Ayşə Nur Zarakolu (; ) — Türkiyəli insan haqqları müdafiəçisi, jurnalist və naşiri.

Həyat yoldaşı Raqıb Zarakolu ilə birlikdə qurduqları Bəlgə nəşriyyatının dəstəyi ilə təşkil etdikləri konfranslarda ümumilikdə "Türkiyədəki azlıqlar" məsələsini müzakirə ediblər. Bununla bağlı olaraq onlara qarşı 50-dan çox məhkəmə işi açılıb. O, təsis edildiyi vaxtdan etibarən, 1986-cı ildən İnsan Hüquqları Assosiasiyasının fəaliyyətində böyük rol oynayıb. Həyat və fəaliyyəti Ayşə Nur Zarakolu 1946-cı ildə Antakyada anadan olub. O, tarix müəllimi Muhittin Sarısözən, ingilis dili müəllimi və tərcüməçi Lamiyə Çataloğlunun qızı olub. Ata tərəfdən babası xalq şairi Kamal Sarısözən, ana tərəfdən babası isə 40 yaşında hüquq təhsili alan və 80 yaşına qədər hüquq fəaliyyəti ilə məşğul olan mayor Şevki Çataloğlu olub.

O, İstanbul Universitetinin Hüquq fakültəsində ali təhsil almağa başlasa da, konstitusiya vəkili Orxan Aldıkaçtı ilə Türkiyə Cinayət Məcəlləsinin 141 və 142-ci maddələri ilə bağlı mübahisəsi üzündən təhsilini yarımçıq buraxmalı olur. Təhsilini İstanbul Universitetinin Ədəbiyyat fakültəsində davam etdirib.

Tələbəlik illərindən siyasətlə fəal məşğul olan Ayşə Nur Türkiyə İşçi Partiyasının gənclər şöbələrində və "Yol-İş" həmkarlar ittifaqında çalışıb. Türkiyə İnqilabçı Gənclik Federasiyasının fəallarından olan Ayşə Nur İdeya Klubları Federasiyasının yaradılmasında da böyük rol oynayıb.

1968-1969-cu illərdə Varlıq nəşriyyatında çalışıb. 1970-1977-ci illər arasında İstanbul Universitetinin İqtisadiyyat fakültəsində "Maliyyə İnstitutu Kitabxanası"na rəhbərlik edib.

1975-ci ildə o, "İnqilablar və Əksinqilablar Ensiklopediyası" üçün bir neçə məqalənin müəllifidir. Həyat yoldaşı Raqıb Zarakolu ilə birlikdə 1977-ci ildə "Bəlgə nəşriyyatını" təsis edib. 1979-cu ilin sonlarında nəşrə başlayan "Demokrat" qəzetində o, Türk işçi sinfinin tarixi haqqında araşdırmasını dərc etdirib. Məqalələri "Türkiye sorunları" və "Yeni ülke" jurnallarında dərc olunub. 1981-ci ildə, Ankarada ən böyük səhmdarının həbsindən sonra, Cemmay Kitab Paylama şirkətinin rəhbərliyini öz üzərinə götürürərək 1988-ci ilə qədər şirkəti idarə edib.

Mete Tunçayın Türkiyə Kommunist Partiyasının tarixi haqqında 1982-ci ildə Belge nəşriyyatı tərəfindən nəşr olunan "Köhnə Solçular haqqında yeni məlumatlar" kitabı qadağan edildi. Kitabın naşiri Ayşə Nur Zarakolu 1982-ci ildə bütün nüsxələri çatdırmadığına görə hərbi rejim tərəfindən, 1984-cü ildə isə dissident kitablarını yayımına görə mülki rejim tərəfindən həbs edildi. Məhkəmə prosesləri bəraət hökmü və ittihamların ləğvi ilə başa çatdı.

1990-1997-ci illərdə ona qarşı olan məhkəmə iddialarının sayı otuzu keçmişdi. O, 1994 və 1996-cı illərdə iki dəfə beş aylıq həbs cəzasına məhkum edilib və siyasi hüquqları ləğv edilib. Siyasi hüquqları ləğv edilməzdən əvvəl o, Demokratiya Partiyasının və Xalq Demokratiyası Partiyasının partiya şuralarında çalışıb.

1997-ci ildə The New York Times qəzeti Zarakolunu "Türkiyənin senzura qanunlarına meydan oxuyanlardan biri" kimi təsvir edib.

O, Anadolu və Aralıq dənizi ədəbiyyatı ilə bağlı əsərlərini "Mare Nostrum" adı altında nəşr etdirib və yaradıcılığında yunan ədəbiyyatına yer verdiyinə görə 1999-cu ildə Yunanıstanda Abdi İpekçi Komitəsi tərəfindən "Türk-Yunan Sülh və Dostluq" mükafatına layiq görülüb.

O, 28 yanvar 2002ci ildə xərçəng xəstəliyindən İstanbulda vəfat edib.

Mükafatları (1995) Türkiyə Naşirlər Birliyi tərəfindən "Düşüncə və İfadə Azadlığı" mükafatına layiq görülüb; (1996-1997) 1996-cı ildə "Human Rights Watch" təşkilatının, 1997-ci ildə "American PEN" təşkilatının "Hellman/Hammett" mükafatına layiq görülüb; (1998) Dünya Naşirlər Birliyinin "Düşüncə, Yazı və Nəşr Azadlığı" mükafatına layiq görülüb. (1999) Yunanıstanda Abdi İpekçi Komitəsi tərəfindən "Türk-Yunan Sülh və Dostluq" mükafatına layiq görülüb.

İrsi 2002-ci ildən bəri İnsan Hüquqları Assosiasiyası hər il 9 mayda onun şərəfinə təsis edilmiş "Düşüncə və İfadə Azadlığı" mükafatını təqdim edir. Həmçinin bax Raqıb Zarakolu İstinadlar