, mərkəzi Podqora olmaqla icmada isə 2 884 nəfər olmuşdur. Podqora icmasının tərkibinə qəsəbənin özündən başqa, həmçinin məşhur kurortlar olan daha 4 yaşayış məntəqəsi daxildir: Draşnitse, İqrane, Qorni-İqrane və Jivoqosçe.
Makarska Rivieradakı digər yaşayış məntəqələri kimi, Podqora da dəniz sahili ilə Biokovo dağ massivi arasında uzanaraq xeyli dərəcədə sahil boyunca yerləşir. Qəsəbə adını da onun üzərində ucalan dağ yamaclarından almışdır.
Qəsəbənin uzunluğu 1,5 kilometrdən çoxdur. Şimal hissəsində yaxta dayanacaqları və liman yerləşir, cənub hissəsində isə sahilboyu gəzinti yolu çimərliklər boyunca uzanır və mehmanxanalar həmin gəzinti yoluna açılır. Bir qədər yuxarıdan isə Adriatik şossesi keçir.
1831-ci ildə Podqorada Mihovil Pavlinoviç anadan olmuşdur — keşiş, yazışı və siyasətçi, XIX əsr Xorvat milli dirçəlişinin görkəmli xadimlərindən biri. Podqora Yuqoslaviya donanmasının doğulduğu yer hesab olunur — 1942-ci ildə burada Yuqoslaviya partizanlarının ilk dəniz dəstəsi formalaşdırılmışdır.
Bu hadisənin iyirmi illiyi münasibətilə 1962-ci ildə Podqoranın üzərindəki təpədə abidə ucaldılmışdır. Abidə qeyri-rəsmi olaraq "Qağayı qanadları" (Galebova krila) adı ilə tanınır.
Podqora sakinlərinin ənənəvi məşğuliyyəti balıqçılıq və üzümçülük olmuşdur. Hazırda isə qəsəbənin iqtisadiyyatının əsasını turizm təşkil edir. Podqorada 5 otel fəaliyyət göstərir, bundan əlavə çoxsaylı fərdi yerləşdirmə (özəl kirayə mənzil və apartament) imkanları mövcuddur.
Qalereya
İstinadlar
Kateqoriya:Split-Dalmatiya jupaniyasının yaşayış məntəqələri Kateqoriya:Xorvatiya icmaları Kateqoriya:Xorvatiyanın sahilyanı yaşayış məntəqələri