"Sarıqışlaq" su-elektrik stansiyası — Azərbaycan Respublikasının Zəngilan rayonunda, Oxçuçay üzərində yerləşən su-elektrik stansiyası. Stansiya "AzərEnerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa edilmiş və yaşıl enerji zonası konsepsiyası çərçivəsində istismara verilmişdir.
Tarixi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 may 2024-cü ildə "AzərEnerji" ASC-nin Zəngilan rayonunda "Sarıqışlaq" su-elektrik stansiyasında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Tikinti çərçivəsində yeni stansiya binası inşa edilmiş, maşın zalı, aqreqatlar, generatorlar, idarəetmə panelləri, rele mühafizəsi və məsafədən idarəetmə sistemləri quraşdırılmışdır. "Şayıflı" Kiçik su-elektrik stansiyasından çıxan suyun "Sarıqışlaq" su-elektrik stansiyasına ötürülməsi üçün 5239 metr uzunluğunda derivasiya borusu çəkilmişdir. Turbinlərdən keçən suyun itkisiz şəkildə "Zəngilan" Kiçik su-elektrik stansiyasına ötürülməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 oktyabr 2024-cü ildə Zəngilan rayonunda "AzərEnerji" ASC-nin "Sarıqışlaq" su-elektrik stansiyasının açılışında iştirak etmiş və stansiyanı işə salmışdır.
Texniki xüsusiyyətlər Stansiya Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşir və qoyuluş gücü 10,5 meqavat təşkil edir. İl ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu göstərici 7,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə və 13 min ton karbon qazı emissiyasının qarşısının alınmasına imkan verir.
Maşın zalında çayda su səviyyəsi azaldıqda avtomatik dayanan iki ekoturbin quraşdırılmışdır. Bu turbinlər Oxçuçayın ekoloji axımından iki dəfə artıq suyun çay məcrasında saxlanılmasını təmin edir.
İnfrastruktur "Sarıqışlaq" su-elektrik stansiyasının daxil olduğu Zəngilan silsiləsi işğaldan azad edilmiş ərazilərdə yaradılmış ən iri su-elektrik stansiyaları silsilələrindən biridir. Yerli mütəxəssislər tərəfindən layihələndirilən bu stansiyalar ölkənin enerji sisteminə inteqrasiya olunmuşdur və istehsal edilən enerjinin bir hissəsi daxili tələbat üçün istifadə edilir, artıq hissə isə ümumi enerji şəbəkəsinə ötürülür.
"Sarıqışlaq" su-elektrik stansiyası Oxçuçayın üzərində kaskad üsulla tikilən və ümumi gücü 42 meqavat olan Zəngilan su-elektrik stansiyaları silsiləsinə daxildir. Bu silsiləyə "Cahangirbəyli", "Şayıflı", "Zəngilan" və "Sarıqışlaq" su-elektrik stansiyaları daxildir. Digər stansiyalar mərhələli şəkildə istismara verilmişdir.
Stansiyada tikinti və montaj işləri normativ tələblərə uyğun aparılmışdır. Ekoloji tarazlığın qorunması məqsədilə xüsusi qurğular quraşdırılmış, baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmışdır. Derivasiya borularından çıxan suyun itkisiz şəkildə yenidən çaya buraxılması təmin edilmişdir.
"Sarıqışlaq" su-elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu inşa edilmişdir. Bu qurğu həm "Sarıqışlaq", həm də "Şayıflı" su-elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin ölkə enerjisisteminə ötürülməsini təmin edir. Stansiya rəqəmsal avadanlıqlarla təchiz edilmiş və avtomatik idarəetmə sistemi ilə təmin olunmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Zəngilan rayonu