“Suqovuşan” Kiçik Su Elektrik Stansiyaları — Azərbaycan Respublikasının Ağdərə rayonunda, Suqovuşan qəsəbəsi ərazisində yerləşən və “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yenidən qurulmuş iki su elektrik stansiyasından ibarət hidroenerji obyektləri kompleksi. Kompleksə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyaları daxildir.

Tarixi “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyaları ciddi zərər gördüyü üçün uzun müddət istismara yararsız vəziyyətdə olmuşdur. Aparılan bərpa və yenidənqurma işlərindən sonra stansiyaların açılışı Tərtər rayonunda keçirilmiş mərasim çərçivəsində baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Texniki xüsusiyyətlər

Suqovuşan-1 Suqovuşan-1 Kiçik Su Elektrik Stansiyası 4,8 meqavat qoyuluş gücünə malikdir. Stansiyada aparılan yenidənqurma işləri çərçivəsində maşın zalı, hidroaqreqatlar, generatorlar, idarəetmə panelləri və avadanlıqlar tam şəkildə yenilənmişdir. Stansiyada il ərzində təxminən 13,8 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Suqovuşan-2 Suqovuşan-2 Kiçik Su Elektrik Stansiyası 3 meqavat qoyuluş gücünə malikdir. Yenidənqurma işləri zamanı bu stansiyanın da maşın zalı və texnoloji avadanlıqları bərpa edilmiş, stansiyalararası elektrik verilişi xətləri yenilənmişdir. Burada il ərzində təxminən 8,7 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Hər iki stansiyanın ümumi qoyuluş gücü 7,8 meqavatdır. Yenidənqurmadan sonra “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyaları istismara verilmiş və istehsal olunan elektrik enerjisi paylayıcı şəbəkə vasitəsilə ətraf ərazilərə ötürülmüşdür.

İstehsal göstəriciləri Yenidənqurmadan sonra “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında 2022-ci ilin sentyabr ayınadək 13 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan su-elektrik stansiyaları Kateqoriya:Suqovuşan (Ağdərə)